24 
Sen
2021
17:46
265
21
7651
Virtual karabakh

Masallıdan Amerikaya: Hər ay minlərlə məhsul istehsal edilən sənaye məhəlləsindən REPORTAJ + FOTO

24 Sen, 2021
17:46
7651

Masallıdan Amerikaya: Hər ay minlərlə məhsul istehsal edilən sənaye məhəlləsindən REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci il 18 sentyabr tarixindən etibarən fəaliyyətə başlayan Masallı Sənaye Məhəlləsində hazırda 9 rezident qeydiyyata alınıb və onlardan 7-si tam fəaliyyət göstərir.

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Masallı Sənaye Məhəlləsinə infoturu çərçivəsində buradakı müəssisələrin fəaliyyəti ilə tanış olduq.

Oxu.Az-ın müxbiri xəbər verir ki, hazırda burada fəaliyyət göstərən müəssisələrdə 85 işçi çalışır. Sənaye müəssisəsində çeşidli məhsullar – yumşaq mebel, mətbəx mebeli, dam örtükləri və aksesuarları, plastik qapı-pəncərə, yaş oboy, taxta məhsullar istehsal edilir. 

Müəssisələrin bir qismi 2018-ci ildən, bəziləri isə yenicə fəaliyyətə başlayıb. Sənaye məhəlləsində 2018-ci ildən bu yana fəaliyyət göstərən “Foriella” MMC-nin istehsal etdiyi yaylı yataq və metal yaylar daxili bazarla yanaşı xaricə də ixrac edilir. Müəssisənin aylıq istehsal gücü 2500-3000 arasındadır.

Zavodun istehsal şöbəsinin sədri Rasim Ağaverdiyev bildirir ki, dəzgahlar və avadanlıqlar tam olaraq Avropa standartlarına uyğundur, xammalı isə bacardıqları qədər daxili bazardan tədarük edirlər:

“Tələbat çox olduqda xammalı MDB ölkələrindən idxal edirik. Hazırda ABŞ-a qədər ixrac həyata keçiririk. İxrac edilən məhsullar tam ortopedik yataqlar, premium, lukra və deluks modellərdir.

Məhsullarımızın müəssisədən çıxış qiyməti müxtəlifdir. Tək çarpayıların qiyməti 60-165 AZN arasında, qoşa çarpayıların qiyməti isə 90-600 AZN arasında dəyişir”.

Bu müəssisənin yaradılmasına 1,2 milyon manat investisiya qoyulub və 35 iş yeri yaradılıb.

Masallı Sənaye Məhəlləsi fəaliyyətə başlayandan burada dam örtükləri və aksesuarları istehsal edən “ELC-ZM” MMC-nin illik istehsal gücü 1000 tondur. Məhsulun bir kvadratı isə 5 AZN-dən başlayır. Əsas xammal idxal edilir və burada müştərinin sifarişinə əsasən formaya salınaraq kəsilir. Hazırda müəssisənin məhsullarına kifayət qədər tələbat var və gələcəkdə istehsal gücünün artırılması planlaşdırılır. Müəssisəsinin investisiya dəyəri 500 min manatdır və burada 6 yeni iş yeri yaradılıb.

Sənaye məhəlləsində fiziki şəxs Ramin Əsgərov tərəfindən yaradılan plastik qapı və pəncərə istehsalı müəssisəsinə 100 min manat investisiya qoyulub. Müəssisədə aylıq 200 kvadrat metrdən çox məhsul istehsal edilir. Plastik pəncərə və qapının bir metri üçün satış qiyməti 9,50 AZN-dən başlayır və məhsulun bir kvadratının dəyəri 75-80 manat arasında dəyişir.

Yumşaq və mətbəx mebeli istehsalı ilə məşğul olan və fərdi sahibkar Əsəd Əzizova məxsus müəssisədə isə hazırda 5 nəfər işlə təmin edilib. Burada istehsal edilən mebellərin qiyməti 800-900 AZN-dən başlayır.

Həmçinin sənaye məhəlləsində “BAF” MMC-nin dekorativ divar örtüyü istehsalı da həyata keçirilir. Müəssisənin yaradılmasına 350 min manat investisiya qoyulub və 7 nəfər işlə təmin edilib. Müəssisənin illik istehsal gücü 30 tondur.

Sənaye Məhəlləsində fəaliyyət göstərən daha bir müəssisə tikinti materialları istehsalı ilə məşğul olan “Kainat-2016” MMC-dir. İnvestisiya dəyəri 500 min manat olan müəssisədə 15 nəfər daimi işlə təmin edilib. İldə 4500 kubmetr taxta məmulatları istehsal etmək gücündə malikdir.

Sənaye məhəlləsində mətbəx və uşaq mebeli istehsalını həyata keçirən fiziki şəxs Süleyman Qurbanova məxsus müəssisəyə 100 min manat investisiya yatırılıb və 10 iş yeri yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Araz Quliyev Oxu.Az-a bildirib ki, bu cür sənaye məhəllələri və sənaye parkları sahibkara böyük imkanlar yaradır:

“Əgər burada fəaliyyət göstərən sahibkar xaricdən avadanlıq idxal edirsə o, ƏDV və gömrük rüsumundan azad olunur.  Eləcə də sənaye parklarında sahibkarlar 10 il bütün vergilərdən azad olunur. Sahibkar öz işini qurmağa və sərbəst ayaqda durmağa kifayət qədər zaman qazanır və öz büdcəsinə tam qənaət edir”.

Onun sözlərinə görə, gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə bu cür sənayə məhəllələrinin fəaliyyəti əsas prioritetdir:

“Artıq Prezident İlham Əliyev Ağdamda nəzərdə tutulan bu tip müəssisənin təməlqoymasında iştirak edib. Hazırda Ağdamda işlərə start verilib. Daha  sonra Cəbrayılda müvafiq işlərə başlanılması nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda ölkədə beş - Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Sənaye məhəllələrində ümumilikdə, 36 rezident qeydiyyatdan keçib və bunlardan 16-sı fəaliyyət göstərir. İndiyədək sahibkarlar tərəfindən sənaye məhəllələrinə 74,5 milyon manat investisiya yatırılıb. Növbəti mərhələdə əlavə olaraq 43 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye məhəllələrində bu günədək 109 milyon manat dəyərində məhsul istehsal edilib. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici ölkələrə də ixrac edilir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri