28 
İyn
2019
13:25
65
115
1828
Virtual karabakh

Belarusdakı azərbaycanlılar, əsasən, ticarətlə məşğuldurlar - Səfirlə müsahibə

Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov II Avropa Oyunları barədə təəssüratlarını bölüşüb.

Səfir Oxu.Az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşına müsahibə verib.

- II Avropa Oyunları necə keçir?

- Avropa Oyunlarının gedişi bizi sevindirir. Önəmli olan budur ki, Azərbaycanda başlayan proses özünün davamını tapıb. Keçən günlər ərzində insanların bu idman yarışlarına marağının yüksək olduğunu gördük. Bu o deməkdir ki, Bakıda başlayan ənənə davam edəcək. Ən önəmli olan da budur. Narahat dünyamızda sülhə, bərabərliyə, qardaşlığa böyük ehtiyac var. İdman sülhün carçısı və təmsilçisidir. Ona görə də Bakıda başlayan və cənab Prezident İlham Əliyevin başlatdığı ənənənin uğurla davam etməsi bu nöqteyi-nəzərdən bizi çox sevindirir. 

- Minskdə 20 iyunda Azərbaycan günü keçirildi...

- Bu ənənə, fan-zonadakı konsert proqramı Azərbaycanla start götürdü. Tünzalə Ağayeva ölkəmizi yüksək səviyyədə təmsil etdi. Bizim çadırımız burada son günlərdə görünən çadırların arasında ən çox fərqlənən və daha çox özünə iştirakçı cəlb edəni idi. Azərbaycanın çox sayda şirniyyat məhsulları, mədəniyyət və incəsənət nümunələri həmin çadırda nümayiş olundu. Bu baxımdan buradakı yerli vətəndaşları və əcnəbiləri özünə cəlb etdi. Bu, xalqımız haqqında yetərincə təsəvvür yaratmağa imkan verirdi.

- II Avropa Oyunlarının Əməliyyat Komitəsində çalışan azərbaycanlılar da var. Bizim təcrübəmiz onlara nə qədər fayda verir?

- Biz Bakıdakı təcrübəmizi yarışlar başlayana qədər belaruslularla bölüşdük. Onlar da bizə çox minnətdar olduqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycan bizə mümkün olan hər bir dəstəyi verdi. Azərbaycandan gələn xüsusi qrup var idi. Həmin təşkilati məsələlərdə yaxından kömək göstərdilər.

Azərbaycandan Minskə çox sanballı nümayəndə heyəti gəlmişdi. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov iştirak etdilər. Baş nazirin I müavini Yaqub Eyyubov da burada idi.

Burada bizim Milli Olimpiya Komitəsinin vitse-prezidenti iştirak edir. MOK-dan xüsusi heyət də qatılmışdı. Azərbaycan Velosiped İdmanı Federasiyanın vitse-prezidenti Sahib Ələkbərov da Minskdə idi. O, Avropa təşkilatının rəhbər üzvlərindən biri kimi burada müşahidə prosesində iştirak edirdi.

Belarus tərəfi də minnətdarlıq bildirdi ki, biz hər bir mərhələdə, həm Oyunların açılışında, həm də hazırlıq mərhələsində və gedişində onlara yaxından kömək etdik. Bu da təbiidir. Çünki bizim dövlətlərimiz arasında son dərəcə qardaşlıq və dostluq münasibətləri var.

Düşünürəm ki, Azərbaycan idmanı düzgün yoldadır və inkişaf edir. Bizim beynəlxalq aləmdə nüfuzumuz artır. Mədəniyyət, incəsənət və idman dünyada ölkələrin nüfuzunu müəyyənləşdirən düzgün istiqamətdir. Ölkəmizdə aparılan siyasət də məhz buna xidmət edir.

- Belarusda nə qədər azərbaycanlı var və onların bu yarışa marağı necədir? Ümumiyyətlə, onlar, əsasən, hansı sahədə fəaliyyət göstərirlər?

- Rusiyadakı qədər deyil. Rəsmi qeydiyyatda olan üç mindir. Qeyri-rəsmi isə 8-10 min nəfər azərbaycanlı yaşayır. Əsasən, ticarət sahəsində çalışırlar.

- Yüksək vəzifədə işləyənlər varmı? 

- Bəli, bir neçə nəfər. Tikinti və ticarət sahələrində yüksək vəzifələrdə çalışanlar var. Lakin onlar azlıq təşkil edir.

- Belarus Güləş Federasiyanın prezidenti azərbaycanlıdır...

- Azərbaycan diasporunun başçısı Natiq Bağırov dünya çempionumuzdur. Belarus Güləş Federasiyanın prezidenti Kamandar Məcidovdur. Bunlar hamısı qürurvericidir...

- Uzun müddət Belarusda yaşamış kikboksçumuz Zabit Səmədovu da qeyd etmək olar.

- Bəli. O, buradakı idmançı karyerasını bitirdi və Bakıya döndü. Cənab Prezident tərəfindən ona dəstək verildi. Öz məktəbini açdı. Düşünürəm ki, burada kifayət qədər tanınmış azərbaycanlılar var. Onlar burada sülhsevər, zəhmətkeş və çalışqan bir millət kimi tanınırlar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri