28 
Sen
2022
17:48
51
175
3311
Virtual karabakh

“Şimal axını” kəmərlərinin törətdiyi FƏSADLAR: “2026-cı ilədək qazın qiyməti qalxacaq” – RƏY + FOTO

28 Sen, 2022
17:48
3311

“Şimal axını” kəmərlərinin törətdiyi FƏSADLAR: “2026-cı ilədək qazın qiyməti qalxacaq” – RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 26-sı axşam saatlarında “Şimal axını” ilə qaz nəqli dayanıb. Buna səbəb Danimarkanın Bornholm adasının şimal-şərqindəki iqtisadi zonada qaz sızmasının qeydə alınması olub. Məlumata görə, “Şimal axını” qaz kəmərinin üç xətti eyni vaxtda zədələnib. Hadisədən dərhal sonra Danimarka Enerji Agentliyinin direktoru Kristoffer Bettsauv açıqlama verərək bildirib ki, “Şimal axını-1” və “Şimal axını-2” kəmərlərində elektrik və qaz sektorunda hazırlıq səviyyəsinin artırılması istənilib.

Hadisə çoxsaylı müzakirələrə səbəb olub. Hazırda qəzanın hansı səbəbdən baş verdiyi istiqamətində də araşdırmalar aparılır. İsveç və Danimarkadakı ölçmə stansiyaları sızmalar aşkar edilməmişdən əvvəl ərazidə böyük partlayışlar qeydə alıb. Ona görə də İsveç seysmoloqları bunu təxribat kimi qiymətləndirirlər. Norveçli ekspertlər isə qaz kəmərlərinə qarşı növbəti təxribat riski barədə xəbərdarlıq ediblər.

Qaz nəqlinin dayandırılması bir tərəfdən Avropanın enerji təchizatında risklərə, digər tərəfdən də qazın qiymətinin artmasına yol açıb. 

Maraqlıdır, yaranmış vəziyyət nə vaxtadək davam edə bilər? 

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, 
bu texniki problem yaranmadan əvvəl Avropanın aparıcı qaz qovşaqlarında, ticarət platformalarında təbii qazın qiymətində müəyyən enmələr müşahidə olunub:

“Füçers qiymətləri 1000 kubmetr üçün 1700 dollar civarında qərar tutmuşdu. Buna çox ciddi əsaslar vardı. Çünki Avropa İttifaqının 160-dan yuxarı yeraltı qaz anbarında aktiv qaz həcmləri ümumi yeraltı qaz anbarlarının layihə gücünün 87,6 faizini və yeraltı qaz anbarlarına aktiv qaz həcmlərinin vurulması isə gündəlik layihə gücünün 0,3 faizini təşkil edirdi. Bu, normal göstərici idi. Çünki Avropa Komissiyası noyabrın 1-dək yeraltı qaz anbarlarının aktiv qaz həcmləri ilə doldurulmasıyla bağlı üçmərhələli bir paket qəbul etmişdi ki, bu paket Avropa İttifaqına üzv ölkələr üçün məcburi idi. 

Hesab edirdim ki, noyabrın 1-dək Avropanın yeraltı qaz anbarlarında aktiv qaz həcmləri ümumi layihə gücünün 90 faizini təşkil edəcək. Bu, Avropanın isitmə mövsümünü normal başa vurmasına əsas yaradırdı. Sadəcə olaraq, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin Danimarka hissəsində baş verən texniki nasazlıq müəyyən problemlər yaratdı. Lakin bilməliyik ki, bu hadisə olmadan öncə belə, “Şimal axını-2” sənaye istismarına tam hazır olduğu halda, fəaliyyət göstərmirdi. Ukrayna ətrafında baş verən hadisələrdən sonra kəmərin sertifikatlaşmasına məhdudiyyətlər qoyulmuşdu. 

Ekspert diqqətə çatdırıb ki, Ukrayna hadisələrindən sonra “Şimal axını-1” qaz kəmərinin də ötürücülük imkanları gerilədi:

“Portovaya” qazötürmə stansiyasında qaz turbinində yaranmış texniki nasazlıq kəmərin ötürücülük qabiliyyətinə birbaşa təsir etdi və “Qazprom” yaxın vaxtlarda kəmərin tam layihə gücündə fəaliyyət göstərməsinin mümkün olmadığını elan etdi.

Normalda “Şimal axını-1” magistral kəmərinin illik ötürücülük gücü 55 milyard kubmetrdən yuxarıdır. Eyni ötürücülüyü “Şimal axını-2”yə də aid etmək olar. Lakin bu hadisədən öncə “Şimal axını-1”in ötürücülük imkanı 41-42 milyon kubmetr civarındaydı, bu, olduqca aşağı göstəricidir. Təbii ki, Avropa dairələri, bazar iştirakçıları bunu birbaşa Rusiyanın “Qazprom” şirkətinin neqativ fəaliyyəti ilə əlaqələndirirdilər. Əks fikri isə Rusiya tərəfi bəyan edirdi. Çünki “Qazprom”un Avropanın qaz bazarında xüsusi çəkiyə malik olan enerji şirkətidir və arxasında Rusiya siyasi dairələridir. Avropanın qaz portfelində Rusiya qazının iştirak payı təxminən 40 faizdir. Ona görə də Avropa ixrac həcmlərinin azaldılması, təbii ki, Avropada qaz qiymətlərinə təsir göstərəcək. Bu gün artıq Avropanın aparıcı səkkiz qaz satış mərkəzindən birində qazın füçers qiymətləri iki min ABŞ dollarını keçib, 2050-2080 dollar arası dəyişir”.

Həmsöhbətimiz qeyd edib ki, Avropa dairələri Rusiyadan qaz asılılığının azaldılmasında qərarlıdırlar:

“Onlar Rusiyanın beynəlxalq ixrac qabiliyyətinin artırılmasında maraqlı deyillər. Adıçəkilən hər iki kəmərdə texniki nasazlıq başqa iki kəmərin sənaye istismarına verilməsi dövrünə təsadüf etdi. Belə ki, oktyabrın əvvəlində Bolqarıstanla Yunanıstanı birləşdirən qaz kəməri sənaye istismarına veriləcək. Bu kəmər Azərbaycan qazından qidalanacaq, yəni qaz həcmləri Cənub Qaz Dəhlizindən götürüləcək. Norveçin qaz yataqları ilə Polşanın qaz nəqlini birləşdirən Trans-Baltik qaz kəməri isə artıq sənaye istismarına verilib”. 

Z.Vəliyev problemin qısa müddətdə həll olunmayacağını vurğulayıb:

“Çünki Baltik dənizindən keçən kəmərlərin konfiqurasiyası kifayət qədər mürəkkəbdir. Suyun soyuq olması, həm də dərinlikdən asılı olaraq kəmərin dənizin dibiylə keçən hissəsində diametr daim dəyişir və onu tənzimləmək çox çətindir. Ona görə problemin həlli xeyli vaxt aparacaq”.

Mütəxəssis Avropadakı təbii qaz qiymətlərinin artmasının birbaşa bu məsələ ilə bağlı olduğunu deyib:

“Ancaq alternativlər var, onlar Rusiyadan kənarda olan mənbələrdir, üzərində iş gedir. Avropa İttifaqı ciddi alternativlər tapan kimi Rusiya qazından tam imtina edəcək. 

Əvvəldə də dediyim kimi, Ukrayna ətrafındakı hadisələrdən sonra şimal enerji nəqliyyat dəhlizi öz perspektivini itirməyə başladı. Buraya “Şimal axını-1”, “Şimal axını-2” magistral qaz kəmərləri, “Yamal-Avropa” qaz kəməri, Ukrayna üzərindən Avropaya yönələn Ukrayna qaz nəqli sistemində olan qaz kəməri daxildir. 

Hazırda orta enerji dəhlizi geniş perspektivə malikdir. O isə Azərbaycan üzərindən keçən Cənub Qaz Dəhlizidir. Avropanın digər alternativləri də var. Norveç üzərindən qaz həcmlərinin ixracının artırılması nəzərdə tutulub, altı kəmər vasitəsilə bu gerçəkləşir. Həmçinin mayeləşmiş təbii qaz həcmlərinin artırılmasıyla bağlı Əlcəzair, Qətər, ABŞ və digər dövlətlərlə danışıqlar aparılır.

Bütün bunlara baxmayaraq, 2025-2026-cı ilə qədər qiymətlərin yüksək olması davam edəcək. Çünki təbii qaz bazarları neft bazarlarından fərqli olaraq tənzimlənmir. Elə bir beynəlxalq təşkilat yoxdur ki, lazım olan anda təbii qazın ağırlıq mərkəzini bərqərar etmək üçün bazara sanksiyalaşdırılmış müdaxilələr etsin. Təxminən üç il sonra isə həm Avropada, həm də Asiya bazarlarında bir tarazlaşma mövcud olacaq. Əsas məsələ odur ki, təsisatçı şirkətlər süni qiymət artımına getmədən bazarı tənzimləməli və bazara daim müsbət siqnallar ötürməlidir”. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri