İyn
2021
11:42
9
130
5334
Virtual karabakh

Əhməd Cavadın nəticəsindən şairin ata yurdunun yararsız olması ilə bağlı AÇIQLAMA - ÖZƏL

Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə nəticəsi Cavad Axundzadə aydınlıq gətirib.

C.Axundzadə Oxu.Az-a açıqlamasında bildirilib ki, şair Şəmkir rayonu Seyfəli kəndində böyüyüb:

“Bir neçə gündür ki, Əhməd Cavadın sosial şəbəkələrdə fotosu yayılan yararsız evdə böyüdüyünə dair məlumatlar paylaşılır. Ulu babamın həmin kəndə yaşadığı doğrudur, amma foto yayılan evdə böyüməsi dəqiq deyil.

Çünki 1930-cu illərdə repressiya zamanı ev Əhməd Cavaddan alınıb və poçt işçisinə verilib. Həmin mülkiyyətçilər orada yaşayıblar. Evi söküblər və ya təmir ediblər, biz bunu bilmirik”.

O bildirib ki, Əhməd Cavad təhsilini Gəncədə alıb:

“Daha sonra Türkiyədə, Batumidə olub. Sonrada Azərbaycana qayıdıb və Azərbaycan Dövlət Himnini yazıb”.

Nəticəsi əlavə edib ki, 1980-ci illərin axırında şairin oğlu Yılmaz Axundzadə Şəmkirdəki evi almaq və ev muzeyi yaratmaq istəsə də, mülkiyyətçilər bununla razılaşmayıb:

“O ev bizim özümüzdə olsaydı, biz onu bu vəziyyətdə saxlamazdıq. Evin bu vəziyyətdə olması digər mülkiyyətçidən asılıdır”.

C.Axundzadə Bakıda Əhməd Cavadın ev muzeyinin olmasının arzusundadır:

“Ulu babamın Bakı şəhərində İstiqlaliyyət küçəsində yaşadığı ev muzey kimi fəaliyyət göstərərsə, daha yaxşı olar”.

Qeyd edək ki, bir neçə gündür ki, istiqlal şairi Əhməd Cavadın Şəmkir rayonu Seyfəli kəndindəki ata yurdunun yararsız halda olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri