10 
Mar
2022
18:52
548
36
1816
Virtual karabakh

Zelenski ilə Ukrayna daha tolerant, etibarlı və açıq olub - Kiyevlilər müharibə barədə

10 Mar, 2022
18:52
1816

Zelenski ilə Ukrayna daha tolerant, etibarlı və açıq olub - Kiyevlilər müharibə barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna xalqı başa düşmür ki, Rusiya niyə qonşu dövlətlərin gələcəyinə qərar verir. Rusiya niyə kimisə nədənsə xilas etdiyini düşünür? Rusiya niyə bizim yerimizə qərar vermək hüququna malik olduğunu düşünür?

Bunu Media.az-a Ukraynadakı son vəziyyətdən danışan Kiyev sakinləri Konstantin Smolenski və Sergey Matvienko bildiriblər.

Onlar qeyd ediblər ki, son dörd gündə Kiyevdə “sakitlik” yaranıb.

“Hələ də haradasa partlayış səsləri eşidilir, lakin paytaxt ətrafında döyüşlərin intensivliyi azalıb. Düzdür, yaxın vaxtlara qədər rusiyalı hərbçilər şəhərətrafı əraziləri intensiv şəkildə bombalayırdılar. İndi orada insanlar işıqsız, susuz qalıb, evləri dağıdılıb”, - deyə onlar bildiriblər.

Ukraynanın paytaxtının sakinləri vurğulayıblar ki, Kiyevətrafı qəsəbələr o qədər dağıdılıb ki, onlar uzun müddət yenidən bərpa edilməli olacaq.

“Söhbət Buçadan, İrpindən, Qostomeldən, Vışqoroddan, Vasilkovkadan gedir... Ağ Kilsəni raketlərlə vurdular, baxmayaraq ki, orada aktiv hərbi əməliyyatlar olmayıb. Bir neçə gün əvvəl İrpendə evakuasiya zamanı bir ailə həlak olub. Amma bu gün ən dəhşətli mənzərə Mariupolda müşahidə olunur. Doğum evindən başqa, digər şəhər infrastrukturuna da ziyan dəyib, artilleriya atəşi davam edir. Mülki insanlar üçün kütləvi məzarlıq qazırlar...” – kiyevlilər vurğulayıblar.

- Rabitə və əlaqə məsələsi necədir?

- Heç bir məhdudiyyət yoxdur. Amma biz görürük ki, Rusiya özünü dünyadan təcrid edir. Onlar istəmirlər ki, öz vətəndaşları alternativ və etibarlı mənbələrdən məlumat alsınlar.

- Rusiyada qohumlarınız, dostlarınız varmı?

Konstantin:

- Bəli, mən mütəmadi olaraq qohumumla, kifayət qədər ağıllı, lakin o sistemdə doğulub böyüyən insanla ünsiyyətdə oluram. O hesab edir ki, Rusiya Federasiyasının belə bir addımı geosiyasi baxımdan düzgün qərardır. Bu sadəcə bir nümunədir.

Amma çoxları başa düşür ki, heç kimin istəmədiyi hansısa cəfəngiyyat baş verir. Anlayırlar ki, etiraz olarsa, üzlərinə dəyənək alacaqlar.

Sergey:

- Bu gün Kiyevdə nisbətən sakitlik hökm sürür. Kommunal xidmətlər, mağazalar, apteklər işləyir... Düzdür, mal seçimi məhduddur, lakin bununla belə, təzə çörək gətirməyə, rəfləri məhsullarla doldurmağa çalışırlar. Ancaq bir nəfər üçün alınan məhsulların sayına məhdudiyyətlər var. İki çörəkdən çox almaq qadağandır.

- Evakuasiya, səfərbərlik... Sakinlər arasında əhval-ruhiyyə necədir?

- Hələ də xəbərdarlıq səsləri eşidilir, sakinlər dərhal sığınacaqlarda gizlənirlər. Kiyev dəmir yolu vağzalı hələ də adamla doludur. Eyni zamanda, əlinizdə silah tutaraq kömək edə bilmirsinizsə və öndə ola bilmirsinizsə, başqa yollar da var. Sadəcə öz işimizi görməklə iqtisadiyyatın davam etməsi üçün hər birimiz üzərimizə düşəni etməliyik.

...Cəbhəyə getmək istəyənlər növbəyə düzülüb. Həmçinin şəhərlərdə asayişi qorumaq üçün çoxlu sayda könüllülər var. Şəhər çox boşalıb, çoxları gedib. Avtomobillər xeyli azalıb. Adətən Kiyevdə nəqliyyatla bağlı problemlər həmişə olub. İndi isə küçələrdə nə hərəkət edən, nə də həyətlərdə dayanan maşınlar yoxdur. Öz nəqliyyatı olanlar guya Ukraynanın qərbinə gediblər. Bəlkə də Polşaya çata bildilər.

Konstantin:

- Milli ruhdan danışırıqsa, deməli, yüksəlişdəyik. Ukraynalılar öz torpaqları uğrunda döyüşməyə hazırdırlar. Kiyevdə qalmağı planlaşdırırıq, qaçmağın mənası yoxdur. Demək istəyirəm ki, çoxları başa düşür ki, biz Kreml rejimi ilə mübarizə aparırıq, amma Rusiya xalqı ilə yox.

- Bəs Kreml nəyə qarşı mübarizə aparır?

- Kreml öz anlaşılmazlığı ilə mübarizə aparır. Biz - ukraynalılar müstəqil olaraq qalmaq istəyirik. Biz Rusiyaya qarşı deyilik. Biz onların Ukraynanın suverenliyinə hörmət etmələrini istəyirik.

Son 2-3 ildə çox şey dəyişib. Bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Mən Fransada oxumuşam və yaşamışam, amma perspektivləri görüb qayıtdım.

Zelenskinin seçkilərdə qələbəsi ölkəmizin tarixində əlamətdar məqamdır. Hamı onu komediya ustası adlandırır, amma seçkilərdə 73 faiz səs toplayan o idi.

Onunla Ukrayna daha dözümlü, daha etibarlı, daha həssas və açıq oldu. Biznes aparmaq asanlaşdı və qorxular azaldı. İnsanlar daha sərbəst nəfəs almağa başladılar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri