13 
Avq
2020
17:51
16
101
1931
Virtual karabakh

Vitse-prezident cəzalandırılan idmançımız barədə: “Olimpiadada iştirak etmək istəyirdi”

“AMADA-dan bizə Ramin Əzizovun cəzalandırılması ilə bağlı rəsmi məktub gəlməyib. Pandemiya ilə bağlı ofisimiz həftədə iki dəfə işləyir. Ola bilər ki, məktub işləmədiyimiz zaman göndərilib və bizə gəlib çatmayıb. Amma mətbuat vasitəsilə onun cəzalandırılmasından xəbərimiz var”.

Bunu Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib.

IV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya və iki dəfə Avropa çempionatı mükafatçısı Ramin Əzizov iki illik cəzalandırılıb. N.Paşayev idmançının karyerasını bitirdiyini, özü üçün məşq etdiyini bildirib:

“Dekabrda o, Azərbaycan çempionu oldu. Sonra yığma komandaya cəlb olunub, Olimpiya Oyunlarında iştirak etmək istəyirdi. Ancaq bunun alınmayacağını görüb, federasiyaya karyerasını bitirdiyini bildirdi. 32 yaşı olduğu üçün biz də onun qərarına müdaxilə etmədik.

Ramin Əzizov fevral ayından sonra idman karyerasını bitirib. O, dopinq nəzarətindən keçəndə də AMADA-ya yazılı olaraq bildirmişdi ki, idmançı karyerasını başa vurub.

O, özü üçün məşq edirdi. Məşq etdiyi zaman gəlib ondan test götürüblər. WADA ilə AMADA-nın siyahısında qeydiyyata alınmış altı taekvondoçumuz var. Onların arasında Ramin Əzizovun da adı var. AMADA istədiyi vaxt bu idmançılardan dopinq testi götürməkdə sərbəstdir. AMADA da məşq zamanı gəlib ondan test götürüb və qanında dopinq aşkarlanıb”.

Qeyd edək ki, Ramin Əzizov fevralın 22-də İsveçin Helsinqborq şəhərində keçirilmiş açıq çempionatda bürünc medal qazanıb. Bu, onun yığmada son medalı olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri