16 
Apr
2019
16:23
34
120
768
Virtual karabakh

SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1,846 mln. ton neft, 1,561 mlrd. kubmetr qaz hasil edilib.

Bu barədə SOCAR məlumat yayıb.

Ölkə üzrə qaz hasilatı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,075 mlrd kubmetr, neft hasilatı 0,15% artaraq, 9,694 mln. ton təşkil edib.

Bildirilib ki, 2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olub. “Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir.

Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 mln. kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940 - 6810 metr dərinliyindən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib”,-məlumatda qeyd edilib. 

Layihənin mühəndislik dizaynı SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihə SOCAR-ın “Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilib, qazma üzrə podratçı “SOCAR AQŞ” MMC olub. Digər podratçılar, o cümlədən “Baker Hughes”, “GE Company”, “Cameron”, “Sumitomo”, “Azeri MI”, “Weatherford”, “Schlumberger”, “Interwell”, “Azorel”, AXDG, CMS, “Azlab” MMC layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər. Ümumilikdə hesabat dövrü ərzində SOCAR üzrə 40 303 metr qazma işləri həyata keçirilib. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR geoloqlarının ən böyük kəşfidir: “Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək, quyunu 6800 metrdən artıq, Şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Potensial hasilatı ildə təqribən 900 mln. kubmetr həcmində qiymətləndirilən bu məhsuldar quyunun istismara verilməsi münasibəti ilə “Ümid-Babək” Əməliyyat Şirkətimizin kollektivini, bütün Azərbaycan neftçilərini və əziz xalqımızı ürəkdən təbrik edirəm”. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri