15 
Apr
2022
12:44
213
37
5392
Virtual karabakh

UFC döyüşçüsünü Bakıya dəvət edən biznesmen oğlu: “Qardaşım ABŞ-da onunla tanış olmuşdu” - MÜSAHİBƏ

15 Apr, 2022
12:44
5392

UFC döyüşçüsünü Bakıya dəvət edən biznesmen oğlu: “Qardaşım ABŞ-da onunla tanış olmuşdu” - MÜSAHİBƏ

Bakıda fəaliyyət göstərən “Renzo Qreysi” Akademiyasının rəhbəri Aslan Mövsümovun Oxu.Az saytına müsahibəsi.

– Bilirik ki, Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev Bakıya sizin dəvətinizlə gəlib. Onunla tanışlığınız necə olub?

– Sayad (Fiziyevin qazaxıstanlı meneceri Sayad Əbdürəhmanovu nəzərdə tutur – S.M.) bizim çox yaxın dostumuzdur. Ümumi dostumuz Kənan vasitəsilə onunla tanış olmuşuq. Qardaşım Rəsul Mövsümov ötən ilin avqustunda ABŞ-ın Hyuston şəhərində olanda Rafael Fiziyev Bobi Qrinlə döyüşürdü. Kənan məhz həmin vaxt qardaşımı onlarla görüşdürüb. Ondan sonra aramızda belə bir münasibət yarandı. Daha sonra Gənclər və İdman Nazirliyi tərəfindən bizə müraciət olundu ki, Fiziyevi Bakıya gətirə bilərsinizmi? Biz də Rafael Fiziyevə müraciət etdik və o da təklifimizi müsbət qarşıladı. İnşallah, onun Azərbaycana gəlişi sonuncu dəfə olmayacaq.

– UFC kimi milyonların izlədiyi turnirdə çıxış edən bir idmançını Bakıya ilk gətirən şəxslər kimi müəyyən mənada xoşbəxtsinizmi?

– Buna o qədər də xüsusi önəm vermirik ki, biz onu birinci gətirdik. Əsas odur ki, Rafael öz Vətəninə ilk dəfə gəldi. Qeyd etdiyim kimi, bu, son deyil. Əminliklə deyə bilərəm ki, Fiziyevi yenidən Bakıya dəvət edəcəyik.

– Fiziyevin burada qalması nə vaxta kimi planlaşdırılıb?

– Şənbə günü artıq Azərbaycandan ayrılacaq.

– Rafael Gənclər və İdman Nazirliyində də olub. Orada nə müzakirə edilib? Azərbaycan vətəndaşlığının ona verilməsi haqda söhbət aparılıb?

– O görüşdə biz iştirak etməmişik. Meneceri və atası orada olub. Bildiyimə görə, ümumi söhbət olub. Nazir Fərid Qayıbova da onu qəbul etdiyi üçün təşəkkür düşür. Vətəndaşlıq barədə bizdə informasiya yoxdur. Amma nazirlə ətraflı söhbət olub.

– Siz iş adamı, Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümovun oğlusunuz. Bu gün həmin federasiyada seçki olacaq...

– Bəli, atam hələ ki federasiya prezidenti olaraq qalır. Düşünürəm ki, atam işinin öhdəsindən gəlir və bu idman növündə uğurlu nəticələr var.

– Son olaraq, idman zalınız barədə də soruşaq. Nə vaxtdan fəaliyyət göstərir?

– “Renzo Qreysi” Akademiyası bizdə “franşiza”dır. Onun baş ofisi Nyu-Yorkdadır. Braziliyalı ciu-citsu ustası, 7-ci dan qara kəmər sahibi Renzo Qreysinin adını daşıyır. O hələ Azərbaycanda olmayıb. Ancaq Qreysi ailəsi ilə də münasibətlərimiz var. İstəyirik ki, onu da Bakıya dəvət edək. Zalımız isə pandemiya dövründə sərt karantinin yumşaldılması zamanı açıldı. Ötən ilin iyunun 10-dan fəaliyyət göstəririk. Əlavə bir zal da artıq açmışıq. Məqsədimiz Azərbaycanda MMA-nı inkişaf etdirmək, idmançılarımızın beynəlxalq arenalara çıxmasına kömək etməkdir.

– Belə çıxır ki, bu zalın adı ciu-citsu ilə bağlı olsa da, MMA üzrə ixtisaslaşıb...

– Burada ciu-citsu və MMA-dan başqa, muay-tay, boks, kikboksinq, cüdo və karate idman növləri üzrə də məşqlər keçirilir.

– Azərbaycanda iki ciu-citsuya dair federasiya var. Onlarla əməkdaşlıq edirsiniz?

– Bizim heç bir federasiya ilə problemimiz yoxdur. Kim müraciət etsə, onlarla əməkdaşlığa hazırıq. Amma Aqil Acalovun rəhbəri olduğu ictimai birliklə daha çox əməkdaşlıq edirik.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri