16 
Mar
2022
16:38
513
15
2443
Virtual karabakh

Heydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEO

16 Mar, 2022
16:38
2443

Heydər Əliyev Beynəlxalq Aeroportu Pakistandan yerinə yetirilən ilk müntəzəm reysi qəbul edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportu 16 mart tarixində “Pakistan International Airlines” aviaşirkətinin ilk sərnişin reysini qəbul edib.

Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aviasiya ənənəsinə görə, salamlama əlaməti olaraq təyyarə su tağı ilə qarşılanıb.

Bu həftədən etibarən Pakistan aviadaşıyıcısı Kəraçi və Lahor şəhərlərindən Bakıya həftədə iki dəfə uçuşlar həyata keçirəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk reys münasibətilə AZAL rəhbərliyinin və “Pakistan International Airlines” aviaşirkətinin iştirakı ilə tədbir keçirilib.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin çıxışında qeyd edib ki, yeni marşrut Azərbaycanla Pakistan arasında dostluq əlaqələrini möhkəmləndirəcək. “Gələcəkdə bu marşrut iki ölkənin işgüzar və turizm əlaqələrinin inkişafı üçün möhkəm təməl olacaq, həmçinin Bakı hava limanı vasitəsilə digər ölkələrlə rahat uzlaşmanı təmin edəcək. Perspektivdə AZAL aviaşirkəti həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır”, - deyə o bildirib.

Eldar Hacıyev həmçinin qeyd edib ki, Azərbaycanın bütün hava limanlarında xarici aviaşirkətlər üçün beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. Bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.

Öz növbəsində, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi qeyd edib ki, hava əlaqəsinin başlanması tarixi hadisədir və ölkələr arasında dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. “Bu, həmçinin ölkəmizin Azərbaycanla uzunmüddətli münasibətlərdə maraqlı olmasının təkzibedilməz sübutudur. İki qardaş ölkə arasında hava əlaqəsi hər iki dövlətin turizm potensialının inkişafına yeni təkan verəcək və Azərbaycan və Pakistanın iş adamları arasında əlaqələri genişləndirəcək”, - deyə diplomat qeyd edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov qonaqları salamlayaraq, Azərbaycan-Pakistan münasibətlərinin möhkəmləndirilməsi işində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. O, gələcəkdə iki ölkənin şəhərləri arasında reyslərin sayının artırılacağına ümid etdiyini bildirib.

“Pakistan International Airlines” aviaşirkətinin baş icraçı direktoru Arşad Malikin sözlərinə görə, reyslərin yerinə yetirilməsi iki xalqı yaxınlaşdırmaq üçün mühüm körpüdür.

“Azərbaycan böyük turizm potensialına malik olan gözəl ölkədir. Hava əlaqəsi ölkələrimizi daha da sıx birləşdirəcək və eyni zamanda, bütün sahələrdə, o cümlədən ticarət və turizm sahələrində sahibkarlar üçün yeni imkanlar açacaq”, - deyə o qeyd edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Pakistan International Airlines” aviaşirkətinin ilk reysinin necə qarşılandığını videoçarxda izləyə bilərsiniz: 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri