20 
Yan
2021
18:17
571
24
1265
Virtual karabakh

Ukrayna deputatı: “20 Yanvar şəhidləri SSRİ xalqlarının azadlığı uğrunda özlərini qurban verdilər”

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Bakıda 1990-cı ilin Qara Yanvarı. Sovet İttifaqı cəza maşını azadlıq və ədalətə qarşı” mövzusunda Ukrayna-Azərbaycan elmi onlayn-konfrans keçirib.

Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundova çıxışında qeyd edib ki, həmin dövrdə erməni separatçıları və Mixail Qorbaçov tərəfindən təşkil edilən Qarabağ avantürası artıq iki il idi ki, davam edirdi. “1990-cı illərin əvvəlində artıq Sovet hakimiyyəti Azərbaycanın ərazisinin yarısında mövcud deyildi. Şahidlərin çoxsaylı məlumatlarında, mən özüm də həmin hadisələrin şahidləri siyahısındayam, - qoşunların Bakıya yeridilməsi heç nəyə əsaslanmırdı. İngilis tədqiqatçısı Tomas de Vaalın fikrincə, “məhz 1990-cı il yanvarın 20-də Moskva Azərbaycanı mahiyyətcə itirdi”, çünki yanvarın 20-də sovet ordusu təkcə dinc azərbaycanlıları deyil, eyni zamanda, sovet ideologiyasına inamı güllələdi. Buna görə də, bizim cəmiyyət 1990-cı il 20 Yanvar hadisələrini dəyərləndirməkdə həmrəydir: həmin faciəli gündə həlak olanlar öz canlarını ölkənin azadlığına və müstəqilliyinə qurban verdilər. Buna görə də, onlar bizim azadlığımızın həqiqi qəhrəmanları və mübarizləridir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov bildirib ki, Bakıya qoşunların yeridilməsi SSRİ Konstitusiyasının və Azərbaycan SSR Konstitusiyasının kobud şəkildə pozulması idi. “Əslində, 20 Yanvar faciəsi sovet imperiyasının süqutunu tezləşdirdi. Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı. İstefada olmasına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev baş verən faciədən dərhal sonra Azərbaycanın Moskvadaki daimi nümayəndəliyinə gəldi və sovet rəhbərliyinə qarşı qətiyyətli etirazını bildirdi”.

Azərbaycanın Xalq yazıcısı Çingiz Abdullayev öz çıxışında qeyd edib ki, oxşar hadisələr Riqada, Vilnüsdə, Gürcüstanda baş vermişdi: “Bütün bu hadisələr ölənlərin sayına görə Bakı hadisələri ilə müqayisəedilməz idi. Müxtəlif millətlərin nümayəndələri, o cümlədən uşaqlar öldürülürdü”.

Ukraynanın xalq deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası münasibətlər qrupunun həmsədri Valeri Kolyux bildirdi ki, 1990-cı ilin Qara Yanvar faciəsi mərkəzi hakimiyyətin biganəliyini nümayiş etdirən amansız cinayət idi. “Mən ümidvaram ki, Qara Yanvarı təkcə Azərbaycan xalqı deyil, bütün dünyada unutmayacaqlar! Buna bənzər cinayətlərin təkrar olunması yolverilməzdir. Qurbanların xatirəsi yadda saxlanılmalı və bu, vacibdir! Onlar təkcə azərbaycanlıların deyil, keçmiş SSRİ-nin digər xalqlarının azad yaşamalarından ötrü özlərini qurban veriblər”.

Ukraynanın xalq deputatı, Azərbaycan Respublikası ilə Parlamentlərarası münasibətlər qrupunun həmsədrinin müavini Lyudmila Marçenko çıxışında deyib: “Bizim xalqlarımız üçün müstəqillik sadəcə kəlmə deyil. Tarixən xalqlarımızın taleyi belə olub, biz öz müstəqilliyimiz uğrunda əsrlərboyu mübarizə aparmışıq. Qara Yanvar – Bakıda baş verən qanlı “Maydan” hadisəsidir. Azərbaycan tarixinin yeni səhifəsi sovet imperiyasının güllə səsi ilə açılıb və şəhidlərin qanı ilə yazılıb”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri