Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avtomobillərdə pərdə və plyonkaların çəkilməsi, həmçinin avtoxuliqanlıq haqqında qanun dəyişdi - VİDEO
Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, layihələrin məqsədi yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir.
Təklif olunur ki, sürücü eyni inzibati xətanın gün ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Digər vacib məqam isə kiçik yol-nəqliyyat hadisələri ilə bağlı icraatın sadələşdirilməsi ilə bağlıdır. Belə ki, yalnız kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik təklif edilir.
Əgər tərəflər arasında qarşılıqlı razılıq olarsa və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi aydın olarsa, sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.
İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə, o cümlədən hüquq mühafizə orqanları və sürücülər arasında fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir.
Layihəyə əsasən sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:
Aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.
Digər məsələ isə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlıdır.
Bu məsələ ilə bağlı müxtəlif qurumlar fərqli qərarlar qəbul edirdi. Hətta bəzi hallarda hansı şüşəyə hansı dərəcədə plyonkanın çəkilməsi də fərqli şərhlərə səbəb olurdu, çünki bu cür qərarların hüquqi əsası yox idi. İndi isə təklif edilən dəyişiklikdə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə, jalüz və plyonkaların çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.
Layihələr səsə qoyularaq qəbul edilib.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT