27 
Okt
2021
15:46
98
14
2101
Virtual karabakh

Azərbaycanlı idmançı Çempionlar Liqasındakı oyunlarından DANIŞDI

27 Okt, 2021
15:46
2101

Azərbaycanlı idmançı Çempionlar Liqasındakı oyunlarından DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” Bakıdakı hazırlığını yekunlaşdırıb və komanda Bakı-İstanbul-Lvov reysi ilə səfərə yollanıb.

Oxu.Az xəbər verir ki, komandanın təcrübəli üzvlərindən olan Ramiz Çovdarov itkilərə rəğmən, turnirə hazır olduqlarını bildirib.

O, əvvəlcə öz durumuna aydınlıq gətirib: 

“Təxminən 15 gün zədə üzündən məşqlərdə iştirak edə bilmədim. Şükür ki, müalicə prosesinin sonu uğurlu alındı. Bakıdakı son iki məşqdə komandamla birgə oldum. Çalışdım ki, baş məşqçinin tələblərinə uyğun məşq edim. Düzdür, iki həftədən artıq kənarda qalmağım hiss olunurdu. Buna görə də, tam formada olduğumu deyə bilmərəm. Çünki qeyd etdiyim müddət az vaxt deyil”.

Çovdarov Ukraynadakı oyunlara bir məqsəd üçün çıxacaqlarını da qeyd edib: 

“Səfərə ancaq qələbə qazanmaq, qrup mərhələsini birinci yerdə başa vurmaq üçün gedirik. Təəssüf ki, tam heyətlə mübarizə apara bilməyəcəyik. Təcrübəli Rizvan Fərzəliyev, eləcə də İsaq Suğalı bu mərhələnin oyunlarında bizə kömək edə bilməyəcəklər. Xətai Bağırov isə cəzalı olduğuna görə “Uraqan”la dueldə meydana çıxmayacaq. Bu itkilərə rəğmən, əsas rəqibimizlə görüşdə qələbə qazanmalıyıq”.

O, rəqiblərdən ancaq Ukrayna çempionu haqda məlumata sahib olduğunu bildirib:

“Hələ ki, birinci oyunda qarşılaşacağımız “Uraqan”ın oyununu izləmişik. Hazırda Ukrayna çempionatı davam edir və onlar ikinci pillədə qərarlaşıblar. Fiziki cəhətdən hazırlıqlı komandadır. Əsas üstünlükləri də budur. Baş məşqçi rəqibə qarşı necə oynamalı olduğumuzu məşqlərdə deyib. Oyunöncəsi bir daha videobaxış olacaq və son tapşırıqları alacağıq. Komanda yaxşı vəziyyətdədir.

İlk mərhələdən fərqli olaraq, daha bir braziliyalı legionerlə heyətimizi gücləndirmişik. Yenə deyirəm, əhval-ruhiyyə də yüksəkdir. Qalır meydana çıxmaq və sona qədər “vuruşmaq”. Bunun öhdəsindən gələcəyimizə şübhə etmirəm. Rəhbərlik də komandanın uğur qazanması üçün dəstəyini əsirgəmir. Elə nəticə qazanmalıyıq ki, Bakıya dönəndə hava limanında bizdən hesabı soruşanlara gülərüzlə cavab verək. Həm də reytinq baxımından qazanılacaq müsbət nəticə vacibdir”.

Qeyd edək ki, Çempionlar Liqasında 6-cı qrupun oyunları Ukraynanın İvano-Frankovsk şəhərində baş tutacaq. Komandamız sabah meydan sahibi “Uraqan”la, oktyabrın 29-da “Yunayted Qalatsi” (Rumıniya) ilə və bundan iki gün sonra “Liçeni” (Kosovo) ilə qarşılaşacaq. Yalnız qrup qalibi elit raunda vəsiqə qazanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri