Azərbaycanın Milli qəhrəmanları Tahir Həsənovun, Faiq Rəfiyevin və Rövşən Hüseynovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulub. O, kəşfiyyat qrupuna rəhbərlik edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak edib, qəhrəmanlıqla vuruşub, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər mübarizə aparıb, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladıb və bir neçə düşməni məhv edib (Şəkildə - ortadakı).
Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində dünyay göz açıb. O, Daxili İşlər Nazirliyinin zabiti kimi Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində fəal iştirak edib, Koçbəy kəndini ermənilərdən azad edərkən qəhrəmanlıqla vuruşub və 1992-ci il yanvarın 10-da həlak olub (sağdakı).
Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il fevralın 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulub. Onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin tələbələri dəstə düzəldib və cəbhəyə yola düşüblər. Rövşənin komandiri olduğu tələbə tağımı Goranboy rayonu ərazisində Holandağ yüksəkliyi, Ergəc, Mənəşli, Buzluq döyüşlərində qəhrəmanlıq göstərib. O, 1992-ci il mayın 11-də Marquşevan uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub (soldakı).