18 
May
2021
14:06
98
10
2947
Virtual karabakh

Polşada oynamış azərbaycanlı futbolçu: “Bu baxımdan Mahirə orda çətin olacaq”

18 May, 2021
14:06
2947

Polşada oynamış azərbaycanlı futbolçu: “Bu baxımdan Mahirə orda çətin olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən oynadığım vaxtla indiki Polşa çempionatı arasında fərq var. O vaxt Polşa klubları Azərbaycan komandalarını böyük hesablarla məğlub edirdi. İndi isə “Qarabağ” Polşa klublarına qalib gəlir. Ona görə də indiki Polşa Ekstraklasasının səviyyəsi nə yerdədir, deyə bilmərəm”.

Bunu Oxu.Az-a vaxtı ilə Polşa çempionatında çıxış etmiş millimizin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

Azərbaycanlı qapıçı Ruslan Məcidovdan sonra (2006/07 mövsümündə Polşanın “Vidzev” klubunda çıxış edib – S.M.) Polşa çempionatında oynamış ikinci azərbaycanlı futbolçu Saşa Yunisoğlu olub. Hazırda Polşa Ekstraklasasında oynamağa namizəd üçüncü azərbaycanlı millimizin futbolçusu Mahir Emrelidir. Mövsümün sonunda onun Polşa çempionu “Leqiya”ya keçəcəyi gözlənilir.

Hazırda “Sabah” klubunun əvəzedici komandasında məşqçi işləyən Saşa Yunisoğlu Mahir Emrelinin “Leqiya”da oynaya biləcəyini bildirib:

“Polşada güc futboluna üstünlük verilir. Birə-bir mübarizələrdə heç kim rəqib oyunçuya təslim olmaq istəmir. Çox nadir hallarda müdafiəçi hücumçuya hava toplarında uduzur. Bu baxımdan hücumçu kimi Mahirə bir qədər çətin ola bilər. Amma Mahir son illərdə Azərbaycanın yetişdirdiyi ən yaxşı futbolçulardan biridir. O, özünü bu baxımdan sübut edib. Onun çox gözəl keyfiyyətləri – texnikası və sürəti var. Mən inanıram və buna əminəm ki, Mahir məhz bu keyfiyyətlər hesabına orada yaxşı oynaya bilər. “Leqiya”nın oyun üslubu başqa Polşa klublarınkından fərqlənir. Onlar “Qarabağ” kimi oynayırlar. “Leqiya” çoxlu ötürmələrlə oynayan, topu özündə saxlamağı bacaran və hava toplarına çox da üstünlük verməyən klubdur. Ona görə də Mahir “Leqiya” üçün, “Leqiya” da Mahir üçün çox uyğundur. Sadəcə, Mahir orada bizdəkindən fərqli, sərt oyuna hazır olmalıdır”.

O, Polşanın “Diskoboliya” və “Poloniya” klublarında çıxış etdiyi iki mövsümdə “Leqiya”dan və öz karyerasından da danışıb:

“Leqiya” Polşanın ən titullu klubudur (15 dəfə Polşa çempionu olublar – S.M.). Bizim vaxtımızda da çempionluğa oynayırdılar (Saşa Yunisoğlunun Polşa çempionatında çıxış etdiyi 2007/08 və 2008/09 mövsümündə Krakov “Visva”sı çempion, “Leqiya” gümüş medal qazanıb – S.M.). “Diskoboliya” ilə bürünc medal qazandıqdan sonra klubda maliyyə problemləri yaşandı, sponsor müflis oldu. Həmin vaxt “Poloniya” klubu I divizionda çıxış edirdi. “Diskoboliya” çempionatdakı yerinə kimi bütün hüquqlarını “Poloniya”ya verdi. Görünür, ona görə biz üçüncü yer tutsaq da, UEFA Kubokuna buraxılmadıq (“Diskoboliya”nın yerinə dördüncü yerdəki “Lex” UEFA Kubokunun I təsnifat mərhələsində mübarizə aparıb – S.M.). Onda biz Qrodzisk Velkopolski şəhərindən Varşavaya köçdük. “Poloniya” özündə çıxış edən bir neçə əsas futbolçusunu özündə saxlayıb, “Diskoboliya”nın oyunçularını özünə götürdü”.

Qeyd edək ki, Saşa Yunisoğlu “MKT-Araz” (İmişli) klubu ilə 2008-ci ildə UEFA Kubokunun I təsnifat mərhələsində “Diskoboliya” (bu klub həmçinin sponsorun adı ilə “Qrotslin” də adlanırdı – S.M.) ilə oynayıb. “MKT-Araz” İmişlidə 0:0, Polşadakı görüşdə 0:1 uduzsa da, Saşa Yunisoğlunun çıxışı qarşı tərəfin diqqətini çəkib və onu transfer edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri