19 
Avq
2022
13:24
131
22
1155
Virtual karabakh

Özbəkistanlı nazir: “Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni trend olar” - MÜSAHİBƏ

19 Avq, 2022
13:24
1155

Özbəkistanlı nazir: “Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni trend olar” - MÜSAHİBƏ

“Qılıncoynatma aktiv şəkildə inkişaf edir. Əlbəyaxa döyüş növləri, qılıncoynatma və taekvondo üzrə keyfiyyəti artırırıq. Azərbaycan, Qazaxıstan və Özbəkistan idmançıları daim bu idman növlərində bir-birinə layiqli rəqib olublar. Azərbaycanın karatedə xeyli inkişaf etdiyini gördük”.

Bu sözləri Özbəkistanın idmanın inkişafı naziri Ədhəm İkramov “Report”a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Özbəkistanın İslamiadada belə yüksək səviyyədə çıxışı nə qədər gözlənilən idi?

- Bu il bizim üçün 2 böyük idman yarışı nəzərdə tutulmuşdu. Onlardan biri V islam Həmrəyliyi Oyunları, digər isə Asiya Oyunları idi. Biz bu yarışlara çoxdan hazırlaşmışdıq. Amma Asiya Olimpiya Şurasının Daşkənddə keçirilmiş 77-ci sessiyasında Asiya Oyunlarının vaxtının dəyişdirilməsi ilə bağlı qərar qəbul olundu. Yarış gələn ilin sentyabr-oktyabr aylarına salınıb. Özbəkistan Asiya qitəsinin digər 45 ölkəsi kimi hər zaman bu cür yarışlara ciddi hazırlaşır. İslamiadada 26 idman növü üzrə mübarizə gedir ki, biz bunun 24-də təmsil olunuruq. Bunların 18-də medal qazanmışıq. Kikboksçularımız da bizi sevindirdilər. Özümüzə inanırdıq. İkinci dəfədir İslamiadada iştirak edirik. Bakıdakı yarışın yüksək təşkilatçılığını analiz etmişdik. Bura hazırlıqlı gəlmək vacib idi. Hesab edirəm ki, gözlədiyimiz nəticəni qazandıq. İslamiadanın startına 3 ay qalmış proqram hazırladıq. 265 idmançı ilə təmsil olunduğumuz Oyunlarda ən azı 98 medal qazanmağı planlaşdırırdıq. Fikrimcə, planı artıqlaması ilə doldurduq. Göz dəyməsin. Bu, bizim üçün gözlənilən nəticə idi. Həyəcanlandıqmı? Əlbəttə. Bütün ölkələrin Konyaya əsas heyətlə gəldiyini gördük. Bu isə gözlənilən idi. Çünki pandemiyadan sonra dünya səviyyəli yarışlardan biri idi. Kifayət qədər uğurlu çıxış etdik. Dövlət, şəxsən prezident bu yarışa böyük diqqət ayırmışdı. 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarınadək bir neçə böyük yarışımız qalıb. Onlardan biri Asiya Oyunlarıdır. 2025-ci ildə gənclər arasında Asiya Oyunlarını qəbul edəcəyik. Həmçinin, bu il cüdo üzrə dünya çempionatı, gələn il isə boks üzrə dünya çempionatı Özbəkistanda keçiriləcək. Bu, son illərdə ölkədə idmana göstərilən qayğının və planlı işin nəticəsidir.

- Bütün ölkələrin bura güclü heyətlə gəldiyini bildirdiniz. Amma məsələn, bizdəki kimi sizin də əsas cüdoçularınız İslamiadada iştirak etmədi. Bu, 6-13 oktyabrda Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıqla bağlıdır?

- Bura eyni heyətlə gəlmişik. Onlar bu yarışda iştirak etməklə həm də dünya çempionatına hazırlaşırlar. 6 qızıl medal qazandıq. Bu, kifayət qədər yaxşı nəticədir. Ümumilikdə isə idman növlərinə fərqli düşüncə ilə yanaşdıq. Məsələn, bəzi növlərdə aparıcı idmançılarımızı bura gətirmədik. Amma İslamiadanın avqusta təsadüf etməsi bir çox peşəkar idmançımızın burada iştirakına imkan verdi. Bu yarışdakı nəticələrimizdən çox razı qaldım.

- 2017-ci ildə Asiya Oyunlarına hazırlaşdığınız üçün Bakıdakı İslamiada sizin üçün bir qədər kölgədə qalmışdı?

- Məhz həmin ildə mən İdmanın İnkişafı Nazirliyində işə başladım. İslam Həmrəyliyi Oyunlarına maraq Şavkat Mirziyoyevin prezidentliyi dövründə - həm xalqlarımız arasında qardaşlıq, həm də iki ölkə lideri arasındakı etibarlı və yüksək səviyyəli şəxsi münasibətlərə görə yarandı. Ona görə də biz ilk dəfə məhz Bakıdakı İslamiadada iştirak etdik. Səhv etmirəmsə, o, sayca 4-cü yarış idi. Özüm orada olmasam da, komandam mənə bildirdi ki, İslamiada yüksək səviyyədə təşkil olunmuşdu. Bu Oyunların böyük gələcəyi var. Təşkilat Komitəsi yarışı daha yüksək səviyyəyə qaldırmaq istəyir. Bunun üçün görülməli olan işlər var. İlk növbədə Oyunlara vəsiqə verən təsnifat yarışları keçirilməlidir. Həmçinin, idman növlərinin sayını dəqiqləşdirmək lazımdır. Bundan sonra yarışa hazırlıq daha fərqli səviyyədə olacaq.

- İslam Həmrəyliyi Oyunlarında komanda idman növlərində yüksək nəticələriniz olmadı. Bundan başqa, qış idman növlərində də səviyyə aşağıdır. Hətta Pekin-2022 Qış Olimpiya Oyunlarına lisenziya qazanılmadığı üçün Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsindən qovulub...

- Milli Olimpiya Komitəsi qeyri-hökumət təşkilatıdır. Onun qovulub-qovulmadığını bilmirəm. Bunu özündən soruşmaq lazımdır. Amma onu deyə bilərəm ki, son 5 ildə komanda idman növlərində yaxşı nəticələrimiz olub. Məsələn, İslamiadada basketbolçulardan ibarət 3x3 millimiz üçüncülük uğrunda matçda Türkiyəyə uduzdu. Qadın həndbolçulardan ibarət yığmamız 2 qələbə qazandıqdan sonra Azərbaycana məğlub oldu. Yaxşı qadın futbolçularımız, voleybolçularımız və həndbolçularımız var. Onlar çox həvəslidirlər.

- Futbol yığmanız niyə İslamiadada iştirak etmədi?

- Asiya Oyunlarına görə yığmanı bura gətirmədik. Bilirsiniz ki, U-23 komandamız orada 2-ci yeri tutdu. Yalnız finalda çox güclü Səudiyyə Ərəbistanı millisinə uduzduq. Nəzərə alaq ki, bizim oyunçuların yaşı maksimum 21 idi. Rəqibin heyətində isə 23 yaşadək futbolçular yer almışdı. Bu isə böyük üstünlük sayılır. Həmin kollektivi Olimpiya Oyunlarının təsnifat mərhələsinə hazırlayırıq. Hesab edirəm ki, komanda bu istiqamətdə yaxşı inkişaf edir. Digər idman növlərində də uğurlarımız var. Məsələn, İslamiadada üzgüçülük yarışlarında 2 qızıl medal qazandıq. Qılıncoynatma aktiv şəkildə inkişaf edir. Əlbəyaxa döyüş növləri, qılıncoynatma və taekvondo üzrə keyfiyyəti artırırıq. Azərbaycan, Qazaxıstan və Özbəkistan idmançıları daim bu idman növlərində bir-birinə layiqli rəqib olublar. Azərbaycanın karatedə xeyli inkişaf etdiyini gördük. İslamiada zamanı digər ölkələrin nümayəndələri ilə söhbətləşmək imkanımız oldu. Qış idman növləri ilə bağlı konkret hədəflər qoyulub. Fristaylı inkişaf etdirməyi planlaşdırırıq. Bizdə hər zaman bu idman növünə maraq olub. İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Əbdüləziz bin Türki əl Faysal əs-Səudla söhbətimiz zamanı mənə bildirdi ki, artıq Səudiyyə Ərəbistanı da qış idman növlərini inkişaf etdirmək niyyətindədir. Bu idman növü İslamiadanın da proqramına salına bilər (gülür). Əlbəttə, bu, elə də asan məsələ deyil.

- Kişi şahmatçılardan ibarət Özbəkistan yığması Hindistanın Çennay şəhərindəki Şahmat Olimpiadasında qızıl medal qazandı. Ümumiyyətlə, son illər perspektivli şahmatçılar dedikdə Hindistan və Özbəkistan yada düşür. Bunu necə bacardınız?

- Biz əmin idik ki, komanda mükafat uğrunda mübarizə aparacaq. Çennaya məhz ilk üçlüyə düşmək və 2026-cı il Şahmat Olimpiadasını qəbul etmək üçün getmişdik. 2-3 rəqibimiz var idi. Düşünürəm ki, bu cür ciddi idman tədbirinə ev sahibliyi etmək hüququna yiyələndiyimiz üçün təbrikləri qəbul edə bilərik. Şahmat yığması hökumətin ciddi səyi nəticəsinə bu yerə çatıb.

Bilirsiniz ki, ölkə prezidenti uzun illər baş nazir işləyib və şahmata böyük diqqət ayırıb. Özbəkistanda böyük respublika şahmat məktəbi açılıb. Bu intellektual idman növünü uğurla inkişaf etdiririk. Yığmamız da Şahmat Olimpiadasında qalib gəlib xalqımızı sevindirməklə görülən işlərin boşa getmədiyini göstərdi.

- Özbəkistan yığmalarında legioner çox azdır. Nisbətən geri qalan idman növlərində əcnəbilərə şans verən ölkələrin təcrübəsindən yararlanmırsınız...

- Bəli, praktiki olaraq, biz bunu etmirik. Düşünürəm ki, bu yolla gedib-getməmək məsələsini idman funksionerləri ölkə rəhbərliyi ilə həll edirlər. Hazırda bizim əsas istiqamətimiz əcnəbi mütəxəssis cəlb etməkdir. Müxtəlif idman növlərində 31 legioner məşqçi çalışır. Bonuslarla birlikdə onlara normal məvacib veririk ki, ilk növbədə bizim məşqçilərimizi öyrətsinlər. Adətən təqaüd yaşına çatmış mütəxəssis gəlib hansısa ölkədə işləyib nəticə verir. O, getdikdən sonra isə heç nə qalmır. İstəyirik ki, həmin şəxsin gedişindən sonra özümüzün yaxşı mütəxəssislərimiz olsun. Bunu daha düzgün hesab edirik. Amma legioner idmançılardan istifadə edən digər ölkələri də anlayırıq. Bunu gələcəkdə edərikmi, dəqiq bilmirəm. Bilirsiniz, dünya qloballaşıb, ola bilər ki, hansısa idman növündə kvotanı nisbətən yüksəltmək üçün bu addım atılsın. Amma çox cüzi ehtimaldır.

- Rusiya və Ukrayna arasındakı müharibə dünya, xüsusilə ilə MDB ölkələrinin idmanına necə təsir göstərib? Məsələn, bəzi ölkələr var ki, sırf rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılmamasına görə yüksək nəticələr qazanırlar...

- Düşünürəm ki, bu, dünya və sizin dediyiniz ölkələrin idmanı üçün böyük itkidir. Amma digər tərəfdən qürur hissi keçiririk ki, Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik edirik. Təşkilata üzv olan 8 ölkənin - Rusiya, Çin, Hindistan, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın gənclər və idman nazirləri səviyyəsində ilk yığıncağı oldu. Orada Şanxay Əməkdaşlıq Təşkilatı Ölkələrinin Oyunlarının keçirilməsi ilə bağlı təşəbbüsə başlamaq qərara alındı. Düzdür, bizdə MDB Oyunları da var. Əsas məqsəd idmançılar üçün alternativ yox, əlavə stimul verən yarış təşkil etməkdir. Prezidentimizin də dediyi kimi, pandemiya bizi daha fərqli və güclü yaşamağa vadar edir. Fikrimcə, bu da böyük sınaqdır və dünyaya fərqli yaşamağı öyrədəcək. Biz Rusiya idmançılarını qəbul etməyə hazırıq. Niyə də Rusiya, Azərbaycan və digər qonşu ölkələrin də iştirakı ilə idmanın inkişafına təkan verə biləcək irimiqyaslı yarışlar keçirməyək?

- Qarşıdakı aylarda, məsələn, sentyabrda bu yarışın keçiriləcəyi elan oluna bilər?

- Xeyr. Keyfiyyətli iş görmək istəyirsinizsə, bunun üzərində işləməlisiniz. Məsələn, orada hansı idman növləri, hansı format olacaq? Təkcə təşkilata üzv olan 8 ölkə ilə kifayətlənmək istəmirik. Azərbaycan, İran kimi müşahidəçi ölkələr də var. Həmçinin, digər tərəfdaş ölkələrin bizə qoşulması istiqamətində də danışıqlar gedir. Bu ideya Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min tərəfindən də dəstəklənib. O, gənclər və idman nazirlərinin ilk yığıncağında şəxsən iştirak etmişdi. Biz bunu gizli şəkildə elan etməyəcəyik. Əksinə, böyük təbliğat işləri olacaq. Hələlik isə İşçi Qrup bununla məşğul olur. Düşünürəm ki, bu yarış da ən azı MDB Oyunları kimi maraqlı mübarizə meydanı olacaq. Əminəm ki, Azərbaycan da müşahidəçi ölkə kimi bu ideyanı inamlı şəkildə dəstəkləmək hüququna malikdir. Çünki ölkəniz də bu yarışa dəvət alacaq. Bu, ya 2022-ci ildə, ya da gələn il olacaq.

- Kompleks idman yarışları bütün ölkələr üçün rahatdır. Çünki burada bir neçə idman növü üzrə mübarizə gedir...

- Tamamilə doğrudur. Uzun illərdir insanları özünə cəlb edən ən böyük idman yarışı olimpiadadır. Deməli, biz belə bir sistem yaratmalıyıq. Futbolu kənara qoysaq, bir idman növü üzrə çempionat maraqlı olar, yoxsa Olimpiya Oyunları? Olimpiadaya baxırıqsa, İslam Həmrəyliyi Oyunlarına, MDB Oyunlarına, gələcəkdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarını da izləməliyik.

- Azərbaycan və Özbəkistan arasında idman sahəsində hansı əlaqələri inkişaf etdirmək olar? Səhv etmirəmsə, bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda işgüzar səfərdə olub. Hətta idman sahəsində ikitərəfli görüş də keçirmişdi...

- Bizim Azərbaycanla siyasi, iqtisadi, mədəni və bir çox sahədə yaxşı əlaqələrimiz mövcuddur. Sizin gənclər və idman naziri Fərid Qayıbov ilə görüşümüzü gözləyirəm. Əminəm ki, növbəti əməkdaşlıqlar üçün imkanlar var. Azərbaycanın döyüş idman növləri üzrə Avropada, Özbəkistanın isə Asiyada yaxşı təcrübəsi var. Hətta ağırlıqqaldırma üzrə Asiya çempionatı dünya çempionatı ilə eyni səviyyədə keçir. Çünki dünyanın ən yaxşı ağırlıqqaldıranları Asiyadadır. Amma cüdodan danışırıqsa, burada Azərbaycanın Avropa təcrübəsi daha böyükdür. Baxın, bu mübadilə, belə desək, Avrasiya əməkdaşlığı, yeni təcrübə və trend olar. Biz Azərbaycanla 80 faiz eyni dildə danışır, bir-birimizi rahat başa düşürük. Dinimiz, mədəniyyətimiz eynidir. Ailəyə hörmət, uşaqların tərbiyəsi kimi oxşar cəhətlərimiz çoxdur. Sizdə də bizdəki kimi atletika və komanda idman növlərində problem var. Biz bunları inkişaf etdirmək istəyirik. Döyüş sənətləri üzrə isə bir-birimizə çox yaxşı kömək edə bilərik.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri