Yan
2016
12:33
182
27
19930
Virtual karabakh

İlham Qasımov: “Oğlan evi”nin belə qarşılanacağını gözləmirdik – MÜSAHİBƏ

8 Yan, 2016
12:33
19930

İlham Qasımov: “Oğlan evi”nin belə qarşılanacağını gözləmirdik – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hədəfimiz tamaşaçıları əyləndirməkdir”.

Oxu.Az aktyor, prodüser, rejissor İlham Qasımov ilə müsahibəni təqdim edir.

- İlham, Sizi təqdim etməyə ehtiyac var?

- Məncə var. Bizdə tez-tez televiziya ekranlarında görünənlər, ələlxüsus da mahnı oxuyanlar tanınır. Ona görə də məncə, özümü təqdim etməliyəm. İlham Qasımov, prodüser, reklam şirkətinin müdiri... İndi isə özümüzə kinorejissor da deyə bilərik. Məncə, bu qədər kifayətdir... (gülür).

- ŞHK (Şən və Hazırcavablar Klubu) və “Yuxu” filminin əsas qəhrəmanı kimi yadda qalan İlham Qasımov ilk dəfə rejissor kimi tamaşaçıların qarşısına çıxdı.

- Bəli, kinorejissor kimi ilk işimdir. Amma rejissor kimi hələ 1994-cü ildən ŞHK-da səhnələrə quruluş verirdim. 1999-cu ildən televiziya verilişlərinə quruluş verməyə başladım. Mən həmin dövrdə hazırlanan verilişlərin həm rejissoru, həm də prodüseri idim, 2002-ci ildən isə reklam çarxları çəkməyə başladım. Reklam filmlərinin həcminin müddətinin qısa olmasına baxmayaraq əslində çox çətin işdir. “Oğlan evi və ya Azərbaycansayağı qarət” isə çəkdiyim ilk tammetrajlı filmdir.

- Niyə məhz komediya janrı ilə?

- Komediyanı yaxşı bilirik... (gülür). Zarafat edə bilirik və zarafatı anlayırıq. Ona görə də məhz bu janrdan başladıq. Təbii ki, məndən də yaxşı zarafat edənlər var, amma ən azından hansı zarafatın necə qarşılanacağını anlayırıq. Zarafatın keyfiyyətinə qiymət verə bilirik. Ona görə də düşündük ki, əgər bu işdən başımız çıxırsa, gəlin, elə komediyadan başlayaq.

- Filmi çəkərkən qarşınıza qoyduğunuz əsas məqsəd nə idi?

- İlk məqsəd keyfiyyətli məhsul ortaya çıxarmaq idi. Maraqlı, tamaşaçını əyləndirəcək bir məhsul. Kino haqqında deyim ki, hələ altı il bundan əvvəl ciddi fikrim var idi ki, həmfikirlərlə bir yerdə yığışaq və film çəkək. Sadəcə, geniş kütlə arasına çıxarmaq üçün imkan yox idi. Çünki o zaman bu sayda kinoteatr yox idi, bir kinoteatr var idi. İndi kinoteatrların sayı çoxalıb, düşünürəm ki, zəhmətimiz hədər getməz.

- Məqsədə nail oldunuzmu?

- Film prokatdadır və bugünkü göstəricilər məqsədimizə nail olduğumuzu göstərir. Filmi izləyirlər və deyəsən, çoxlarının xoşuna gəlir.

- Film hansı tamaşaçı kateqoriyası üçün nəzərdə tutulmuşdu, hədəf götürdüyünüz kateqoriyanın maraq və diqqətini çəkə bildinizmi?

- İlk olaraq yəqin ki, gəncləri və ortayaşlı nəsli. Yəni kinoteatrlara çox gedən insanları. Amma filmi çəkəndən sonra biz özümüz də gözləmirdik, demək olar ki, bütün təbəqələr gəlib baxıb. Və razı gediblər. Filmdə isə bir çox zarafatlar var ki, bunlar gənclər üçün nəzərdə tutulub. Amma filmin gedişatı və hadisələr elə gətirib, elə inkişaf edib ki, hətta yaşlı təbəqə üçün də maraqlı film alınıb. Onlar da baxıblar. Əslində hədəf o deyildi, amma belə olması bizə də xoşdur.

- Film haqqında şərhlərdə “Bu film Azərbaycan kinokomediyasını yeni pilləyə qaldırdı” fikrinə rast gəlirik. Sizcə, çəkdiyiniz filmə qədər gülməli filmlərin böhranı mövcud idi?

- Özünüz cavab verdiz bu suala. Biz Azərbaycan komediyasını yeni səviyyəyə qaldırmadıq. Elə düşünmürəm. Çünki bizim çox gözəl ənənələrimiz var.

- Xüsusilə yeni mərhələ deyirlər...

- Yeni mərhələ deyə bilərlər, çünki tamaşaçı, xüsusilə də gənc tamaşaçılar köhnə filmləri görərək, bu yeni filmlər arasında normal yumor üçün, səviyyəliyumor üçün darıxmışdılar. Təəssüf ki, bir çoxları söyüşlə güldürməyə çalışırlar. Ona görə də çoxdandır ki, gözləyirdilər, darıxmışdılar. Mərhələ kimi deməzdim, bəlkə də yeni bir nəfəsdir, kiçik bir nəfəs.

- Bayağılıqdan uzaq olduğunuz da faktdır. Buna asanlıqla nail oldunuz, ya çətin oldu?

- Çətin idi, bəli. Necə deyim, sizə bayağı zarafat etmək asandır. Xüsusilə türk filmlərini izləsəz, iki dəqiqədən bir söyüşdür. Mənə maraqlı idi, onlar hansıanda zarafat edirlər, şillə-təpik, yıxıldı, söyüş söydü, buna gülürlər. Amma bizdə ənənə var axı, biz başqa cür də zarafat edə bilirik.

Azərbaycankomediyalarını nəzərə alsaq, biz də düşündük ki, bu yolu davam etdiririksə, niyə başqası kimi edək. Biz öz ənənəmizi davam etdirək. Yəni ki zarafatıkeyfiyyətlə edək, söyüşlə yox, vəziyyətlə edək. Bu, çətindir. Bunun üzərində çox işləməlisən. Söyüşlə zarafat etməyə nə var ki? İki dəqiqəyə yazdın, vəssalam. Biz ssenari üzərində beş ay yarım çalışmışıq. Bu, kifayət qədər çətin işdir.

- Bayağılıqdan uzaq durmaq, müasir gənclərin nəbzini tutmağa çalışarkən sırf klassik komediya filmi çəkəcəyiniz sizi qorxutmurdu?

- Yox, hədəf kütləsi başa düşməz deyə qorxu yox idi. Zarafatın, dramaturgiyanın öz qayda-qanunları var. Sadəcə mövzunu özün seçirsən. Ya qurşaqdan aşağı zarafatlar edirsən, ya da ki... Əslində bizdə klassik zarafat yoxdur, bizdə olan zarafatlar gənclərin başa düşəcəyi tərzdədir. Sadəcə biz onları elə etmişik ki, heç kimin xətrinə dəyməsin. Biz də şübhəli zarafatlar da var, amma bu zarafatları çox incə etmişik (gülür).

- Aktyorların oyunundan demək olar ki, hamı razı qaldı. Buna səbəb ssenarinin güclü olması, yoxsa aktyor seçimində ciddilik idi?

- Bu, müştərək bir məsələdir, mən sizə açığını deyim. İstənilən aktyordan müsahibə götürürsüz, və istənilən aktyordan soruşursuz ki, bu rolu necə etdiniz? Doğrudur, onlar böyük əziyyət çəkirlər. Aktyora maraqlı material, maraqlı obraz vermirsənsə, o, öz potensialını nümayiş etdirə bilmir. Boş obrazların yaradıldığı film və ya tamaşalarda aktyor öz məharətini necə göstərsin? Düzdür, bəziləri deyə bilər ki, aktyorlar kimi isə qane eləmir. Maraqlı material vermək lazımdır ki, aktyor özünü göstərə bilsin. Bizim ssenarimiz məncə yaxşı ssenaridir və ona görə də aktyorlar materialı götürüb və məharətlərini göstəriblər.

Üç baş qəhrəmanı nəzərə alsaq və digər ikinci plan aktyorlar üçün şərait yarada bilmişdik, onlar öz məharətlərini göstərə bilmişdilər. Sözsüz ki, peşəkarlar baxıb deyə bilərlər ki, yox orada aktyor obrazdan çıxıb. Dərinə getsək bəlkə var bu xətalar. Amma çoxdandır ki, belə keyfiyyətli məhsul olmadığı üçün tamaşaçı artıq o xətalara baxmır. Bəlkə beş-on ildən sonra baxıb hansısa xətaları deyə bilərlər, sözsüz ki, var belə xətalar. Biz də növbəti işlərdə çalışacağıq daha da mükəmməl işlər görək ki, bu xətaları heç kim görməsin. Amma digərləri ilə müqayisə etsək burada aktyorlar çox gözəl görünür, həm öz məharətlərinə görə, həm də əllərində olan materiala görə.

- Filmin adı “Oğlan evi və ya Azərbaycansayağı qarət”dir. Azərbaycansayağı qarət niyə məhz toyda baş verir?

- Axı mən necə deyim sizə? (gülür). Amerikada bank yarırlar, Rusiyada başqa cür... Bizdə toy industriyadır. Şou-biznesin yarısı toya işləyir. Biz də düşündük ki, toyu qarət etmək lazımdır. Dost-tanışlar hara axır. Türklərdə bilirsiz də toyda gəlib yığışırlar bir iki tikə yemək yeyib gedirlər. Bizdə isə toyu edirlər ki, gələcək beş on il üçün həyatı təmin etsinlər. Bəs haranı qarət etməliyik? (gülür).

- Çəkdiyiniz film ilə eyni zamanda Cem Yılmazın komediya və “Ulduz müharibələri” filmi prokata verildi. Bu, sizin üçün tamaşaçı korluğuna səbəb olmadı ki?

- Bir az təsir etdi düzü. Cem Yılmazdan çəkinirdik düzü. Komediya janrdır, bizdən bir az tamaşaçı oğurlayacağını düşünürdük. Amma elə olmadı (gülür).

- Sirr deyilsə filmə neçə dəfə baxmısınız?

- Filmə ən azı hissə-hissə əlli dəfə baxmışam. Amma belə deyək də iş zamanı sayılmır. Premyeranı da nəzərə alsaq tamaşaçı, dost-tanış ilə azı 12 dəfə baxmışam. Hələ zalda da xəlvətcə baxmışam, axı tamaşaçıların necə qəbul etdiyi maraqlıdır. Amma DJ Fateh məndən çox baxıb (gülür).

İnternetdə oxuyuram, filmelə alınıbki, siz, məsələn özünüz üç dəfə baxmısız. Əslində bureklamdan irəli gələnsirlərdir. Reklamı sürətli, maraqlı çəkirik,reklamınqanunları belədirki, tamaşaçı birdəfə baxdı, məcburolurikincidəfə də baxsın. İkinci dəfə də baxmaq istəyi yaransın. Bu hiyləni filmdə işlətmişik. Zarafatlar ardı-ardına gedir və adam qavramağı çatdırmır. Və istər-istəməz gəlib ikinci dəfə də baxsın. Amma üçüncü və ya dördüncü dəfə baxmaq bu artıq şəxsi istəkdir. Rəylərə baxıram, artıq üç dəfə, dörd dəfə baxan var. Baxsınlar,bu, sevindirici haldır. Biz tamaşaçını əyləndirmək üçün məhsul yaratmışıq, gəlib sevincli anlar yaşayırlarsa, problemləri unudurlarsa, camaatı dərddən yayındıra biliriksə bizim üçün bu, əlbəttə ki, xoşbəxtlik hissidir.

- Tamaşaçılar İlham Qasımovdan yeni komediya gözləsinlərmi, yoxsa o, özünü bu dəfə başqa janrda sınayacaq?

- Yox, yox. Biz dostlarımız ilə hələ çalışacağıq, biz bir hədəf seçmişik ki, tamaşaçıları əyləndirək. Dram, melodram, düşünürəm ki, onu da bacararıq, yaza bilərik ən azından. Nə deyim, hələ ki, “Oğlan evi-2”ni düşünürük. Düşünürük ki, janrı bir az dəyişək.

- Deməli, yeni ildə yeni komediya gözləyə bilərik?

- Biz istəyirik (gülür). Yəqin ki, olacaq.

- Oxucularımıza yeni ildə nə arzu edərdiniz?

- Oxuculara demək istərdim ki, bədbin olmasınlar. Düzdü, çətinliklər də var, amma ruhdan düşməsinlər.

- Maraqlı müsahibə üçün təşəkkür edirik. Sizə və komandanıza uğurlar arzu edirik.

Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri