Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İstifadədə olan qaz sayğacları hansı xüsusiyyətlərinə görə fərqlənir? - VİDEO
“Öncədən ödəniş tipli sayğacın (smart-kart tipli sayğac) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir”.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
“Hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. Belə ki, abonent öncədən ödəniş tipli sayğaclarda dövri olaraq istehlak edəcəyi qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən alır, sonra isə alınan həcmdə qazı istifadə edir.
Mexaniki-elektron sayğacda isə əksinə, abonent təbii qazdan öncədən istifadə edir və istifadə etdiyi qazın dəyərini sonradan ödəyir. Öncədən ödəniş tipli sayğacda ödəniş edilməsi karta məbləği yükləməklə terminallar vasitəsi ilə mümkün olur, mexaniki-elektron sayğacda isə ödəniş 30 gün müddətində terminallar, bank və internet resursları, bank kartı, mobil tədbiqlər vasitəsi ilə həyata keçirilir. Öncədən ödəniş tipli sayğacda vəsait bitdikdə qaz təchizatı sayğacın daxilindəki klapan vasitəsi ilə günün hər hansı bir vaxtında avtomatik rejimdə dayandırılır, adi mexaniki-elektron sayğacda isə qaz təchizatı dayandırılmır. Mexaniki-elektron sayğacın üzərinə kompakt ötürücü qurğu (sensor) quraşdırıldıqda isə abonent tərəfindən 30 gün müddətində qazın dəyəri ödənilməzsə, qaz təchizatı həmin qurğu vasitəsi ilə dayandırıla bilir.
Öncədən ödəniş tipli sayğacla müqayisədə mexaniki-elektron sayğac vasitəsi ilə hansısa bir zaman kəsiyində istifadə edilmiş qazın həcmini abonent asan müəyyən edə bilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Avropanın əksər ölkələrində öncədən ödəniş tipli sayğacdan istifadə çox azdır”, - C.Səfərov bildirib.
Rəylər