31 
Mar
2020
16:05
257
126
13038
Virtual karabakh

Dövlətin koronavirusa qarşı “xilas paketi”: Dövlət zəmanətli kreditlər, işıq limitinin artırılması - TƏHLİL

31 Mar, 2020
16:05
13038

Dövlətin koronavirusa qarşı “xilas paketi”: Dövlət zəmanətli kreditlər, işıq limitinin artırılması - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” verilişinə müsahibəsində koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin azaldılması ilə bağlı yaradılmış İşçi Qrupun hazırladığı təkliflər barədə danışıb.

İşçi Qrupun rəhbəri Mikayıl Cabbarovun müsahibə zamanı açıqladığı məlumatlar və irəli sürülən konsepsiyalar barədə dedikləri Azərbaycan iqtisadiyyatının postpandemiya dövrünə hazırlıq səviyyəsinin göstəricilərini özündə əks etdirir. Bu göstəricilər, nəzəri baxımdan genişmiqyaslıdır. Şübhəsiz ki, praktiki mexanizmi də genişmiqyaslı olacaq.

Azərbaycan hakimiyyətinin iqtisadi blokunun hazırladığı təkliflər paketi böhrandan qorunmaq doktrinasıdır və demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir.

2.5 milyard manatlıq doqquz proqram

Sosial izolyasiya tədbirləri nəticəsində ölkə iqtisadiyyatında dinamikanın aşağı düşməsi əhalinin gəlirlərinə də təsirsiz ötüşmür. İqtisadiyyatdakı durğunluğun və sosial sferada yaranan problemlərin aradan qaldırılması və ya minimallaşdırılması dövlətin qarşısında duran çağırışlardandır.

Hökumətin “iqtisadi qvardiyası” önləyici tədbirlər məqsədilə koronavirusun zərər vurduğu sahələrə dövlət dəstəyinin göstərilməsi üçün doqquz proqram hazırlayıb.

Mikayıl Cabbarov bildirib ki, proqramlar hazırlanarkən ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib.

“Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib”, - deyə M.Cabbarov söyləyib.

Dövlət dəstək proqramlarının maliyyə həcmi 2.5 milyard manat təşkil edir. Bu dəstək sistemi makro Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3 faizi həcmindədir.

2019-cu ildə ölkənin ÜDM-i əvvəlki illə müqayisədə 2,2 faiz artaraq, 81 milyard 681 milyon manata çatıb.

2020-ci ilin büdcə proqnozlarında isə ÜDM-in 83 milyard manata yaxın olacağı proqnozlaşdırılır.

ÜDM makroiqtisadiyyatda əsas indikatordur. Azərbaycanın da ÜDM-in üç faizini sosial-iqtisadi paketə daxil etməsi mühüm addımdır.

İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulub.

300 mindən çox işçinin maaşının bir hissəsini dövlət ödəyəcək

Dövlət izolyasiya tədbirlərinə görə, işə getməyən vətəndaşların sosial durumunu diqqətdə saxlayır.

Nazir Mikayıl Cabbarovun dediyinə görə, birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir.

Bu proqramın fəlsəfəsi həmin işçilərin əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir.

Ən son rəsmi statistik göstəricilərə əsasən, hazırda ölkədə 1 milyon 555 min muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.

Ticarət obyektləri də kənarda qalmayacaq

Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və “mall”lar, əyləncə, nəqliyyat və s. sahələrdir. Bu sahələr barədə detallı məlumatlar yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Bu sektorlarda olan şirkətlərdə muzdlu işçi kimi çalışan hər bir vətəndaş bu proqramla əhatə olunacaq.

M.Cabbarov bildirib ki, daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada güzəştlərin tətbiqində 70%-lik dəstək tətbiq ediləcək.

“Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əməkhaqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əməkhaqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir”, - deyə M.Cabbarov əlavə edib.

Biznesə bir daha “yaşıl işıq” yandırılır, kreditlərdə güzəştlər nəzərdə tutulur

Prezident İlham Əliyevin sərəncamı ilə sahibkarlığa dəstək üçün Nazirlər Kabinetinə bir milyard manat ayrılıb. Nəzərdə tutulur ki, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.

Ümumilikdə isə bu proqramlar 600 minə yaxın insana şamil ediləcək.

Biznesə vergi güzəştləri, biznesin kreditlərə çıxışının daha da asanlaşdırılması, ipoteka kreditlərinin dəstəklənməsi, vergi ödəyicilərinin bank kreditlərinə dəstək verilməsi də təkliflər paketinin içərisindədir.

Üstəgəl, bir milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramı da mövcuddur.

Bu proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən, mənfi təsirlərə məruz qalan sektorları əhatə edən, 9-10 mart tarixindən əvvəl götürülmüş, vaxtlı-vaxtında indiyədək ödənilən kreditlərə və qeyd edilən meyarlara cavab verən kreditlər portfelinə baxılacaq.

Nazir söyləyib ki, onların faizlərinin ödənilməsində mövcud yükün 10%-nin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsinə dəstək veriləcək. Beləliklə, bu bir milyard manat kredit portfeli sahibkarlara dəstək proqramı kimi formalaşacaq.

Növbəti böyük proqram yeni verilən kreditlərə şamil edilir. Real sektorun kreditləşməsi hökumətin prioritetidir. Bu baxımdan, bundan sonra da bank sektorunda canlanmanı təmin etmək üçün real sektorun banklar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur.

Nazir məlumat verib ki, beləliklə, banklar tərəfindən yeni verilən kreditlərin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15%-i keçməməlidir, müddəti isə 3 ilə qədər olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.

İşıq limiti, təhsil xərclərinin ödənilməsi

Təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da var.

Nəhayət, mühüm proqramlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı də nəzərdə tutulur.

Dövlətin “xilas paketi” təkcə bununla yekunlaşmır. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri