25 
Yan
2015
16:20
34
260
12228
Virtual karabakh

Ermənilər Azərbaycana məxsus qədim tikililər üzərində özlərinə “tarix” yaradırlar - FOTOLAR

Ərazinin baxımlı yerlərində erməni xaçdaşları və kilsələri tikdirirlər.

“Azərbaycan” qəzeti ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında tarixi abidələri necə saxtalaşdırması ilə bağlı məlumatlar və fotofaktlarla zəngin olan material dərc edib. 

Oxu.Az həmin materialı oxuculara təqdim edir: 
 
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də yenidən antiazərbaycan hərəkatı qızışdı. Belə ki, 1965-ci il aprelin 23-də uydurma “erməni soyqırımı”nın 50 illiyi Ermənistanda geniş qeyd edildi və bu hadisə  azərbaycanlıların ata-baba torpaqlarında sıxışdırılmasına yeni, güclü təkan oldu. Erməni diasporlarından ciddi dəstək alan ermənilər 1967-ci ildə Xankəndidə bir neçə azərbaycanlını qətlə yetirdilər.

1988-ci ildən isə Ermənistan Azərbaycana  qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1992-ci ildə öz havadarlarının köməyi ilə Azərbaycanın 20 faiz ərazisini, o cümlədən  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini  və bu əraziyə bitişik 7 inzibati rayonu işğal etdi. 

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Həmin yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.

1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Mütəxəssislər tərəfindən Azıx adamının 350-400 min illər əvvəl yaşadığı güman olunur.  Eneolit (e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır.

Ermənistan özünün işğalçı hərəkətlərinə haqq qazandırmaq üçün ələ keçirdiyi  ərazilərin erməni torpaqları olduğunu, bu torpaqlarda tarixən yalnız ermənilərin yaşadığını iddia edir. Onlar bu iddialarını əsaslandırmaq üçün Azərbaycan mədəniyyətini məhv edərək  yerində yeni erməni milli-mədəni dəyərlərinin “yaradılması” üçün ciddi fəaliyyət göstərirlər.

Neolit dövründən XXI yüzilliyədək müxtəlif zamanları əhatə edən mağara tikililəri, təsvirləri, kurqanlar, həcmli heykəllər, qalalar, süjetli və ornamental qabartmalar, memarlıq abidələri ilə zəngin olan Azərbaycanın işğal altındakı ərazilərini tədqiq edərkən xalqımızın hələ min illər bundan öncədən necə böyük bir mədəniyyətə sahib olduğuna heyranlığını gizlədə bilmirsən. Dünyanın heç bir yerində rast gəlmədiyimiz bənzərsiz gözəlliyi ilə bir-birindən fərqlənən mədəniyyət nümunələrinə diqqət yetirəndə onların xüsusi zövq və özünəməxsus bədii təfəkkürlə hazırlandığının şahidi olursan.

Bəlkə də daş, insanların məişətinə Allah-təalanın bəxş etdiyi ilk təbii sərvətlərdən biri olduğuna görə elə insanlar da özlərinin oyma, yonma, cızma üsulu ilə çəkdikləri rəsmlərini daşlar üzərində yaradıblar. Təbii ki, Azərbaycanın digər ərazilərində olduğu kimi, Dağlıq Qarabağ və ona bitişik ətraf  rayonlarda da müxtəlif bəzəklərə - nəbati, həndəsi, quş, heyvan rəsmlərinə daha çox dağ daşları və memarlıq abidələrinin divarları üzərində rast gəlinir.

Tunc dövründən sonrakı dövrlərdə bir çox memarlıq abidələrinin bəzəkləri arasında əsas etibarı ilə fərdi xüsusiyyət daşıyan quş, heyvan, insan təsvirlərinə də rast gəlmək olur. Bu təsvirlərin əksəriyyəti statik vəziyyətdə oyulsa da, bunların arasında dinamik - hərəkətdə olan həyati təsvirlərə də çox təsadüf edilir.

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu ərazilərdə mövcud olan milli-mədəni ornamentlər qədim türkdilli tayfaların etiqadı ilə əlaqədar təsviri sənətə gəlmiş bir çox orijinal süjetli motivlərdir. Buna misal olaraq, şamanların dini mərasimlərini, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana çıxmış onğon quştotemlərinin təsvirlərini göstərmək olar. Bütün bunlardan xəbərdar olan ermənilər azərbaycanlıların izlərini bu torpaqlardan silmək üçün ərazilərdəki totemləri ya məhv edir, ya da formasını dəyişdirirlər. Məhz bu səbəbdən də Ermənistan hökuməti Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin ermənilərə “məxsus”luğunu dünyaya göstərmək üçün “tarixi” və “mədəni” “sübut”lar yaratmaqla, yəni, mövcud daş plastikasının forma və məzmununu dəyişdirməklə məşğul olurlar. Belə ki, ermənilər işğal etdikləri  ərazilərdə hər il yüzlərlə müxtəlif həcmli və müxtəlif formalı erməni xaç daşlarının və onlarca erməni kilsəsinin tikinti işlərini həyata keçirirlər.

Bütün bu “fəaliyyət” onsuz da zəif olan Ermənistan büdcəsinə milyonlarla dollar ziyan vursa da, hökumət Dağlıq Qarabağ və ətraf ərazilərdə Azərbaycanın milli-mədəni dəyərlərinin məhv edilməsi ilə bağlı  işlərini dayandırmağı düşünmür.

Azərbaycan tarixinin və mədəniyyətinin məhv edilməsi istiqamətində Ermənistanın belə təhlükəli fəaliyyətinin qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan ziyalılarına və ictimaiyyət nümayəndələrinə “Azərbaycanın işğal altındakı ərazilərdə qalan Azərbaycanın milli-mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliğatının daha da gücləndirilməsi” barədə verdiyi tapşırıqların zərurətdən yarandığı indi aydın olur.

Ermənilər işğal altında saxladıqları ərazilərdə Azərbaycanın milli mədəniyyət nümunələrini mənimsəmək və bu torpaqların tarixən ermənilərə məxsusluğunu “sübut” etmək üçün bir çox metodlardan istifadə edirlər:

1. Ərazinin baxımlı yerlərində erməni xaçdaşları və kilsələri tikdirirlər.

2. Xristianlığa qədər olan tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğu barədə geniş təbliğat işi təşkil edirlər.

3. Xristianlıq dövrü abidələrinin ornamentləri üzərində dəyişiklik edərək  abidələri erməniləşdirirlər.

4. Müsəlman dini abidələrini tamamilə dağıdıb məhv edirlər.

İşğal altında olan Azərbaycan ərazilərinin baxımlı yerlərində - yol kənarlarında, dağ yamaclarında istirahət yerlərində, keçmiş sağlamlıq mərkəzlərinin ərazilərində erməni xaç daşlarının  tikilib yerləşdirilməsi artıq kütləvi hal almışdır.

Hələ də Dağlıq Qarabağ və ona bitişik ərazilərdə zəmanəmizə qədər öz elmi qiymətini ala bilməyən müxtəlif tarixi dövrləri əhatə edən bu bölgədəki süjetli daşlar, at, qoç fiqurları, oymalar, daş, qaya rəsmləri, eləcə də burada yaşayan yerli əhalinin həyat tərzi bir çox yerli və xarici ölkələrdən gələn tədqiqatçıların diqqətini özünə çəkə bilmişdir. Xarici tədqiqatçıların bir çoxunun bu bölgənin tarixi və mədəniyyəti haqqındakı dəyərli fikirlərinə müxtəlif elmi mənbələrdə tez-tez rast gəlmək olur.

Qafqazda köklü tarixləri olmayan ermənilər məqsədli şəkildə Alban abidələrini mənimsəmək, Alban memarlığının milli mənsubiyyətini dəyişmək yolunu tutublar və yorulmadan “mübarizə” aparırlar. Ən çox mənimsənilməyə və dəyişikliyə məruz qalan abidələr isə bazilika, sovmə və kilsə tikintiləridir. Burada ermənilər belə tipli abidələr üzərindəki xristian dininin rəmzləri və simvolları, eləcə də daş və divar rəsm nümunələrini əsas götürərək bunları qriqoryan dininə məxsus elementlər kimi təqdim edirlər. Bu da tarixin saxtalaşdırılmasına gətirib çıxarır.

Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A.Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır: “...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azəbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar. Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir”.

Görkəmli qafqazşünas rus tarixçisi Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Tərəfimizdən aparılan araşdırmalar göstərir ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki işğal altındakı Azərbaycan əraziləri Albaniya və Atropatena dövlətinin tərkib hissəsi olmuşdur (e.ə. IV - eramızın VII əsri).

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Təqribən minillik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində  alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi.

Bu abidələrin əksəriyyəti Azərbaycanın bir çox ərazilərində öz ilkin formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatmışdır. Buna misal olaraq, Kəlbəcər rayonunda Xudavəng memarlıq kompleksi - XIII əsr,Talış kəndində Urek məbədi - 1279-cu il, Qozlu kəndində Xudavəng məbədi - 1204-cü il, Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi - IX əsr , Varazuğun məbədi - XII əsr, Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı - IV əsr, Ağdərə rayonundakı müqəddəs Yelisey məbədi, Vəng kəndində Gəncəsər məbədi - XIV əsr, Qubadlı rayonundakı Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi - (XII əsr), Xocalı rayonunda Xansıx (1122), Xaçmaç - 1100 il, Armudlu - 1202-ci il məbədləri, Xocavəng rayonu Tuğ kəndində Qırmızı məbəd - 1000 il, Qərbi Azərbaycan ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərçivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir.

Hazırda ermənilər bu abidələr üzərindəki daş kitabələri, ornamental görüntüləri, bədii daş nümunələrini və bir çox xristian dini simvollarını dəyişdirərək mətbuatda bu abidələri erməni kilsələri və monastırları kimi təqdim edirlər.

Aydındır ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan ölkəmiz qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuş, Azərbaycanın əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə  böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur.

Məlumdur ki, keçmiş SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarixi və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda abidələr dövlət  qeydiyyatından kənarda qalmışdı. Bu isə Azərbaycanın işğal altında olan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və onlara işğal dövründə ermənilər tərəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Eyni zamanda, işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrindən istifadə olunmaması, yəni, abidələrin mövcud vəziyyətdə işğal altında qalması Azərbaycanın tarixinə, mədəniyyətinə və eyni zamanda, dövlətin büdcəsinə  hər il milyonlarla manat ziyan vurur. Yuxarıda göstərildiyi kimi, ilkin hesablamalara görə, işğal nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinə vurulmuş zərər aşağıdakı kimi dəyərləndirilir:

Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi miqdarı: 84 883 726$

Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin ümumi miqdarı: 46 066 086$

İşğal olunmuş ərazilərdəki daşınan  tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi hesabı: 47 050 188$

İşğal olunmuş ərazilərdəki  tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi hesabı: 177 000 000$  təşkil edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycana vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması  tələbini qarşıya qoyur. 

Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində xüsusi vurğulanır ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, “...beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam  ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər”.

Azərbaycan XVIII əsrin sonlarından ta XXI əsrədək ermənilər tərəfindən daim ərazi itkisi ilə üzləşdiyindən, özünün mədəniyyətinin böyük itkisi və tarixinin təhrif edilməsi ilə qarşılaşmışdır. Bu gün işğal altındakı ərazilərdəki tarix və mədəniyyət abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsi və müdafiəsi  daha çox aktuallıq kəsb edir. Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onların mühafizə edilərək, gələcək nəsillərə çatdırılması bütün dünya xalqlarının borcu və ümdə vəzifəsi hesab edilməlidir.

Faiq İSMAYILOV,

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri