26 
Fev
2019
11:12
15
180
4514
Virtual karabakh

Şakir Eminbəyli: Ana üç uşağının meyiti arasında fəryad qoparırdı - MÜSAHİBƏ

26 Fev, 2019
11:12
4514

Şakir Eminbəyli: Ana üç uşağının meyiti arasında fəryad qoparırdı - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1992-ci il fevralın 25-dən 26-na keçən gecə. O gecə ki erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutdu. Belə bir vəziyyətdə silahsız əhali bacardığı qədər ermənilərə müqavimət göstərsə də, baş verəcək hadisələrin qarşısına keçə bilmədi.

Şəhərdə qalmış təqribən 2500 nəfərə yaxın sakin yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə meşələrə üz tutaraq şəhəri tərk etməyə məcbur olub.

Bu dəhşətli gecədən 27 il keçməsinə baxmayaraq, hadisə şahidləri o dəhşətli günü unutmaqda çətinlik çəkir. Həmin gün hadisə yerinə ezam edilən və baş verənləri ictimaiyyətə çatdıran media nümayəndələrindən biri də bugünkü həmsöhbətimiz - Ümumrusiya Dövlət Teleyayım Şirkətinin Azərbaycandakı nümayəndəsi, telejurnalist Şakir Eminbəylidir.

Oxu.Az 27 il əvvəl bu gün baş verən Xocalı qətliamına Şakir Eminbəylinin gözü ilə baxmağa çalışıb:

“Xocalı sakinləri üçün hər gün 26 fevraldır”

- Xocalı hadisələri zamanı hadisə yerinə ezam edilən jurnalistlərdən biri də siz olmusunuz.

- Mənim üçün həmin hadisələri yada salmaq çox çətindir. Əslində, birbaşa Ağdama getmişdim, Xocalıdan insanlar bura gəlirdilər. Səhv etmirəmsə, hadisədən bir neçə gün sonra artıq Ağdamda idim. Demək olar ki, gələn insanların hər birinin qucağında meyitlər var idi. Bütün meyitləri Ağdam məscidinə yığmışdılar. Meyitlər bir müddət burada qaldı.

Nə qədər ağır olsa da, biz o meyitləri, ölmüş uşaqları, qadınları, qocaları çəkmək məcburiyyətində idik. Sonra cəsədlər məsciddə yuyulub, kəfənlənirdi. 27 il keçsə də, hər il bununla bağlı yazılar, tədbirlər keçirilir. Bu məsələ ilə bağlı hadisə şahidləri dindirilir. Bilirsiniz, bu həmin anı görməyən, bilməyən insanlar üçün asan gələ bilər. Amma hadisə günü insanların psixologiyasına dəyən zərbə hər il yenilənir. Qəbul edərsiniz ki, bu, onlar üçün, elə mənim üçün də asan deyil. Həmin anlar insan ağlını itirmək həddinə çatırdı.

- Xocalı hadisələrini insanlar Çingiz Mustafayevin lentə aldığı kadrlardan görürdü. Elə indi də kadrların əksəriyyəti ona məxsusdur. Siz eyni komandada idiniz?

- O vaxtlar Çingiz də, mən də ANS-in əməkdaşları olaraq orada idik. Sözsüz ki, Çingiz daha əvvəl hadisə yerinə getmişdi və sahədə baş verən bütün vəhşilikləri çəkmişdi. O vaxt biz bunları az avadanlıq hesabına gerçəkləşdirə bilmişdik. Bizim əməkdaşlarımız çox deyildi. Növbə ilə işləyirdik. Bakıda da həmkarlarımız qalmalı idi.

- Belə bir hadisənin baş verməsi gözlənilirdimi? Daha əvvəldən bununla bağlı hər hansı məlumatlar yayılmışdımı, hazırlıqlar görülürdümü?

- Biz müharibə şəraitində olduğumuz üçün hər an gözlənilirdi. Düşmənlə sərhəddəsənsə, hər an hücum gözləməlisən. Düşmənin məqsədi nədir? Ən münasib vəziyyəti güdmək. Ardıcıllıqla baxsaq, Xocalı bir tərəfdən Əsgəran, digər tərəfdən də Xankəndində yerləşən ermənilərin əhatəsində idi.

Burada iki məqam var idi: ya Xocalı gedəcəkdi, ya Əsgəran. Hər ikisi eyni dərəcədə risk altında idi. Amma təəssüf ki, ermənilərin Azərbaycan torpaqlarına irəliləməsi üçün açar Xocalı idi. Onlar niyyətləri çatmaq üçün Xocalını zəbt etmyi qarşılarına məqsəd qoymuşdular. “Gözlənilirdimi?” sualı insanı o qədər incidir ki, mən sizə bunu izah edə bilmirəm. 

Strategiya düzgün seçilmədi, sistemli hərəkət edilmədi və nəticədə, bu hadisələr baş verdi. İnanın ki, Xocalı kimi, Əsgəran da eyni cür alına bilərdi. Və biz Əsgəranı ermənilərdən alsaydıq, bu gün o ərazilərdə bir dənə də erməni qalmamışdı. 1990-cı illərdə olan vəziyyətlə bugünkü vəziyyət eyni deyil. Artıq hər şey daha da çətinləşib.

- Çəkdiyiniz kadrlardan çoxsaylı materiallarda istifadə edilir. Şəxsi arxivinizdə qalan fotolar varmı?

- Həmin günə dair bacardığımız qədər çəkiliş etmişdik. Bütün bunlar ANS-in arxivində saxlanılırdı. Mən heç bilməzdim ki, bir gün belə bir dəyişiklik olar, ona görə də nüsxələr saxlamamışdıq. Çingizin də, mənim də, digər əməkdaşların da çəkdikləri kadrlar arxivdə qalırdı. Həmin hadisələrə dair Çingiz Mustafayevin zəhmətini danmaq mümkün deyil.

Şəxsən mən o anı unutmağa çalışıram. O meyitlər, o qoxular, uşaqların fəryadları. Meyitlərin ortasında dayanıb fotoları çəkəndə özümü itirmişdim, nə baş verdiyini dərk edə bimirdim. O vaxt 22 yaşım var idi. Hadisələr mənə çox ağır gəlirdi. Ana üç uşağının cansız bədənləri arasında fəryad qoparırdı. Ailəsindən aralı düşmüş uşaqlar var idi. Dəhşət idi. “İnsan insanı belə bir hala sala bilərmi?”, - deyə düşünməmək əldə deyildi.

- Necə düşünürsünüz, bu məsələ danışıqlar yolu ilə həll oluna bilərmi?

- Ermənilər heç vaxt danışıqlar yolu ilə torpaqlarımızı bizə qaytarmayacaqlar. Ermənilər birləşdilər, peşəkar davrandılar, bütün mübahisələri saxladılar sonraya və Xocalı sakinlərini eyni qəddarlıqla məhv etdilər. Elə bilirsiniz, ermənilərin içərisində düşmənçilik yoxdur? Bütün ölkələrdə fikir müxtəlifliyi də var, daxili çəişmələr də.

Sadəcə, bir anlıq bizim möhkəm birləşməyimiz lazım idi. Həmin dövrdə Əfqanıstanda döyüşüb-vuruşan, Sovet ordusu ilə geri qayıdan mərd hərbçilərimiz var idi. Peşəkar döyüşçülər vardı, sadəcə vahid ordu və idarəçilik olmalı idi. Ermənilər bundan istifadə etdi və “dad damaq altındadır” deyib, Xocalıdan sonra ard-arda işğal edə-edə getdilər.

Biz isə həmin vaxt təşvişə düşüb qaçan tərəf olduq. Həmin vaxtlarda başımızda Heydər Əliyev olsaydı, onun kimi savadlı, siyasi təcrübəli rəhbər olsaydı, bu gün nə Xocalı hadisəsi yaşanmışdı, nə da başqa torpaqlarımız işğal olunmuşdu. Bəlkə də bu gün ermənilər belə yox idi. Ona görə danışıqlar yolu ilə heç nə əldə olunmayacaq.

Bizim bu gün milli, güclü ordumuz var. Davamlı hərbi texnika alırıq. Amma unutmayaq ki, zaman bütün hadisələrin əleyhinə işləyir. 10 il sonra bu texnikalar da yenilərinə nisbətən zəif hesab olunacaq.

“Xocalının qaynar nöqtə kimi qalması böyük dövlətlərin marağındadır”

- Sizcə, bir gün yurdlarından didərgin düşmüş vətəndaşlar öz torpaqlarına qayıdacaqmı?

- Mən buna ümid edirəm. Ürəyimdə buna dair hələ də inam var. Çünki ölkə başçımız, bütün rəhbərlik istəyər ki, bu gün torpaqlarımız azad olunsun. Bu istiqamətdə kifayət qədər işlər görülür. Mən belə düşünürəm. Çünki əks halda, bu qədər hərbi texnika, silah-sursat alınmasının başqa nə mənası ola bilər? Biz sabah da müharibə yolu ilə torpaqlarımızı ala bilərik, amma Azərbaycanın qüdrətli dövlət olmasını qəbul etmək istəməyən ölkələr çoxdur. Xocalının qaynar nöqtə kimi qalması böyük dövlətlərin marağındadır. Bu məsələnin müxtəlif iqtisadi tərəfləri var.

Baxın, Ermənistan bu gün hərtərəfli blokadadır. Bir tərəfdən Azərbaycan, digər tərəfdən Gürcüstan vasitəsilə Rusiyaya çıxa bilmir, Türkiyə tərəfindən sanksiyalara məruz qalır, sıxışdırılır. Əslində, böyük dövlətlər Azərbaycan torpaqlarının bizim xeyrimizə həll olunmasına maraqlı deyil. Silah satan dövlətlərə də maraqlıdır ki, bu məsələ ilbəil uzansın və onlar da silahlarını satsınlar.

“Soyuq müharibə” anlayışı var. Amma erməni xisləti də imkan vermir ki, Azərbaycan torpaqlarını geri qaytarsınlar və bu quyunun dibindən çıxsınlar. Gələcəkdə, bəlkə də elə Ermənistanda bir nəsil yetişəcək ki, bu torpaqların geri qaytarılmasını öz rəhbərliklərindən tələb edəcəklər. Bu da bir ehtimaldır. İnformasiya azadlığı var. Odur ki, bu məlumatlar paylaşılır, tarix unudulmur.

- İnformasiya azadlığı demişkən, illərdir bu hadisələrin beynəlxalq müstəvidə qəbul edilməsinə, tanınmasına çalışılır. Amma nədənsə informasiya mübarizəsində geridə qalırıq.

- Əgər bizim məqsədimiz torpaqlarımızı almaqdırsa, bunu etməliyik. Müharibə şəraitində bəzi məqamlar kənara qoyulmalıdır. İnformasiyalarda bəzən oxuyuram, qarşıdakı da bir insandır, onu öldürmək nə qədər düzdür, bizim onlardan fərqimiz nə olacaq və s. Əgər sənin məqsədin torpaqlarını azad etməkdirsə, bunu etməlisən. 

Aprel döyüşləri də bunu sübut etdi ki, bizim müharibə yolundan başqa çıxış yolumuz ola bilməz. Bunun sonunda saf və güclü ideologiya dayanmalıdır.

Strateji xətt seçilməlidir ki, görülən işlər nəticə versin. Dağınıq şəkildə gerçəkləşdirilən heç bir addım nəticə verə bilməz. Onu da indiki gənclik daha yaxşı bilməlidir. Sovet dövründə bizim gənclik ABŞ-a meydan oxuyurdu. Bu da bir ideologiyanın nəticəsi idi.

Çox uzağa getməyək. Eyni konflikti yaşayan iki dövlət - Gürcüstan və biz. Onların media sahəsində gördükləri işlər çoxdur. Bir növ onlar hadisələri informasiya şəklində media üzərindən ötürə bilirlər. Amma bizdə, bilmirəm, bu nə yanaşmadır, illərdir bu hadisələri, sadəcə, dramatikləşdiririk. Bir növ özümüzü göstəririk sanki. Bizim köklü şəkildə informasiya idarəçiliyi sistemində problemimiz var.

Özünü 100 faiz idarə edən, maliyyələşdirən media şirkəti yoxdur. Gürcülərin ən dəhşətli Abxaziya hadisələrinin ən ağır zamanlarını biz çəkmişik. Bu qarşılaşdırmanı aparmağıma səbəb odur ki, azərbaycanlılar media sahəsində peşəkar çəkilişlərə başlayanda gürcülər bu bazarda yox idi.

“Vesti”də çalışan azərbaycanlıların sayı gürcülərdən çox idi. Mənim özümə qəribə gəlir ki, bu qədər irəlidə başladığımız informasiya mübarizəsində bu gün gürcülər bizi geridə qoya bilib. Bilirsiniz, müxtəlif tarixi filmlərin çəkilməsi, bəlkə də, onları bu istiqamətdə çox irəli apardı.

- Azərbaycanda tarixi hadisələr haqqında çəkilən filmlərin səviyyəsindən narazısınız?

- Bu istiqamətdə hər hansı bir qiymətləndirmə aparmaq üçün sahənin peşəkarı olmaq lazımdır. Sözün düzü, mən əlimdəki materiallar çərçivəsində hər hansı film çəkilməsini heç vaxt təklif etməmişəm. Amma izləyici kimi deyə bilərəm ki, bu gün kino sahəsində çox geridəyik. İnsanlara psixoloji cəhətdən təsir edəcək filmlər, tamaşalar çəkilməlidir.

Əfsuslar olsun ki, bu sahədə ortaya yüksək səviyyəli iş qoyanlar yoxdur. Bu dəfə mən özüm Qazaxıstan, Ukrayna, Rusiyadan çəkiliş qrupları gətirəcəyəm, çəkiliş edəcəklər. Amma yenə də azdır.

O gecə yeddi min əhalisi olan Xocalı şəhərində qətliam baş verib. Xocalı soyqırımı nəticəsində 613 nəfər amansızcasına qətlə yetirilib, 487 nəfər yaralanıb. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

01.04.1992-ci il tarixinə olan qiymətlərlə dövlətin və əhalinin əmlakına 5 mlrd. rubl dəyərində ziyan vurulub.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri