İyn
2020
21:41
40
211
2809
Virtual karabakh

Fərhad Əliyev: “Sərhədlər açılsa, Türkiyədəki yarışa gedə bilərik”

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin Oxu.Az saytına müsahibəsini təqdim edirik. 

– Bu gün Respublika Velotrekində karantindən sonra ilk yarışınızı keçirdiniz. 3 iyun – Dünya Velosiped Gününə həsr edilmiş trek üzrə Federasiya Kuboku barədə fikirlərinizi öyrənmək istərdik.

– Biz bu mövsümü koronavirus pandemiyasına görə başlaya bilmirdik. Bütün yarışlar təxirə salınmışdı. Lakin iyunun 1-dən açıq havada idman yarışlarının təşkilinə icazə verildi. Düzdür, biz bu yarışı iyunun 6-da keçirmək istəyirdik. Lakin həmin tarix şənbə gününə düşdüyündən, məlum qadağaya görə yarışı iyunun 9-na salmalı olduq. Bu yarışı keçirərkən virusdan qorunmaq üçün preventiv tədbirləri görürük. Velosipedçilər yarışa çıxanadək Velotrek ərazisində maskalardan istifadə edir, spirtlə əllərini dezinfeksiya edir. Bu gün oğlanlar və qızlar arasında U-15, U-17 və gənclər kateqoriyası üzrə yarış keçirdik. Gələn həftədən artıq böyüklər də qatılacaq.

– O nə vaxt olacaq?

– Hələ ki həmin yarışın konkret tarixi barədə qərar verməmişik. Öz daxili iclasımızda buna aydınlıq gətirəcəyik. Amma təxirə salma olmasın deyə, o yarışı da həftə ortasına – çərşənbə axşamına planlaşdırırıq. Həmin yarış da açıq havada olacaq. Amma böyüklərin yarışını Veloparkda keçirəcəyik.

– Bu velosipedçilər ayın 1-dək ancaq ev şəraitində velosipedlə məşq etmək imkanı əldə edib. Təbii ki, bu da hər hansı idman qurğusundakı məşqin yerini vermir. İdmançılarda çatışmazlıq hiss olunur?

– Bu suala daha yaxşı məşqçilər cavab verə bilər. Əslində indiki yarış daha çox test xarakteri daşıyır. Bu, onların üç ay ərzində ev şəraitində necə hazırlaşdığını göstərəcək.

– Yığma üzvlərimizdən karantin vaxtı ölkəsinə gedə bilməyən oldumu?

– Bizdə xaricdə yaşayan yığma üzvləri var. Amma onlar legioner deyil. Sadəcə, xaricdə yaşayan azərbaycanlılardır.

– Velosipedçilərdən koronavirusa yoluxanlar olubmu?

– Azərbaycanlılarda yoluxma olmayıb. Amma Rusiya və İtaliyada yoluxanlar var. Onlar da yarışa getdikləri üçün yoluxublar.

– Komandamızın qatılması planlaşdırılan ilk beynəlxalq yarış hansıdır?

– Beynəlxalq Velosipedçilər İttifaqı iyulun 1-dən yarışları təqvimə salıb. Qonşu Türkiyədə iyulun 11-dən şosse velosipedi üzrə beynəlxalq yarış başlayacaq. Həmin yarış “Tour of Mesopotamia” adlanır, üçüncü dəfə keçiriləcək. Amma bu yarışda iştirak edə bilməyimiz üçün bizdə iyunun 15-dən sonra sərhədlərin açılması lazımdır. Ümumiyyətlə, Türkiyədə iyul, avqust və sentyabr aylarında altı yarış beynəlxalq təqvimə salınıb. İtaliyada bu il keçirilməli Avropa çempionatı gələn il olacaq. Bu il İsveçrədə keçirilməli olan dünya çempionatının isə baş tutması 90 faizə bərabərdir.

– Velosipedçilərin Olimpiadaya lisenziya məsələsi olduğu kimi qalır?

– Şosse velosipedində dekabrın 31-də, trek velosipedində isə fevralda bütün lisenziyalar bilindi (Azərbaycanı şosse velosipedində Tokioda Elçin Əsədov təmsil edəcək – S.M.). Həmin lisenziyalar qüvvədə saxlanıldı. Ancaq BMX və dağ velosipedində hələ gələn il də lisenziya xalları yığılacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri