20 
May
2020
13:21
16
58
1733
Virtual karabakh

“FIFA20 Milli Liqası”nın ilk çempionu Cavid Qurbanovun “Nakhchivan Alinja Tower”i oldu - FOTO

20 May, 2020
13:21
1733

“FIFA20 Milli Liqası”nın ilk çempionu Cavid Qurbanovun “Nakhchivan Alinja Tower”i oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın FIFA20 üzrə ilk rəsmi ölkə liqası olan “FIFA20 Milli Liqası” yarışı başa çatıb.

Oxu.Az xəbər verir ki, aprelin 20-də start verilən, 20 komandanın qatıldığı və 29 gün davam edən çempionluq marafonuna 38 turdan sonra yekun vurulub.

“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də “Topaz”ın birgə təşkil etdiyi, ümumi mükafat fondu 17 min manat olan yarışda kiberfutbol üzrə ölkənin ən təcrübəli idmançıları güclərini sınayıb. İlk dövrədən sonra baş tutan iki günlük transfer pəncərəsi isə bəzi klubların daha da güclənməsinə gətirib çıxarıb.

Futbol azarkeşlərini pandemiya dövründə darıxmağa qoymayan “Milli Liqa” həm də kiberidmanın vətənimizdə nə qədər inkişaf etdiyini göstərib. Televiziya tamaşaçılarına “İdman TV”, internet istifadəçilərinə isə @glahub “Twitch” kanalı vasitəsilə təqdim olunan turnirin bütün qarşılaşmaları “İdman TV”nin şərhçiləri tərəfindən daha da həyəcan qazanıb. İldə dörd mövsümün keçirilməsi nəzərdə tutulan “FIFA20 Milli Liqası” izləyicilərinə hələ çox həyəcan yaşadacaq. İndi də yekun nəticələr və mövsümün qəhrəmanları ilə tanış olaq.

 
 
Çempionatın elə ilk turlarından liderliyi ələ keçirən və gücünü göstərən Cavid Qurbanov bu yeri sona qədər əlində saxlamaya bilib. Turnirin favoritlərindən olan 21 yaşlı Cavid və təmsil etdiyi “Nakhchivan Alinja Tower” rəqiblərinə cəmi bir dəfə boyun əyib, altı dəfə sülhə razılıq verdiyi halda, 31 matçda qələbəni bayram etməyi bacarıb. Bu göstərici ilə ümumilikdə 99 xal toplayan Naxçıvan təmsilçisi liqanın ilk mövsümünün çempionu kimi adını qızıl hərflərlə tarixə yazdırıb. 
 
Çempionatın ikinci pilləsi güclülər sırasında yer alsa da, ilk turlarda zəif təsir bağışlayan Tural Həsənova qismət olub. Mübarizəyə “Karabakh Horses” kollektivi ilə qoşulan 20 yaşlı kiberidmançı köhlən Qarabağ atlarını çətinliklə yəhərləsə də, ikinci dövrədən etibarən sözünü deməyə başlayıb. Komandasını meydana çıxardığı 38 oyunda 29 qalibiyyət əldə edən Tural altı heç-heçə və üç məğlubiyyətlə yekunda 93 xalla kifayətlənmiş olub. Yekunda ən yaxın izləyicisini 12 xal qabaqlayan “Karabakh Horses” mövsümün ən çox qol vuran komandası adına da yiyələnib.
 
Daha bir 20 yaşlı gənc və liqanın tapıntılarından olan Cavid Murtuzayev. Ona həvalə edilmiş “Kalbajar Wolves” klubu ilə uzun müddət liderlik mübarizəsi aparan Cavid sonradan büdrəsə də, nəticədə, 81 xal toplayaraq, turnir cədvəlinin üçüncüsü olmağı bacarıb. Hələ kiberidmançı karyerasının başlanğıcında olan Cavidi gələcəkdə daha böyük uğurlar və parlaq nəticələr gözləyir.
 
Çempionatın startında autsayderlərdən biri kimi görünən və bu oyunu ən az oynamış iştirakçı Ayxan Əliyev elə ilk matçda hər kəsin yanıldığını sübut edib. Favoritlərdən Tural Həsənovun “Karabakh Horses” klubundan xal qoparan “Shaki Khans” təmsilçisi liqanın gedişində də rəqiblərinə ustalığını göstərib. Ümumi nəticədə dördüncü pilləyə yiyələnən 23 yaşlı kiberidmançı keçirdiyi görüşlərin 23-də qələbəni bayram edib.
 
Turnir cədvəlinin beşinci sırasındakı komandaya gəldikdə isə, çox maraqlı və dramatik mövsüm ssenarisinin şahidi oluruq. “Shamakhi Lions” kollektivini idarə edən Rəhman Quliyev ilk dövrənin tamamında səkkiz qələbə, beş heç-heçə və altı məğlubiyyətlik göstərici ilə doqquzuncu pillədə qərarlaşmışdı. Qeyri-sabit oyun tərzini yarışın gedişində dəyişməyə nail olan 21 yaşlı Şamaxı təmsilçisi favoritlər sırasına adını yazdırmağı da bacarıb. Transfer fasiləsindən sonra təmsil etdiyi komandanın adına uyğun olaraq, aslanlar kimi şücaət göstərən Rəhman qalibiyyətlərinin sayını 20-yə çatdıraraq ilk beşlikdəki yerini tutub.
 

Odlar yurdumuzun ən qədim guşələrindən birini təmsil edən “Qobustan Stones” və klubun həvalə edildiyi İbrahim Kərimov “FIFA20 Milli Liqası”nın ilk mövsümünü altıncı olaraq tamamlayıb. Ən yüksək səkkiz pillə arasında hamıdan çox qol buraxmasına baxmayaraq, rəqib qapılarına 100 dəfə yol tapan dörd iştirakçıdan biri olub. Keçirdiyi 38 görüşdə aktivinə 20 qələbə xalı yazdıran İbrahim həm də çempionatın ən gənc kiberidmançısıdır. Hələ 19 yaşı olan Qobustan təmsilçisi əldə olunan nəticə ilə adının boş yerə favoritlər sırasında hallanmadığını sübut etməyi də bacarıb.

Mövsümün yekununda turnir cədvəlinin yeddinci sırası son matçda “Quba Tigers”i iki cavabsız qolla üstələyərək xallarının sayını 63-ə çatdıran Anar Bədəlovun “Khizi Mountains” klubuna qismət olub. Səkkizinci pilləyə Nicat Aslanzadə və ona tapşırılan “Sumqayit Peacekeepers” kollektivi yiyələnib. Doqquzuncu yer isə paytaxtımızın yeganə təmsilçisi “Old City White Pants” klubunun payına düşüb. Nihat Məmmədovun idarə etdiyi “ağ şalvarlılar” liqaya pis başlasalar da, sonradan özlərinə gəlməyi bacarıblar. Amma Nihatın qeyri-sabit oyunu içərişəhərlilərin dəfələrlə yer dəyişməsinə və orta sıralarda qalmasına gətirib çıxarıb. Gənclər şəhəri təmsilçisi Nicat isə çempionatda qüsursuz başlanğıcın davamını məğlubiyyətlərlə gətirdiyi üçün çempionluq mübarizəsindən kənarda qalıb.

Sıralamada 10-cu pillədən başlayaraq ardıcıl olaraq liqanın ortababları sayılan Oktay Məmmədovun “Ganja Poets”, transfer aralığında yarışa qoşulan Rüfət Niftəliyev və ona təhkim olunan “Quba Tigers”, eyni aqibətlə üzləşən Vahid Əfəndiyevin “Qazakh Ashiqs” klubu, Süleyman Quluzadənin keçid pəncərəsində təhvil aldığı “Shabran Carpets”, eləcə də yarı yolda Fərhad Ağayevə tapşırılan “Lankaran Heroes” kollektivləri yer alıblar. Əvvəldə göstərdiyi oyunu zamanla itirən Azər Əliyev və onun “Qakh Berkuts” yığması isə 15-ci yerdə məskunlaşaraq, ümidini növbəti mövsümə bağlayıb.

Turnir cədvəlində son üç pilləni tutacaq komanda II liqaya yuvarlanacağı üçün 16-cı sıradan başlayaraq, son beş klub arasında gərginlik gündən-günə artıb. Nəticədə, Camal Baxşəliyevin idarə etdiyi “Neftchala Sailors” 16-cı, ölüm-qalım qarşılaşmasında “Shaki Khans”ı doğma meydanda 4:2 hesabı ilə məğlub edən Fariz Zeynalovun “Zaqatala Foresters” komandası isə 17-ci olub. Meşəbəyləri ilə eyni xala sahib “Gabala Eagles” və həmin kollektivə başçılıq edən Vüsal Şamxalzadə buraxılan qollardakı geriləməyə görə 18-ci yerdən II liqaya yollanıb. İlkin Aslanın rəhbərliyindəki “Tartar Soldiers” və sondan birinci Əli Eminovun idarə etdiyi “Mingachevir Energizers” klubları da Qəbələ qartallarına yol yoldaşı olub.

Bu, hələ başlanğıcdır. “FIFA20 Milli Liqası” növbəti dəfə iyul-avqust aylarında ikinci mövsümü ilə izləyicilərin qarşısında olacaq. Həm kiberfutbol, həm də digər kiberidman həvəskarları “Gaming League Azerbaijan”ı sosial şəbəkələrdən izləyə bilərlər:

https://fifa.gla.az

https://www.instagram.com/glahub

https://www.facebook.com/glahub

https://www.twitch.tv/glahub

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri