Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Komitə: 19 qeyri-islam dini icmaya 380 min manat maliyyə vəsaiti ayrılıb
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağı davam edir. Bu məqsədlə iyunun 1-də Dövlət Komitəsində maliyyə yardımı ayrılmış qeyri-islam dini icmaların sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, 2011-ci ildən dövlət tərəfindən qeyri-islam dini icmalara maliyyə yardımı ayrılır. Həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərdiyini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən Komitə sədri dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Mübariz Qurbanlı qeyd edib ki, 19 qeyri-islam dini icmaya 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.
Bu gün Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu vurğulayan Dövlət Komitəsinin sədri ölkəmizin daha bir beynəlxalq yarışa - İlk Avropa oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.
Azərbaycanda dövlət-din münasibətlərindən danışan Komitə sədri bildirib ki, Respublika Prezidenti və Heydər Əliyev Fondu ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafı istiqamətində böyük işlər görür, məscid, ziyarətgah, eləcə də kilsə və sinaqoqlar əsaslı təmir və bərpa olunur.
Eyni zamanda, Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə tarixən də dini ayrı-seçkiliyə yol verilməyib və Azərbaycanda hökm sürən tolerantlıq dünyaya nümunə kimi göstərilə bilər. Azərbaycanın ictimai - siyasi həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai - siyasi və dini sabitlik hökm sürür. İstər müsəlman, istərsə də xristian ölkələri ətrafında gedən prosesləri diqqətlə izləməli və ondan nəticə çıxarmalıyıq.
Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.
Bakı şəhəri Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev toplantıda çıxış edərək dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib. İcma sədri Azərbaycanın multikultural və tolerant ölkə olduğunu qeyd edib.
Alban -Udi Xristian dini icmasının sədri Robert Mobili dini maarifləndirmə nəticəsində radikalizmə qarşı mübarizə aparılmasının zəruriliyini diqqətə çatdırıb. O, ölkə rəhbərliyinin bu işdə qeyri-islam dini icmalara göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının provaslav dini təşkilatının nümayəndəsi Elnur Əfəndiyev təmsil etdiyi təşkilat adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dini icmalara maliyyə yardımının ayrılması ilə bağlı imzaladığı sərəncama görə minnətdarlığını bildirib.
Sonda qeyri-islam dini icmaları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri qeyri-islam təmayüllü dini icmalara dövlət tərəfindən maliyyə yardımı göstərilməsinə görə Prezident İlham Əliyevə sonsuz təşəkkürlərini bildirib, vahid Vətənimiz olan doğma Azərbaycanımızın tərəqqisi və firəvan günlərə qovuşması naminə həyata keçirdiyi möhtəşəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıblar. Müraciətdə deyilir: "Dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilməsi artıq ənənəyə çevrilib və biz bunu təqdir etməklə yanaşı, həm də dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycana xas xüsusiyyət kimi qiymətləndiririk. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər".
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.
E.Ə.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər