18 
İyn
2021
14:28
223
10
2434
Virtual karabakh

Amerikalı analitik: “Ermənistan mina xəritələrinin təhvil verilməsindən boyun qaçıra bilməz”

“Bəzi analitiklərin mina sahələrinin xəritələrinin mövcudluğuna şübhə ilə yanaşmasına və hətta erməni hərbçilərin sırf səriştəsizlikdən basdırılmış bütün minaların yerlərini yadda saxlaya bilmədiklərini hesab etməsinə baxmayaraq, Azərbaycan ərazilərində mina basdırılmasının planlaşdırılmış və mütəşəkkil şəkildə həyata keçirildiyi göz qabağındadır".

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Sukerman Azərbaycanın Ağdam rayonu üzrə mina sahələrinin xəritələrinin Ermənistan tərəfindən təhvil verilməsini şərh edərkən bildirib.

Onun fikrincə, Qarabağda ərazilərə mina basdırılması ilə bağlı əmr Ermənistan rəhbərliyi tərəfindən verilib və bu, heç bir halda aşağı vəzifəli məmurların və ya hərbçilərin özbaşına fəaliyyətinin nəticəsi deyil:

“Rəsmi İrəvan tərəfindən törədilmiş hərbi cinayətlərin bu əlavə sübutlarından indi mina sahələrinin qalan xəritələrini almaq üçün siyasi təzyiq vasitəsi kimi istifadə etmək olar”.

Ekspert deyib ki, bir halda ki, Ermənistan Ağdam rayonu üzrə mina sahələrinin xəritələrini artıq təqdim edib, gələcəkdə rəsmi İrəvanın bu məsələdən boyun qaçırmaq cəhdləri mənasız olacaq və bu, əlavə siyasi güzəştlər əldə etmək cəhdi kimi qəbul ediləcək.

İyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərinə gəlincə, İ.Sukerman qeyd edib ki, sorğulara əsasən Ermənistanın sabiq prezidenti Robert Koçaryanın başçılıq etdiyi siyasi alyans da əhali arasında populyarlığa malikdir, bu isə ölkədə revanş əhval-ruhiyyəsinin hökm sürməsi ilə bağlıdır.

“Ermənistanda keçirilən son sorğular (əgər onları dəqiq hesab etmək olarsa) göstərir ki, ardıcıl uğursuzluqlarına baxmayaraq, Paşinyanın partiyası kifayət qədər ciddi fərqlə liderlik edir. Lakin son həftələrdə Koçaryanın başçılıq etdiyi “Ermənistan” siyasi alyansı kifayət qədər sürətlə irəliləyir. Növbədənkənar seçkilər iyunun 20-də keçirilməlidir və əgər Paşinyanın partiyası “Ermənistan” alyansı ilə razılığa gələ bilməsə, bütün bunlar Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnəcək. Koçaryan kimi fiqurun sorğularda uğurlu səslər qazanması sübut edir ki, Ermənistanda revanş əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Əhali həmçinin Paşinyanın noyabr və yanvar danışıqlarındakı davranışından narazıdır”, - ekspert vurğulayıb.

İ.Sukermanın fikrincə, Ermənistan cəmiyyətində hökm sürən millətçi əhval-ruhiyyə və mümkün hakimiyyət dəyişikliyi qeyd olunan razılaşmaların pozulmasına gətirib çıxara bilər:

“Son zamanlar Ermənistan-Azərbaycan sərhədində erməni hərbçiləri tərəfindən pozuntu hallarının artması müşahidə olunur. Bu da Ermənistandakı siyasi tendensiyalardan xəbər verir”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri