10 
Dek
2019
13:42
74
17
5312
Virtual karabakh

Rusiyalı deputat, Olimpiya çempionu azərbaycanlı valideynlərə məsləhət verdi - MÜSAHİBƏ

10 Dek, 2019
13:42
5312

Rusiyalı deputat, Olimpiya çempionu azərbaycanlı valideynlərə məsləhət verdi - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə yaxınlarda səfərdə olan qonaqlardan biri də Rusiyanın Novosibirsk vilayətinin Qanunverici Məclisinin deputatı Yevgeni Podqornı idi. 

Oxu.Az həm də idman gimnastikası üzrə Olimpiya və ikiqat Avropa çempionu olan rusiyalı qonaqdan müsahibə götürüb.

– Buraya gəlişinizin səbəbi nədir?

– Azərbaycanla əla, dost münasibətlərimiz var. Birinci dəfə deyil ki, Azərbaycana gəlirəm. Artıq altı ildir ki, mən sizin ölkəyə səfər edirəm. Altı il əvvəl ad günümü burada keçirmişəm. Çox qonaqpərvərsiniz. Təbii ki, bura daha tez-tez gəlməyi istərdim. Burada olanda gimnastika zallarına baş çəkirəm, sabiq idmançı kimi uşaqlarla söhbət edirəm. Onlarla söhbət məndə müsbət emosiyalar formalaşdırır.

– Deməli, tez-tez buraya gəlirsiniz...

– Sonuncu dəfə Azərbaycanda yayda olmuşdum. Daha çox gimnastika yarışları ilə bağlı Bakıya gəlirəm. Məsələn, Avropa Oyunları zamanı burada idim. Həmçinin, kikboksinq tədbiri ilə də bağlı Bakıda olmuşam. Onda Zabit Səmədovun döyüşü var idi. Həmçinin, karateçiniz Rafael Ağayevlə münasibətim var. Bir sözlə, işlərimdən vaxt tapan kimi dərhal Bakıya uçuram (gülür). 

– Rusiyadan Azərbaycan gimnastikası necə görünür?

– Deyərdim ki, Azərbaycan gimnastikasının inkişafı üçün əla şərait yaradılıb. Bəlkə də digər ölkələrdə belə infrastruktur yoxdur. İndi nəticələr də hiss olunmaqdadır. İstərdim ki, özünüzün gimnastika sahəsində əla mütəxəssisləriniz yetişsin. O zaman nəticələr də çoxalacaq.

– Azərbaycanda gimnastika deyiləndə daha çox bədii gimnastika yada düşür. Ona görə də gimnastikaya bizdə daha çox qız idman növü kimi yanaşılır. Bu düşüncə tərzini dəyişdirmək üçün nə etmək lazımdır?

– Bu məsələlər inkişafla düzələn şeylərdir. Rusiyada bu baxımdan gimnastikanın növləri bölünüb. Bədii gimnastika, idman gimnastikası, batutla tullanma və idman akrobatikası ayrı-ayrı idman növləri kimi inkişaf etdirilir. Gimnastikanın bu növlərinin hamısının ayrı-ayrı federasiyaları var. Üstəlik, regionlarda gimnastikanın hər bir növü üzrə mərkəzlər fəaliyyət göstərir...

Yeri gəlmişkən, həm də bir siyasətçi kimi bilirəm ki, Rusiya Prezidenti Vladimir Putin avqustda Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib və noyabrda bu mükafat ona verilib. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirəm.

Həmin orden Rusiya – Azərbaycan dostluq əlaqələri baxımından çox vacibdir. Mehriban xanım həm də, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Sevindirici haldır ki, gimnastika idman növünə dövlət səviyyəsində dəstək olunur, inkişaf etdirilir. Bu çox vacib məsələdir.

– Bəzən deyirlər ki, Rusiyada uşaqları gimnastikaya hələ dörd ayı tamam olanda gətirirlər. Amma siz müsahibələrinizdən birində demisiniz ki, altı yaşınız olanda gimnastika ilə məşğul olmağa başlamısınız. Bu, gec deyildi ki?

– Gimnastikaya məni altı yaşımda gətirmişdilər, amma yeddi yaşımdan götürüldüm... Rusiyada artıq 3 yaş yarımdan uşaqları gimnastikaya götürməyə başlayıblar. Çünki gimnastika inkişaf edir. Özümə gəlincə, məncə, yeddi yaşda götürülməyim yaxşı yaş dönəmi idi. İdman gimnastikası indi çox çətinləşib. 

Uşaqların idman gimnastikasını, onun çoxsaylı elementlərini qavraması, gərginliyinə dözməsi üçün daha erkən yaşlardan başlaması zərurətə çevrilib. Onların dartınması və güclərinin əlaqələndirilməsi lazımdır. Novosibirskdəki gimnastika kompleksində bəlli yaşlılar üçün xoreoqrafiya öyrədilir, daha sonrakı yaşlarda digər elementlərin öyrədilməsinə üstünlük verilir.

– Konkretləşdirsək, övladlarını gimnastikaya yazdırmaq istəyən azərbaycanlı valideynlərə hansı məsləhətləri verərdiniz?

– Bayaq dediyim kimi, üç-beş yaşdan artıq uşaqları gimnastikaya yazdırmaq lazımdır ki, onlar zala öyrəşsinlər. Birmənalı şəkildə deyə bilərəm ki, 10 yaş artıq gimnastika üçün çox gec sayılır. Valideynlərə məsləhətim o olardı ki, uşaqları gimnastikaya erkən yaşlarda yazdırmaqdan çəkinməsinlər.

Qorxmasınlar ki, onlar zədələnə bilər. Əksinə, gimnastika onların sonrakı karyeralarında zədə almaq imkanlarını məhdudlaşdırır, onların immunitetini gücləndirir və əzələlərini inkişaf etdirir.

– Olimpiada və Avropa çempionatında qızıl medallarınızı komanda şəklində qazanmısınız. Amma fərdi şəkildə qızıl medallarınız yoxdur. Bunun səbəbi nədir?

– Bizdə komanda şəklində medal qazanmaq daha çox önəm kəsb edirdi. Çünki ölkəni – Rusiya millisini təmsil edirdik. Məsələn, 1996-cı ildə qazandığım Avropa çempionatının gümüş medalını fərdi şəkildə – sərbəst hərəkətlərdə qazanmışam. Biz daha çox komanda şəklində güclü idik və bu halda qızıl medal qazanmağa üstünlük verirdik. Komanda şəklində isə aparıcı üzv kimi mən çıxış edirdim.

– Yenə müsahibənizdən bir sitat gətirəcəyəm. Demişdiniz ki, idmançı olduğunuz müddətdə sizə ABŞ və Avstraliyadan yüksək məbləğdə təklif vardı. Amma siz Novosibirskdə, Rusiyada qalmağa üstünlük verdiniz. Sirr deyilsə, sizə nə qədər maaş təklif edirdilər ki?

(gülür) Hazırda bu məbləği xatırlamıram. Çünki bu çoxdan olub. Amma kifayət qədər yüksək məbləğ, yaxşı müqavilə təklif etmişdilər. Onlar idmanı bitirdikdən sonra orda məşqçi işləməyimi də nəzərdə tutmuşdular. Həqiqi sözümdür ki, məbləği xatırlamıram.

Amma deyə bilərəm ki, bu təklif 1996-cı il Atlanta Olimpiadasında qızıl medal qazandıqdan sonra gəlmişdi. Rusiya adından çıxış etməyə qərar verib, dörd il sonrakı Sidney Olimpiadasında da bürünc medal qazandım.

– Belə çıxır ki, Rusiyanın idman gimnastikasında ABŞ və Avstraliyadakından az pul verirlər?

– Yox. Bilirəm ki, ölkəmdə Olimpiya mükafatçılarına kifayət qədər yüksək məbləğ verilir. Məsələn, biz Olimpiya çempionu olanda dövlət tərəfindən bizə 50 min dollar verilmişdi. Həmçinin, regiondan çıxan idmançılara 30 min dollar və ömürlük Olimpiya təqaüdü yazılırdı...

Yeri gəlmişkən, bir ara karyeramı bitirdikdən sonra idmandan aralanmışdım. Amma mənə dəstək olan dostlarımdan biri də azərbaycanlı İlyas Xəlilov oldu. Onun sayəsində yenidən gimnastikaya qayıtdım. Novosibirskdə böyük gimnastika məktəbi açdım. Onun oğlanları – Əli və Hüseyn tez-tez orda çıxış edirlər.

Onu da bildirim ki, onların uğurlarında da atalarının çox böyük əziyyəti var. Əlidə gimnastika məktəbi keçdiyi elementləri mükəmməl icra etməsindən hiss olunur. Hüseyn isə fiziki cəhətdən möhkəmdir. Belə uşaqların uğurları təkcə valideynlərinin yox, həm də məşqçilərinin ayağına yazılmalıdır. Ona görə də əvvəldə demişdim ki, çox istərdim ki, Azərbaycanda idman gimnastikası üzrə yerli mütəxəssislərin sayı çoxalsın.

– Sizin oğlunuz isə gimnast yox, futbolla məşğul olur. Nə əcəb?

– Əvvəl onu idman gimnastikasına qoymuşdum. 2,5 il orda məşq etdi. Amma gördüm ki, nəticələri yaxşı deyil və özündə o qədər də bu idmana istək yoxdur. Zala gedəndə görürdüm ki, orda yoxdur. Məşqçidən soruşuram ki, o hardadır?

Sən demə, o məni görən kimi gizlənibmiş. Məşqçi deyir ki, oğlum guya mənim sözümü çatdıraraq deyib ki, hazırlıq keçməsin, yalnız batutda tullansın. Halbuki mən elə deməmişdim (gülür). O özü üçün “Sibir” klubunda futbolla məşğul olur. 16 noyabrda 18 yaşını qeyd etdik.

– 2005-ci ildən Novosibirskdə deputatsınız. Soruşmaq istəyirdim ki, bizim deputatlardan kiminləsə əlaqəniz yoxdur?

– İdmanla bağlı olanları ilə var. Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Karate-Do Federasiyaları Assosiyasının rəhbəri Ülvi Quliyevlə münasibətlərim var. Adil Əliyevin Bakıda keçirdiyi kikboksinq turnirinə mənimlə bərabər biatlon üzrə Olimpiya çempionu da qonaq kimi tribunadan baxırdı.

– Qeyd etdiniz ki, Azərbaycana çox tez-tez gəlirsiniz. Azərbaycan təamları ilə aranız necədir?

– Bütün xörəkləriniz üçün ürəyim gedir. Ət yeməkləriniz, kabablarınız mükəmməldir. Novosibirskə qayıdanda idman zalına artıq kilo ilə girirəm (gülür). Azərbaycan mətbəxi çox xoşuma gəlir.

Səbuhi Musayev
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri