Dek
2021
13:08
19
266
5265
Virtual karabakh

180 manata Şaxta baba, 5 manata “yolka” ala biləcəyiniz yarmarkada QİYMƏTLƏR - FOTO

9 Dek, 2021
13:08
5265

180 manata Şaxta baba, 5 manata “yolka” ala biləcəyiniz yarmarkada QİYMƏTLƏR - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər kəsin il ərzində səbirsizliklə gözlədiyi günlər var. Yeni il bayramı da bəzilərimiz üçün həmin günlərdən sayılır. Yeni ilə çox az qalıb və ölkədə bayram əhval-ruhiyyəsini indidən hiss etmək mümkündür. Artıq şəhərin hər bir yerində bəzədilmiş şam ağaclarına rast gəlmək mümkündür.

Bayram yarmarkaları da öz fəaliyyətinə başlayıb. Bakı şəhərinin 12 rayonunda 20-yə yaxın ərazidə bayram çadırları qurulub. Prosesə Bakı Şəhər Ticarət və Xidmət Departamenti nəzarət edir.

Ən böyük yarmarkalardan biri 28 May metrostansiyası yaxınlığındadır. Burada beş böyük çadır qurulub. Yarmarkada süni şam ağaclarının qiyməti 5 manatdan başlayır və məhsulun keyfiyyətinə görə qiymət 300 manata qədər artır. Hətta burada 2 metr 10 santimetr hündürlüyündə qiyməti 85 manat olan şam ağacını da görə bilərsiniz. Əslində şam ağaclarının qiyməti onun ölçüsündən daha çox keyfiyyət göstəricilərinə və təbii ağac ilə bənzərliyinə görə dəyişir.

Şam ağacını bəzəmək üçün istifadə edilən əşyaların toplu halda satış qiyməti 2 manatdan başlayır və ölçüsünə görə qiymət 35-40 manata qədər də arta bilir. Orta ölçülü bəzək əşyalarının toplu şəkildə satış qiyməti 10-20 manat arasında dəyişir.

Yarmarkada çılçıraqların qiyməti 40 qəpikdən 2 manata qədər artır. Şarların qiyməti isə 10 qəpikdən başlayır. Yarmarkalar nəzdindəki çadırlarda fişənglərin satışı təmin edilməyib. 

Yeni il ağacında və ya evin müxtəlif bölmələrində istifadə edə biləcəyiniz zərlərin qiyməti 1-3 manat arasında dəyişir. İşıqların qiyməti isə 5 manatdan başlayaraq 50 manata qədər artır.

Şaxta baba fiqurları və oyuncaqları 10 manatdan başlayır. Burada “saksafonda ifa edən” böyük ölçülərdə Şaxta baba da mövcuddur. Onun qiyməti 180 manatdır.

Yarmarkada diqqətçəkən aksesuarlardan biri də maskalardır. Uşaqlar və maskarad üçün nəzərdə tutulmaqla çeşidlər müxtəlifdir. Uşaqlar üçün olan maskaların qiyməti 30 qəpikdən başlayaraq 3 manata qədər artır. Maskarad üçün nəzərdə tutulan maskaların qiyməti isə 2 manatdan başlayır. 

Şəhər üzrə yarmarkaların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir. Bakı Şəhər Ticarət və Xidmət Departamentindən bildirilib ki, yarmarkadakı qiymətlərlə digər satış şöbələrindəki qiymətlər arasında 10 faizə qədər fərqin olması təmin edilir. Yəni, yarmarkalar 10 faiz daha aşağı qiymətlər təklif etməyə çalışır. Digər yaxşı cəhət ondan ibarətdir ki, qiymətlərdə endirim də edilir.

Satış təmsilçilərinin sözlərinə görə, səhər saatlarında yarmarkada alıcılar tərəfindən aktivlik müşahidə olunmasa da, axşam saatlarında müştəri aktivliyi artır. Yarmarkada demək olar ki, Yeni il bayramı üçün sizə lazım ola biləcək hər şeyə rast gələ bilərsiniz. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri