27 
Noy
2019
16:45
38
94
8480
Virtual karabakh

Həbibin MMA-da ilk döyüşü azərbaycanlıya qarşı olub: Bu, Xamiz Məmmədov deyil - VİDEO

27 Noy, 2019
16:45
8480

Həbibin MMA-da ilk döyüşü azərbaycanlıya qarşı olub: Bu, Xamiz Məmmədov deyil - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC-nin yüngül çəkidə məğlubedilməz çempionu Həbib Nurməhəmmədov peşəkar MMA-da 2008-ci ildən bu yana 28 görüş keçirib.

Oxu.Az xəbər verir ki, bütün görüşlərdə qalib gələn avar əsilli idmançı ilk çempionluğunu ötən ilin aprelin 7-də qazanıb.

O, Nyu-Yorkun Bruklin bölgəsində keçirilən UFC-223 görüşündə yerli idmançı Al Ayakvintanı məğlub edərək yüngül çəkidə bu turnirin çempionu olub. Həbib daha sonra ötən ilin oktyabrın 6-da Las Veqasda (UFC-229) irlandiyalı Konor Makqreqoru məğlub etməklə titulunu qoruya bilib.

Bu ilin sentyabrın 7-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə (UFC-242) amerikalı Dastin Puaryeyə qalib gəlməklə ikinci dəfə bu titulu özündə saxlamağı bacarıb.

Daha əvvəl Həbib Nurməhəmmədovun iki dəfə bu ilin yanvarında Sabunçudakı xəstəxanada dünyasını dəyişmiş Xamiz Məmmədovla döyüşdüyünü bildirmişik. Bu döyüşlərin biri 2007-ci ildə Dağıstanda keçirilən sambo üzrə açıq çempionat çərçivəsində baş verib.

Döyüş sambosu üzrə keçirilən görüşdə Xamiz 19 yaşlı Həbibə qalib gəlib. Lakin tərəflərin MMA-da ilk döyüşü 2011-ci ilin avqustun 5-də olub. Rostov yaxınlığında Don çayı üzərində gəmidə keçirilmiş bu görüş ProFC-30 turniri çərçivəsində baş tutub. Dağıstanlı idmançı birinci raundun 3-cü dəqiqə 15-ci saniyəsində Məmmədovu boğma fəndi ilə məğlub edib.

Lakin bəlkə də, çoxları bilmir ki, dünya şöhrətli idmançının qarşılaşdığı yeganə azərbaycanlı Xamiz Məmmədov deyil. Belə ki, Həbib Nurməhəmmədov peşəkar MMA-da ilk döyüşünü də məhz azərbaycanlıya qarşı keçirib.

Həmin şəxs Vüsal Bayramovdur. “CSFU: Çempionlar Liqası” adlanan turnirdə döyüş sambosu (combat sambo) və MMA yarışı keçirilib. Ukraynanın Poltava şəhərində olmuş bu görüş 2008-ci ilin sentyabrın 13-də baş tutub. Maraqlıdır ki, döyüş oktaqonda yox, rinqdə olub. 

Daha bir maraqlı məqam ondan ibarətdir ki, hər iki idmançı peşəkar MMA-da debütünü məhz bu görüşdə edib. İdmançımız rəqibinə çətin anlar yaşatsa da, birinci raundun 2-ci dəqiqə 20-ci saniyəsində Həbibin sevdiyi boğulma fəndinə düşüb.

Hətta bundan sonra Vüsalın dili qatlanıb. Lakin həkimlərin müdaxiləsindən sonra Bayramovu özünə gətirmək mümkün olub. Bundan sonra Həbib Vüsalı çiyni üzərinə qaldıraraq ona təskinlik verib.

Bəs Vüsal Bayramov kimdir? İnternet mənbələrində onun haqda çox məlumata rast gəlmək mümkün deyil. Bizə məlum olan odur ki, Vüsal (-75 kq) 2008-ci ildə 20-23 noyabr tarixlərində keçirilmiş yeniyetmələr arasında universal döyüş üzrə dünya çempionatının qalibidir. Yəni o, 16-18 yaşlı yeniyetmələr arasında dünya çempionu olmamışdan qabaq məhz Həbiblə döyüşüb.

Uşaqlıqda karate ilə məşğul olmuş Vüsalın MMA karyerası uğurlu alınmayıb. O keçirdiyi yeddi görüşdən yalnız ikisində qalib gələ bilib. O, 2011-ci ilin martın 5-də rusiyalı Nikolay Kauşanskiyə uduzduqdan sonra bir daha MMA-da yarışa çıxmayıb.

Onun haqda son məlumat 2015-də “Çempion” döyüş klubunu işlətməsidir. Həmçinin həmin il prezidenti Kənan Məmmədov olan Azərbaycan MMA Liqasında yeniyetmə və gənclərə məşq keçdiyi, həmçinin, hakimlik etdiyi bildirilir. Məhz həmin liqada mərhum Xamiz Məmmədov da məşq keçib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri