26 
May
2022
10:42
116
55
5634
Virtual karabakh

Su İdmanı Sarayının sabiq direktoru: “Desəm ki, Azad Rəhimovun qaynı olduğum üçün sıxışdırıldım...” - MÜSAHİBƏ

26 May, 2022
10:42
5634

Su İdmanı Sarayının sabiq direktoru: “Desəm ki, Azad Rəhimovun qaynı olduğum üçün sıxışdırıldım...” - MÜSAHİBƏ

Bakı Su İdmanı Sarayının sabiq direktoru, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənovun Oxu.Az saytına müsahibəsi:

– Dünən sizin işinizdən ayrıldığınız barədə xəbər yazdıq. Ayrılmağınız nə ilə bağlıdır?

– Həmin xəbəri oxumuşam. Əvvəla, deyim ki, mən öz ərizəmlə işimdən ayrılmışam, heç kim məni qovmayıb. İdmandan kənar başqa sahədə işimi davam etdirəcəyəm. Ancaq bunu açıqlamağım doğru olmaz.

– Bizdəki məlumata görə, sizin hoteliniz də var. İşinizi bu sahədə davam etdirəcəksiniz?

– Yox, daha ciddi strukturda yeni işə başlayacağam. Ona görə də bütün sənədlərimi düzəltməliyəm.

– Siz 2015-ci ildən – Bakı Su İdmanı Sarayı açılan gündən oranın rəhbəri idiniz. Buradan ayrılmağınız federasiyadakı işinizlə də vidalaşmağa səbəb olacaq?

– Yox, hələ ki bu vəzifəni davam etdirəcəyəm. Yeni işim bu vəzifəmi yerinə yetirməyə mane olmur.

– Siz mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynısınız. Bu amil də sizin sıxışdırılmağınıza müəyyən mənada təsir edibmi?

– Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, onun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib.

– Nazirliyin tələbi olubmu ki, bundan sonra idman obyekti özü-özünü dolandırmalıdır?

– Mənə rəsmi şəkildə belə məlumat verilməmişdi. Bizim obyekt həmişə özü-özünü gül kimi saxlayıb.

– İndinin özündə də nazirlikdən pul ayrılır?

– Mən mayın əvvəllərində oradan ayrılmışam. Sonuncu dəfə apreldə nazirlikdən pul köçürülməsi olmuşdu.

– Ümumi götürdükdə, daha çox pul haradan əldə olunurdu?

– Bu, mövsümdən asılı olaraq dəyişir. Ümumi olaraq, 60 faiz gəlir öz hesabımıza əldə olunurdu. Qalan 40 faiz pul nazirlikdən gəlirdi. Sadəcə olaraq, yanvar ayından etibarən kommunal qiymətlər artdığından, obyekti saxlamaq çox çətin olmuşdu. Mənə deyilmişdi ki, insanları kütləvi şəkildə idmana cəlb edim. Biz məcbur idik ki, Su İdmanı Sarayından istifadə edənlər üçün üzvlük haqqını qaldıraq. Burada bir hovuzu saxlamaq belə çətindir. Suya tullanma hovuzunun altı metr dərinliyi var. Kommunal xərclərə – işıq, su və qaza hər ay təxminən 130 min manat pulumuz çıxırdı.

– Sizin “Azəriqaz”, “Azərişıq” və “Azərsu”ya borcunuz var idi?

– Xeyr. Mayın 10-da işdən çıxmağım haqda əmr çıxıb. Mən təhvil-təslim edəndə bütün borcları bağlayıb çıxmışam.

– Bildiyimizə görə, sizin işdən çıxmağınızla əlaqədar köhnə kadrlar da oradan ayrılmağa başlayıb. Məsələn, Su İdmanı Sarayının meneceri Elnarə Əliyeva…

– Bəli. O da idmandan kənar başqa sahədə işləyəcək.

– Zaur Yaqubov bu idman obyektinə direktor təyin olunub…

– Bəli. Amma əvvəlcə onun müavini Novruz Novruzov ilk üç həftə bu vəzifəni müvəqqəti olaraq icra edib. Onu mən Təsərrüfat Departamentinin rəhbəri kimi işə götürmüşdüm. Çünki mənim vaxtımda ştatda direktor müavini vəzifəsi yox idi. İndi isə 18 may əmri ilə Zaur Yaqubov direktor işləyir.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri