19 
İyn
2020
11:24
131
52
1872
Virtual karabakh

Əmrah Çəlikəl: “İstəyirik ki, Rəşad Sadıqovun qazandığı hörmətə layiq vida matçı keçirək” - MÜSAHİBƏ

“Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəlin Oxu.Az saytına müsahibəsi:

- Çempionatın dayandırılması haqda qərar verildi və “Qarabağ” çempion elan edildi. Çempionatın davam etdirilməsini istəyirdiniz, yoxsa ölkədəki duruma görə ləğv olunmasında maraqlı idiniz?

- Hamı kimi biz də çempionatın davam etdirilməsini istəyirdik. Bu qərar düşünülmüş şəkildə verilib. Çempionluq bizim hədəfimiz idi. Bunun sevincini yaşayırıq. Düzdür, yaxşı olardı ki, çempionatı davam etdirək. Ancaq insan sağlamlığı hər şeydən önəmlidir.

- Əvvəl qazandığınız yeddi çempionluq içərisində bu, bir qədər fərqli alındı. Son səkkiz turu oynamadan çempionluğu qeyd etmək necə hissdir?

- Əlbəttə, fərqli hissdir. Amma pandemiyanın yayılmaması əsas şərtdir. Belə olsa, növbəti mövsümü də rahatlıqla keçirə bilərik.

- “Sumqayıt” klubunun məşqləri dayandırdığı deyilir. Sizdə bu baxımdan vəziyyət necədir?

- Bu, məşqçilərə aid olan məsələdir. Hələ ki, bu barədə qərar verilməyib. Bu gün müəyyən ediləcək.

- Rəşad Sadıqovun mövsümün sonunda karyerasını bitirəcəyi bəlli idi. Lakin onun vida qarşılaşması pandemiyaya görə baş tutmadı. Ola bilərmi ki, onu növbəti mövsümün ilk matçında meydanda görək?

- Əlbəttə, Rəşad öz sevgisi, hörməti ilə vida matçı keçirməyi çoxdan haqq edib. Azarkeşlərimiz də bunu çox istəyir. Ancaq indi elə bir qeyri-adi dövrdür ki, hər şeyi istədiyimiz kimi edə bilmirik. İnşallah, ilk fürsətdə bunu etmək planlarımıza daxildir.

- Hər hansı yoxlama matçında və ya rəsmi qarşılaşmada onun vida etməsi mümkündürmü?

- Biz istəyirik ki, Rəşadın Azərbaycan futbolunda, millidə və “Qarabağ”da qazandığı hörmətə layiq vida matçı keçirək. Sadəcə, bunun üçün düzgün zamanı seçmək lazımdır.

- Portuqaliyanın “Şavış” komandasında çıxış edən kolumbiyalı yarımmüdafiəçi Kevin Medinanın “Qarabağ”la anlaşdığı hamıya bəllidir. Bu məsələdə nə yenilik var?

- Dediyiniz kimi, anlaşmışıq. Sadəcə, bizim həkimlərimizin iştirakı ilə onun sağlamlıq durumu yoxlanılmalıdır. Sağlamlıq durumunda qüsur aşkarlanmazsa, o, futbolçumuz olacaq. Yolların açılmasını gözləyirik. Bu məsələlərdən sonra onunla 2+1 il şərtilə müqavilə bağlayacağıq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri