Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Oxu.Az-ın APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə izdiham yaşanıb. Şəhidin cənazəsi torpağa tapşırıldıqdan sonra məzarı üstünə əklil və qərənfillər qoyulub.
10:18
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak ediblər.
Müdafiə naziri Z.Həsənov şəhidin ailə üzvlərinə başsağlığı verib.
Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.
Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib.
Şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunacaq.
09:52
2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, mərasimdə yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edirlər.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
A.M.