12 
Sen
2015
10:15
265
19
11713
Virtual karabakh

“TurAz Qartalı-2015”: Birliyin gücü – FOTO

12 Sen, 2015
10:15
11713

“TurAz Qartalı-2015”: Birliyin gücü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz sovet taktikasını bilirik, NATO taktikasını da artıq öyrənmişik”.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı-2015” birgə taktiki təlimləri davam edir.

Oxu.Az xəbər verir ki, təlimlərə Azərbaycan və Türkiyə HHQ-yə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən 4 MiQ-29, 6 F-16 qırıcı, 4 Su-25, 3 F-4 bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri cəlb olunub.

Azərbaycan Hərbi Hava Qüvvələrinin idarə rəisi, polkovnik Elçin Axundovun verdiyi məlumata görə, təlimlərin məqsədi iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətini təmin etmək, təcrübə qazanmaqdır. 

“Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı-2015” birgə taktiki təlimləri yüksək səviyyədə davam edir. 

Müdafiə naziri Zakir Həsənovun tapşırığı var ki, təlimdən təlimə tapşırıqlar mürəkkəbləşdirilsin, çətinləşdirilsin və pilotlarımız maksimum dərəcədə ağır əməliyyatları həyata keçirməyə hazır olsunlar. Cənab Ali Baş Komandanın əmri olarsa, Azərbaycan Hərbi Hava Qüvvələri düşmənin istənilən döyüş nöqtəsini hər an, elə bu dəqiqə məhv etməyə hazırdır”.

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev bildirib ki, Azərbaycan və Türkiyə pilotlarının birgə iştirakı ilə artıq 3-cü təlimin böyük əhəmiyyəti var:

“Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər.

Azərbaycan Respublikasının pilotları F-16 və F-4, Türkiyə Respublikasının pilotları isə MiQ-29 və Su-25 təyyarələrində uçuşlar edərək şərti yaxın hava döyüşlərini keçiriblər. MiQ-29 və F-16 təyyarələri hava düşməninə qarşı döyüş üzrə, Su-25 və F-4E təyyarələri isə düşmənin yer hədəflərinə qarşı təlimlər keçirirlər.

Biz sovet taktikasını bilirik, NATO taktikasını da artıq öyrənmişik. İndi bizim aviasiya qüvvələri bu iki taktikanın birləşməsindən yeniliklər əldə edir. Sovet və NATO təyyarələrində elektronika sistemi, sürət və hündürlük ölçmə, naviqasiya sistemləri fərqlidir. Pilotların öyrədilməsi metodu da fərqlidir. Azərbaycan və Türkiyə arasında ilk təlimlərlə müqayisədə artıq bizim pilotlarımız indiyədək bir çox işləri öyrəniblər. Pilotlarımız bir-birini tez başa düşür, artıq bərabər uçuşlarımızda heç bir problem yoxdur”.

Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri