Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Şahdəniz” yatağında dayanmanın səbəbi araşdırılır - AÇIQLAMA
“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının nəqli qısamüddətli dayanmadan sonra bərpa olunub.
Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
“Platformaların birində hasilat qısa müddətdə dayandırılıb. Bir neçə saat ərzində problem aradan qaldırıldı və qazın nəqli davam etdirildi”, - deyə o bildirib.
İbrahim Əhmədov əlavə edib ki, hazırda dayanmanın səbəbi araşdırılır.
Xatırladaq ki, 23 fevral tarixində Azərbaycandan Türkiyəyə təbii qaz tədarükünün “Şahdəniz” qaz yatağı ərazisində yaranmış texniki nasazlığa görə dayandığına dair məlumat verilmişdi.
Qeyd edək ki, Şahdəniz yatağında hasil edilən təbii qaz sualtı boru kəmərləri vasitəsilə Bakı şəhərindən 55 km cənubda yerləşən Səngəçal terminalına çatdırılır. Daha sonra qazın bir hissəsi Səngəçal terminalından Azərbaycanın milli qazpaylayıcı şəbəkəsinə qoşulan SOCAR-ın müvafiq boru kəmərinə ötürülür. Qazın qalan hissəsi isə Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir.