İyl
2020
13:42
87
104
5909
Virtual karabakh

Şəhriyar Abbasov: “Abdulmanap Dağıstanda mənə matç-revanş təyin etmişdi, amma...” - MÜSAHİBƏ

MMA məşqçisi, “TT Fight” döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasovun Oxu.Az saytına müsahibəsi?

– Dünən UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat etdi. Bilirik ki, mərhumla dost idiniz. Onunla nə vaxt tanış olmuşdunuz?

– Abdulmanap Nurməhəmmədova Allah rəhmət eləsin. Mən onunla təxminən 2007-ci ildən tanış idim. Həmin vaxt Dağıstanda tez-tez toplanışlarda olurduq. Həmçinin Moskvada turnirlərdə onunla qarşılaşırdıq. Ona görə də, aramızda dostluq və qarşılıqlı hörmət yaranmışdı.

Qardaşım Bəxtiyarla mən oğlu Həbibin toyunda da iştirak etmişdik. Bir sözlə, yaxından dostlaşmışdıq. O, Bakıda olanda mütləq mənim məşq keçdiyim “TT Fight” klubuna gələr və tələbələrim üçün master-klasslar keçərdi.

– Sonuncu dəfə onu nə vaxt görmüsünüz?

– Onunla sonuncu dəfə ötən ilin dekabrında görüşmüşdük. Tələbəm Nəriman Abbasovla məni özünün yeni Akademiyasında toplanışa dəvət etmişdi. Həmin vaxt biz “Fight Nights Global” kəmərinin müdafiəsinə hazırlaşırdıq. Orada məşhur döyüşçülərlə və UFC çempionları ilə yaxşı hazırlıq keçdik.

– O, Nərimana hansısa məsləhətləri verirdi?

– Həmişə Nərimanı tərifləyirdi, onu “pələng” adlandırırdı. Deyirdi ki, artıq UFC-də çıxış etməyin zamanıdır. Noyabrda Özbəkistanda keçirilən GFC turnirində Abdulmanap bizi AKA zalının təsisçisi və baş məşqçisi Xavyer Mendeslə tanış etdi. Xavyer Nərimanla maraqlandı, dedi ki, kəməri müdafiə etdikdən sonra artıq ciddi şəkildə UFC məsələsi ilə məşğul olmaq olar.

– Aranızda qarşılıqlı zarafatların da olduğunu videolarda görmüşük...

– Çox zarafatımız olurdu. Yumor hissi güclü idi. Onunla aramızda zarafatyana döyüşlərimiz olurdu. Bu, artıq ənənə halını almışdı.

– Onu necə insan kimi xarakterizə edərdiniz?

– Dahi məşqçi və böyük qardaş kimi. Abdulmanap tarixə düşdü və idmana əvəzsiz töhfə verdi. Həmişə praktik məsləhətlər və faydalı təlimatlar verirdi. Əsl kişi idi, insanlarda çempion xarakterini və ruhunu yüksək qiymətləndirirdi. Onu əhatə edənlər də məhz belə insanlar idi. O, MMA-da bir əfsanə idi!

– “Instagram” səhifələrindən birində video var ki, siz onunla döyüşürsünüz. Bu haqda da danışın...

– Bayaq da qeyd etdiyim kimi, həmişə aramızda ənənə halını alan döyüşlərimiz olurdu. Bu, onlardan biri idi. Həmin gün döyüşdən sonra Dağıstan dağlarında mənə matç-revanş təyin etmişdi. Məhz bu yay təlim-məşq toplanışı üçün ora getməli idik. Ancaq təəssüf ki, həmin döyüşümüz baş tutmayacaq.

– Onun ailəsinə nə arzulayırdınız?

– Nurməhəmmədov ailəsinə başsağlığı verirəm. Bu itkinin ağrısına dözmək çətin olacaq. Ancaq güclü və səbirli olmaq lazımdır. Qoy onun ailəsi üçün ən xoş xatirələr kiçik bir təsəlli olsun. Bir daha Allah rəhmət eləsin!

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri