24 
Yan
2023
12:48
64
13
1946
Virtual karabakh

“Xəzər Lənkəran”ın keçmiş futbolçusu: “Neftçi”dən təklif almışdım” - MÜSAHİBƏ + FOTO

24 Yan, 2023
12:48
1946

“Xəzər Lənkəran”ın keçmiş futbolçusu: “Neftçi”dən təklif almışdım” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyalı futbolçu Adrian Skarlatake Azərbaycanda “Xəzər Lənkəran”dakı çıxışı ilə populyarlaşıb.

2011-ci ilin yanvarında Lənkəran təmsilçisinə icarə əsasında keçən müdafiəçi həmin ilin yayında ölkəsinin “Dinamo” klubuna qayıtsa da, bir ildən sonra yenidən Azərbaycana dönüb. Bu dəfə o, 4 il “Xəzər Lənkəran”da qalıb.

Skarla 2016-2018-ci illərdə “Keşlə”nin (indiki “Şamaxı”), 2018-2020-ci illərdə “Zirə”nin şərəfini qoruyub. 2010/2011 mövsümündə “Xəzər Lənkəran”la, 2017/2018 mövsümündə isə “Keşlə” ilə Azərbaycan Kubokunun qalibi olub.

Hazırda Rumıniyanın Liqa 1-də çıxış edən “Mioveni”nin formasını geyinən Adrian Skarlatake “Report”un suallarını cavablandırıb.

- Artıq 36 yaşınız olmasına baxmayaraq, hələ də Rumıniyanın yüksək liqasında çıxış edirsiniz. İşləriniz necə gedir?

- Bəli, hələ də Rumıniyada oynayıram. Özümü çox yaxşı hiss edirəm və düşünürəm ki, minimum 37 və ya 38 yaşa qədər Rumıniyanın yüksək liqasında oynayacağam.

- Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız?

- Gözəl illər idi. Azərbaycanda keçirdiyim vaxtı böyük məmnuniyyət və sevinc hissi ilə xatırlayıram. Oradakı illərim üçün darıxıram. Hətta bəzən Azərbaycana qayıtmağa ümid edirəm.

- “Xəzər Lənkəran”, “Keşlə” (hazırkı “Şamaxı”) və “Zirə”də oynamısınız. Yəqin ki, “Xəzər Lənkəran”ın sizin üçün yeri hələ də xüsusi olaraq qalır...

- Əlbəttə. “Xəzər Lənkəran” mənim üçün xüsusi idi. Çünki orada 4 il yarım oynamışam. Ən gözəl xatirələrim orada qaldı. O klubda özümü çox yaxşı hiss edirdim. “Keşlə” və “Zirə” də yaxşı komandalar idilər. Amma “Xəzər”in ürəyimdə xüsusi yeri var.

- Lənkəranlı azarkeşlər hələ də sizi sevgi ilə xatırlayırlar. Bunu necə qazanmısınız?

- Məni xoş xatırladıqları üçün şadam. Düşünürəm ki, yaxşı oynamışam və ürəklə mübarizə aparmışam. Həmişə ciddi və peşəkar oyunçu olmuşam. Ona görə də məni bu cür xatırlayırlar.

- “Xəzər Lənkəran”a gəlməmişdən əvvəl Azərbaycan futbolu ilə bağlı nələr bilirdiniz?

- Bəzi şeyləri bilirdim. Çünki məndən əvvəl başqa rumıniyalı futbolçular Azərbaycanda oynamışdılar. Təəssüratım müsbət oldu. Azərbaycanda əvvəllər futbolun səviyyəsi daha yaxşı idi. Çünki Premyer Liqada çempionluq uğrunda mübarizə aparan komanda sayı çox idi.

- “Xəzər Lənkəran”la “Neftçi” arasındakı oyunlar zamanı hər zaman gərginlik, ajiotaj olurdu. “Neftçi” ilə matçları necə xatırlayırsınız?

- Həqiqətən də, “Neftçi” ilə matçlar “Xəzər” üçün böyük önəm daşıyırdı. Bu, azarkeşlər, futbolçular və rəhbərlik üçün ən vacib görüş sayılırdı. Qarşılaşmadan əvvəl bir həftə ərzində böyük təzyiq hiss edirdik. Oyun vaxtı isə stadionda gözəl atmosfer olurdu.

- Maraqlıdır, heç “Neftçi”dən və ya Azərbaycanın başqa klubundan transfer təklifi almısınız?

- Bəli, “Xəzər Lənkəran”da olarkən təkliflər almışdım. Xüsusən də, Kaxaber Sxadadze baş məşqçi olanda “İnter”dən bir neçə dəfə mənimlə əlaqə saxlamışdılar. “Xəzər”dəki son mövsümümdə isə “Neftçi” ilə transfer danışığım oldu, müzakirələr apardıq. Eyni vaxtda Rumıniyanın “Astra” klubundan da təklif aldım. Mən də Rumıniyaya qayıtdım və ölkə çempionluğunu qazandım.

- Rumıniyadan başqa yalnız Azərbaycanda çıxış etmisiniz. Bu ölkədə sizi cəlb edən xüsusi səbəblər var idi?

- Xüsusi səbəblər deməzdim. Mənə əvvəllər başqa ölkələrdən təkliflər olmuşdu. Amma Azərbaycanda uzun müddət qaldım və ölkəni dəyişmək istəmədim. Çünki ailəm Azərbaycanda özünü yaxşı hiss edirdi. Əgər bir yerdə özünü rahat hiss edirsənsə, dəyişikliyə ehtiyac qalmır.

- Burada olduğunuz illərdə sizi ən çox nə təəccübləndirmişdi?

- Xüsusi bir şey yoxdur. Azərbaycan yeməklərini çox bəyənirəm. Bakı gözəldir və insanlar çox mehribandırlar, daim sizə kömək etməyə çalışırlar. Azərbaycanı çox bəyənirəm.

- Ən çox kimdən və nədən ötrü darıxırsınız?

- Azərbaycandan olan bəzi dostlarım, eyni zamanda, “Xəzər Lənkəran” - “Neftçi” oyunları üçün darıxıram. Həmçinin, “Xəzər”in azarkeşləri, matçlardan əvvəl və sonra olan atmosfer üçün də. Ümid edirəm ki, “Xəzər Lənkəran” bir gün yenidən yüksək liqada çıxış edəcək.

- “Xəzər Lənkəran”da qazandığın maliyyə ilə özünüzə biznes qura bilmisiniz?

- Doğrudur, orada çox yaxşı maaş verirdilər. Biznesə hələ başlamamışam. Çünki futbol oynayanda bununla məşğul olmaq çətindir. Karyeramı bitirdikdən sonra nə edəcəyimə qərar verəcəyəm. Amma dürüst olmalıyam ki, Lənkəranda yaxşı pul qazandım.

- “Xəzər Lənkəran”, “Bakı” kimi klublar sonradan dağıldılar. Bunu necə qarşıladınız?

- “Bakı” da çoxlu azarkeşi olan yaxşı klub idi. Çox heyif ki, indi yoxdurlar. Bu iki klub çempionluq uğrunda mübarizə aparırdı. Bəlkə gələcəkdə yenidən qayıdacaqlar.

- Azərbaycan futbolunu indi də izləyirsiniz?

- Bəli, hələ də bəzi oyunlara baxıram. İmkan düşdükcə “Zirə”nin matçlarını və derbiləri izləyirəm. “Neftçi” – “Qarabağ” oyunlarını misal göstərə bilərəm. Hazırda həmyerlim Laurentsiu Regekampf “Neftçi”dədir. O, çox yaxşı baş məşqçidir. “Qarabağ” isə avrokuboklarda çox yaxşı təsir bağışlayır. Bu komandanın oyun üslubunu bəyənirəm.

- Azərbaycandan kiminləsə əlaqəniz var?

- Azərbaycanda çoxlu dostlarım var, onlarla danışıram. Orada çoxları ilə yaxşı münasibətim olub. Ölkənizdə insanlar çox mehribandırlar.

- Karyeranızı bitirdikdən sonra məşqçi kimi Azərbaycanda çalışmaq variantına necə baxırsınız?

- Gələcəkdə məşqçi olmaq istəyirəm. B və A lisenziyasını artıq bitirirəm. Amma hələ daha iki ildən çox oynamaq fikrindəyəm. Ondan sonra məşqçiliyə başlamağı planlaşdırıram. Təbii ki, əvvəlcə köməkçi məşqçi olacağam. Bunun ardından baş məşqçi qismində çalışa bilərəm. Birbaşa baş məşqçiliyə başlamaq istəmirəm. Təcrübə toplamaq üçün bir az vaxt lazımdır. Hesab edirəm ki, fəaliyyətə baş məşqçi kimi başlayacaq qədər yaxşı deyiləm. Əlbəttə ki, Azərbaycana məşqçi kimi qayıtmaq istərdim.

- Dediniz ki, Laurentsiu Regekampfı bəyənirsiniz. Onunla münasibətiniz var?

- Regekampf “Neftçi”yə keçəndə onunla danışdım. Laurentsiunu yüksək qiymətləndirirəm. Avropada və Rumıniyada çox yaxşı nəticələr əldə edib.

- Ancaq Regekampfın rəhbərliyi altında “Neftçi” elə də uğurlu çıxış etmir. Hətta bir ara adı Rumıniya klubları ilə birgə hallanırdı. Sizcə, Regekampfın “Neftçi”yə gözlənilən nəticələri qazandırmaması nə ilə bağlıdır?

- Düşünürəm ki, onun vaxta ehtiyacı var. Azərbaycanda əcnəbi məşqçinin gedən kimi nəticə əldə etməsi asan deyil. Qurban Qurbanova baxın. İlk vaxtlar “Qarabağ”da ona da zaman lazım idi. Bir müddət sonra isə hər şeyi qazandı, “Qarabağ”la çempionatda və avrokuboklarda fantastik qələbələr əldə etdi. Regekampf da çox yaxşı nəticələr qazana bilər. Altı ay ərzində dərhal uğur gözləmək düzgün deyil. Ona vaxt verilsə, “Neftçi”də fəaliyyəti uğurlu alına bilər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri