30 
Noy
2022
15:00
100
12
1723
Virtual karabakh

İdxalda rüsumu sıfırlayırıq, bəs öz düyümüzə nə gəlib? - “Hər hektara 360 manat verirlər” + FOTO

30 Noy, 2022
15:00
1723

İdxalda rüsumu sıfırlayırıq, bəs öz düyümüzə nə gəlib? - “Hər hektara 360 manat verirlər” + FOTO

Azərbaycanda çəltik sahəsinin 1913-cü ildə 47 min hektar, 1927-ci ildə 54 min hektar, 1937-ci ildə 25,3 min hektar, 1964-cü ildə 12,3 min hektar təşkil etdiyi vaxtlar olub.

Bu rəqəmlər sonradan 1,8 min hektara qədər azalıb. Yalnız 1995-ci ildən başlayaraq çəltik əkinləri genişlənib, 1996-cı ildə 2,4 min hektar sahədə çəltik əkilib.

Hazırda ölkəmizdə neçə hektar ərazidə çəltik əkilir? Mövcud çəltik əkinləri ehtiyacı hansı dərəcədə ödəyir? Bu sahənin inkişafı üçün nə etmək lazımdır?

Mövzu ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladıq.

KTN-in mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu il Azərbaycanda 3194 hektar sahədə çəltik əkini aparılıb və artıq məhsul yığımı başa çatıb:

“Sahələrdən ümumilikdə 11 558 ton məhsul yığılıb ki, bu da ötən illə müqayisədə 858 ton çoxdur. Orta məhsuldarlıq da ötən illə müqayisədə 1,4 sentner, yəni hektara 140 kiloqram artıb. 

Çəltik Azərbaycanın doqquz rayonunda əkilir. Bitkinin spesifik xüsusiyyəti su ilə bol ərazilərdə əkilməsidir. Qlobal istiləşmə və atmosfer yağıntılarının azalması səbəbindən suvarma ilə bağlı çətinliklər çəltik əkinlərini genişləndirməyə imkan vermir. Buna rəğmən, hazırda ölkədə çəltik əkinlərinin sahəsi 2015-ci illə müqayisədə üç dəfəyədək artıb. 

Çəltik həm də rayonlar üzrə ixtisaslaşmış bitkidir. Hazırda ən çox çəltik əkini Lənkəran və Ağdaş rayonlarında aparılır. Yerli düyüyə daxili bazarda tələbatın çox olması məhsulun qiymətini fermerlər üçün cəlbedici edir. Bu səbəbdən fermerlər çəltik əkməkdə maraqlıdırlar. Çəltikçiliyə dövlət dəstəyi genişləndirilir, çəltik əkinlərinin hər hektarına görə fermerə dövlət tərəfindən 360 manat subsidiya verilir. Bu məbləğ fermerin çəltik əkininə çəkdiyi xərcin xeyli hissəsini qarşılamağa imkan yaradır”.

V.Hüseynov dövlət dəstəyinin gücləndirilməsinin, çəltik toxumçuluğunun inkişaf etdirilməsinin, daxili bazarda yerli düyüyə tələbatın həmişə yüksək olmasının çəltikçiliyə marağı artırdığını və bu səbəblərdən önümüzdəki illərdə respublikada çəltik əkini sahələrinin daha da genişlənəcəyini də qeyd edib.

Xatırladaq ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Əli Əsədovun imzaladığı müvafiq qərar 30 gündən sonra qüvvəyə minəcək. İndiyədək Pakistandan Azərbaycana düyü idxalına 15% gömrük rüsumu tətbiq olunurdu.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri