21 
Avq
2019
15:40
82
47
4425
Virtual karabakh

Qurban Qurbanovun irland həmkarı - Azərbaycanı vacib qələbədən məhrum edib

"Qarabağ" sabah Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Linfild" klubu ilə ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun qarşı tərəfdəki həmkarı Deyvid Hilinin Azərbaycanla bağlı maraqlı məqamı var.

Şimali İrlandiya çempionunun 40 yaşlı baş məşqçisi yeddi il əvvəl Azərbaycanı vacib səfər qələbəsindən məhrum edən qola imza atıb. Belə ki, dörd illik fasilədən sonra Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O'Nil veteran hücumçunu yığmaya qaytarır. "Uindzor Park"da keçirilən görüş 2012-ci il noyabrın 14-də baş tutub. Gözlənilənin əksinə olaraq, o vaxt "Qarabağ"da çıxış edən hücumçumuz Rauf Əliyevin 5-ci dəqiqədə vurduğu möhtəşəm qolla millimizi hesabda önə çıxır.

Meydan sahibləri təzyiqə baxmayaraq, əsas vaxtda qapımıza qol vura bilmir. Hamı artıq Berti Foqtsun rəhbəri olduğu yığmamızın qələbə qazanacağını düşündüyü anda Hili meydana çıxır.

Əvvəlcə baş hakim görüşə altı dəqiqə əlavə edir. Oyuna əlavə olunmuş dəqiqələrdə futbolçumuz Elhad Nəzirinin mübahisəli qayda pozuntusundan sonra qapımız istiqamətinə cərimə zərbəsi təyin olunur. 33 yaşlı Hili isə 90+6-cı (sonuncu) dəqiqədə qapıçı Səlahət Ağayevin qurduğu "canlı çəpər"in üstündən yox, kənarından yerlə qapıya qol vurur.

Bununla da, Azərbaycan millisi səfərdən tarixi qələbənin astanasından dönür. Bu, bir il sonra futbolçu karyerasını başa vuran Hilinin Şimali İrlandiya millisində sonuncu (36-cı) qolu kimi tarixə düşür.

Qeyd edək ki, sabah "Qarabağ" da "Linfild"lə 18 minlik həmin stadionda oynayacaq. Yeddi il əvvəlki görüşdə millimizin heyətində olmuş Rəşad Sadıqovla Maksim Medvedev Deyvid Hili ilə indi "Qarabağ"ın futbolçusu kimi üz-üzə gələcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri