21 
Sen
2019
18:43
464
47
9696
Virtual karabakh

İki güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı - YENİLƏNİB

Sərbəst güləşçimiz Cəbrayıl Həsənov (79 kq) slovakiyalı Taymuraz Salkazanova qalib gələrək dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə təmsilçimizin rəqibi ABŞ idmançısı Kayl Deyk olacaq.

Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) da finala vəsiqə qazanıb. Güləşçimiz yarımfinalda ABŞ təmsilçisi Kayl Snayderi məğlub edərək həlledici görüşə yüksəlib. Dünya çempionluğu uğrunda görüşdə Ş.Şərifov rusiyalı Abdulraşid Sadulaev ilə üz-üzə gələcək.

Final görüşləri sentyabrın 22-də keçiriləcək.

14:00

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Oxu.Az xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov (-61 kq) sensasiyaya imza ataraq kubalı dünya çempionuna 7:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub – 13:12.

Cəbrayıl Həsənov (-79 kq) da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini 7:0 hesabı ilə yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da 13:4 hesabı ilə devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Olimpiya mükafatçımız, ötən ilin dünya ikincisi, üçqat Avropa çempionumuzun rəqibi Slovakiyanı təmsil edən Teymuraz Salkazanovdur.

Aleksandr Qostiyev (-86 kq) ilk görüşdə Özbəkistan idmançısına məğlub olub – 1:4.

Şərif Şərifov (-97 kq) təsnifat mərhələsində Koreya güləşçisini 11:4 hesabı ilə üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək (4:0) adını 1/4 finala yazdırıb.

Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbəy Alborova qalib gəlmiş gürcü Elizbar Odikadzeni 6:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Onun yarımfinaldakı rəqibi Olimpiya, ikiqat dünya çempionu olmuş amerikalı Kayl Snayderdir.

Dağıstanlı legionerimiz Şərif Şərifov dünya çempionu olmuş Mariya Stadnikdən sonra Olimpiadaya vəsiqə qazanan ikinci güləşçimiz olub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 14:45-də başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq.   

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri