Apr
2021
16:54
59
215
3369
Virtual karabakh

Kamal Quliyev: "Serblər meydanda o qədər yerdəyişmə etdi ki, futbolçularımızın başı fırlandı"

Millimizin keçmiş futbolçusu, “Keşlə” klubunun məşqçisi Kamal Quliyevin Oxu.Az saytına müsahibəsi:

– Millimizin serblərlə oyunu barədə fikirləriniz necədir?

– Həm müsbət, həm də mənfi. Qarışıq hisslərim var. Yaxşıdan başlasam deməliyəm ki, uşaqlar pis oynamadılar, bacardıqlarını etdilər. Rəqib də elə-belə komanda deyildi. Amma həmişə demişəm ki, hər zəif komandanın 90 dəqiqə ərzində bir yaxşı şansı olur. Çox təəssüf ki, bizdə Əli Qurbani rəqib müdafiəçinin səhvindən istifadə edib həmin şansdan yararlana bilmədi. O bir addım da irəliləsəydi, qapı onun gözündə böyüyəcəkdi və qol vurmaq daha asan olacaqdı. Amma Əli tələsdi. Düzdür, hesabı bərabərləşdirdik, bu, əla idi.

Mən bizim baş məşqçinin əvəzetmələrinə də münasibət bildirmək istəyirəm. Canni De Byazi meydana daha sonra iki hücumçu buraxdı. Bu o deməkdir ki, oyunda qalib gəlmək istəyirsən. Amma məncə, 1:1 hesabını qoruyub saxlamaq və meydana hücumçuların əvəzinə müdafiəyəmeyilli futbolçular buraxmaq lazım idi. Mən baş məşqçi olsaydım, bir xal qazanmaq üçün belə edərdim. Şəhriyar Əliyevi buraxıb, dayaq yarımmüdafiəçisi kimi oynatmaq olardı. Təəssüf edirəm ki, hücumçular – Anatoli Nuriyev və Əli Qurbani əvəzləndi. Nuriyev bundan sonra da oynaya bilərdi. Əli də ən azından meydanda “vuruşurdu”, hava toplarında mübarizə aparırdı. Əvəzetmələr özünü doğrultmadı. De Byazi 1:1-dən sonra rəqibin çaşqınlığından istifadə etmək istədi, amma əksi oldu. Aleksandar Mitroviç kimi oyunçu heç nədən özü üçün qol yaradıb, iki qol vurdu. Hücumçu belə olmalıdır.

– Amma De Byazi mətbuat konfransında Nuriyevlə Azər Salahlının əvəz olunmasını onların özlərinin əvəz olunmaq istəyi ilə izah edib...

– Azərdə hiss etdim ki, yorğunluq var. O, çox qaçan futbolçulardan biridir. Onlar özləri əvəz olunmaq istəyibsə, buna heç nə deyə bilmərəm. Amma elə-belə dəyişilibsə, Əli ilə Anatolinin əvəzlənməsi yanlış addım idi.

– Məsələ burasındadır ki, onları əvəzləyənlər də milliyə xeyir vermədi…

– Bəli, Mahir Emreli zədələnib çıxdı, Ramil Şeydayev də ümumiyyətlə meydanda görünmədi. Sadəcə, buna sevinirəm ki, Əli Qurbani və Maksim Medvedev istisna olmaqla, millimiz hazırda Avropada ən gənc komandalardan biridir. Oyun nizam-intizamı da bizdə yaxşı idi. Bəzi futbolçularımız öz səviyyələrindən aşağı oynadılar. Amma Emin Mahmudovu bu dərəcədə qaçan görməmişdim. Qol vurduğu üçün bunu demirəm. Azər də yaxşı çıxış etdi. Rəqib onları qaçmağa məcbur etdi. Serblər o qədər meydanda yerdəyişmə etdi ki, futbolçularımızın başı fırlanırdı. Oyunçularımız buna görə topsuz qalmaqla yoruldu, topsuz qalmaqdan bezdi.

– De Byazi Premyer Liqanın 14 qolla bombardiri olan Namiq Ələsgərovun oynadılmamasına görə tənqid olunur. Portuqaliya ilə oyunun son dəqiqələrində buraxıldısa, Serbiya ilə matçda ümumiyyətlə heyətə daxil edilmədi. Sizcə, nə baş verir?

– Vallah, mən də bunun səbəbini bilmirəm. Namiq hücumameyilli futbolçudur, sürətlidir, bu oyunda bizə kömək edə bilərdi. İçəridə nə baş verirsə, mən də anlamıram. Qazanda nə qaynayırsa, xörəyin iyi çıxır. Amma hələ ki o iy yayılmayıb. Baş məşqçi izah edib ki, Namiq bu matçda oynaya bilməzdi. Bu açıqlamaya məntiqsiz baxıram. Məncə, Namiq hücumda oynayanlardan heç də geri qalan futbolçu deyil.

– Serbiya ilə oyunda Kamal Quliyev, Zaur Tağızadənin yeri görünürdümü? (Qeyd: Bu iki futbolçu 2002-ci ildə Serbiya-Çernoqoriya millisinə 2:1 qalib gəldiyimiz və 2:2 oynadığımız matçların iştirakçısıdır – S.M.)

– (gülür) Hansı futbolçu nəslini dindirsən, özününkünü tərifləyəcək. Məndən heç kim inciməsin. Serbiya ilə oyun günü AFFA Məşqçilər Komitəsinin üzvləri bizim məşqə gəlmişdi. Onlar da açıqlamalarında bildirir ki, bizim kimi futbolçuların yeri görünür. Əlbəttə, Zaur Tağızadə, Kamal Quliyev, Samir Əliyev kimi futbolçularımız olsa, daha yaxşı olar. O dövrlə indikini müqayisə etmək bir az düzgün olmaz. Çünki bizim oynadığımız şərait indiki kimi deyildi.

– Əsas qapıçınız Stanislav Namaşko Moldova millisinin martın 28-də Danimarkaya 0:8 hesablı məğlubiyyətində “pay sahibi” oldu. Bununla da Moldova tarixinin ən böyük hesablı yenilgisi ilə üzləşdi. Qapıçınızın səhvi vardımı?

– Hələ ki, o, millinin heyətindədir deyə, onunla danışmamışıq. Oyuna baxdım, 1-2 qolda səhvi vardı. Elə toplar vardı ki, heç o yazığın günahı yox idi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri