17 
Avq
2022
13:26
320
9
2914
Virtual karabakh

Hacı Əliyev: “Tək iranlı güləşçi ilə yox, həm də hakimlərlə güləşirdim” - MÜSAHİBƏ + FOTO

17 Avq, 2022
13:26
2914

Hacı Əliyev: “Tək iranlı güləşçi ilə yox, həm də hakimlərlə güləşirdim” - MÜSAHİBƏ + FOTO

“Hakimlərin ona köməyi, həmçinin onun xalça üzərində bu cür davranışı məndə qıcıq yaratdı. Həmişə güləşdiyim zaman səbirli olmağa çalışıram. Çünki gənclər mənə baxıb örnək götürürlər. Amma bu cür haqsızlıq qarşısında insan bəzən emosiyalarını cilovlaya bilmir. Bu, həqiqətən çətin görüş oldu, lakin nəticədə mən həm güləşçiyə, həm də hakimlərə qalib gəldim”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında üçqat dünya çempionumuz Hacı Əliyev deyib.

Güləşçimizlə İslamiada yarışları, iranlı güləşçi ilə keçirdiyi qalmaqallı görüş və gələcək planları barədə söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:

- İslamiada barədə təəssüratlarınızı öyrənmək istərdik. 

- İslam Həmrəyliyi Oyunları həqiqətən çətin, eyni zamanda maraqlı yarışlardan biridir. Bu oyunlar 2017-ci ildə Azərbaycanda da keçirilib və o zaman da biz bu oyunların çətinliyinə yaxından bələd olduq. Bu il İslamiadanın qardaş ölkə Türkiyədə keçirilməsi bizim üçün həm rahat, həm də qürurverici idi. Həmçinin dil probleminin olmaması həqiqətən də komfort zona yaradırdı. Bir sözlə, çətin olsa da, maraqlı və gözəl keçdi. 

- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın atletlər kəndində idmançılarımızla görüşü haqqında nə deyə bilərsiniz? Onların idmançılarımıza dəstək ziyarəti sizin üçün necə yadda qaldı? 

- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yarışlardan əvvəl atletlər kəndinə gəlməyi, idmançılarla görüşməyi bizim üçün çox sevindirici idi. Təəssüf ki, mən həmin görüşdə iştirak edə bilmədim. Lakin bu görüş bütün idmançılar üçün stimul oldu. Onlar həmin görüşlə bizi tək qoymadığını bir daha göstərdi. İdmançı kimi hər zaman sevinmişik, qürur hissi keçirmişik ki, qələbələrimizi, uğurlarımızı yaxından izləyən və qiymətləndirən dövlət başçımız var. 

- İslamiadada azərbaycanlı idmançılara münasibət yüksək səviyyədə idi. Ümumiyyətlə, azarkeşlərin dəstəyi idmançı üçün nə qədər önəmlidir? 

- Həqiqətən də azərbaycanlı idmançıların əhvali-ruhiyyəsi çox yaxşı idi. Bir tərəfdən yarışlar qardaş ölkədə keçirilirdi, digər tərəfdən azarkeşlərin dəstəyi idmançılara əlavə güc verirdi. Həndbol, futbol kimi digər idman növləri ilə də məşğul olmuşam. Bu baxımdan rahat deyə bilərəm ki, azarkeşlərin dəstəyi idmançı üçün çox önəmlidir. Çünki idmançı azarkeşlərin dəstəyini gördükcə, ona daha da güc, həvəs gəlir. Azarkeşlərimizə, həmyerlilərimizə bizi tək qoymadıqları üçün bir daha təşəkkür edirəm. 

- İranlı güləşçi ilə görüş zamanı yaranan insident haqqında nə deyə bilərsiniz? Məsələnin necə baş verdiyini bir də sizdən eşidək. 

- İranlı güləşçi Murtəza Ali Hasanla ikinci görüşdə qarşılaşdıq. O, Tokio Olimpiya Oyunlarında iştirak edib məğlub olsa da, güclü rəqiblərdən biri idi. Onunla bundan əvvəl heç vaxt qarşılaşmamışam. Görüş zamanı hakimlər həddindən çox qərəzli davrandılar və mən aldığım xalları iranlı güləşçiyə verirdilər. Onların haqsızlıqlarını hər kəs görürdü. Sanki görüşdə tək iranlı güləşçi ilə yox, həm də hakimlərlə güləşirdim. İranlı güləşçiyə hakimlər tərəfindən kömək edildiyi üçün 4:1 hesabı ilə məğlub olurdum. Həmin vaxt o xalça üzərində məni itələdi, mən də ona öz cavabımı verdim. Hakimlərin ona köməyi, həmçinin onun xalça üzərində bu cür davranışı məndə qıcıq yaratdı. Həmişə güləşdiyim zaman səbirli olmağa çalışıram. Çünki gənclər mənə baxıb örnək götürürlər. Amma bu cür haqsızlıq qarşısında insan bəzən emosiyalarını cilovlaya bilmir. Bu həqiqətən çətin görüş oldu, lakin nəticədə mən həm güləşçiyə, həm də hakimlərə qalib gəldim.

- Yaxın gələcəkdə hazırlaşdığınız hər hansı görüş var? 

- Bir ay sonra sentyabrın 15-də dünya çempionatı var. Dördüncü dəfə dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm. Güləş tariximizdə məndən başqa üçqat dünya çempionu yoxdur, öz yerimi bərkitmək üçün, dördqat dünya çempionu olmaq üçün mübarizə aparacağam. 

- Tələbələriniz var? 

- Milli komandamızın kapitanıyam, ona görə hazırda bunun üçün vaxtım yoxdur. Lakin qardaşım Yaşar Əliyev yeniyetmələrdən ibarət milli komandanın məşqçisidir. Onun bir neçə tələbəsi var. Vaxtım olduqca həmin tələbələrlə öz təcrübələrimi bölüşməyə çalışıram. Eləcə də hər zaman milli komandamızın üzvlərinin yanındayam və lazım gəldikdə öz köməyimi onlardan da əsirgəmirəm. 

- Karyeranızı sonlandırdıqdan sonra planlarınız nədir? 

- Hələ ki, bir planım yoxdur. Bu barədə Fransada keçiriləcək olimpiya oyunlarından sonra dəqiq nəsə demək olar. Lakin düşünürəm ki, hər zaman göz qabağında olacağam. Həmişə idmanımızın inkişafı üçün əlimdən gələn hər şeyi edəcəyəm. Dövlətimiz tərəfindən hansı yer məsləhət görülərsə, orada da fəaliyyətimi öz xalqım üçün davam etdirəcəyəm.  

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri