17 
Apr
2019
15:51
26
95
2281
Virtual karabakh

Süni intellekt yaradıcılıqla məşğul olacaq?

17 Apr, 2019
15:51
2281

Süni intellekt yaradıcılıqla məşğul olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maşınlar yazıb-yaratmağı; musiqi bəstələməyi, roman yazmağı, rəsm çəkməyi öyrənsə, onun insandan nə fərqi olacaq?

İlham mənbəyi hər zaman innovasiyalar axtarışında olan insana xas olan bacarıq kimi qiymətləndirilib. Ancaq insanın uzun əsrlər davam edən bu təkəlçiliyi sona çatmaq üzrədir. Süni intellekt artıq ixtira etməyə, ideyaları mükəmməlləşdirməyə və onlar arasında rabitə qurmağa proqramlaşdırıla bilər. Bunun axırı necə olacaq?

Bir çox müəlliflər və mütəffəkirlər kreativliyin nə olduğu ilə bağlı “baş sındırıb”, onu stimullaşdırmağn yollarını öyrənməyə çalışıb, onun nə üçün önəmli olduğu ilə bağlı araşdırmalar aparıb.

İlk dəfə Marqaret Bodenin nəzəriyyələri ilə Kral İcmasının komitəsində əyləşəndə tanış oldum. Nəzəriyyələrdə maşınların müxtəlif bacarıqlar əldə etməsinin yaxın onilliklər ərzində cəmiyyətə nə kimi təsirlər göstərəcəyindən söz açılır.

Boden unikal bir mütəffəkirdir, özündə bir çox ixtisasları birləşdirir: filosof, psixoloq, həkim, süni intellekt üzrə ekspert və koqnitivistdir. Səksən yaşında olmasına baxmayaraq, beyni hər zaman aktiv şəkildə işləyir, “konserv qabların” (kompüterləri belə adlandırmağı sevir) gələcək bacarıqları ilə bağlı perspektivləri böyük həvəslə və şövqlə tədqiq edir.

 Bu məqsədlə insan yaradıcılığını üç tipə ayırır.

Tədqiqat yaradıcılığı dedikdə nə başa düşülür? İnsan artıq mövcud olan bir məfhum və ya obyektin xarici hüdudlarını araşdırmağa başlayır, onun sərhədlərini imkan daxilində daha da genişləndirir, habelə bu zaman ümumi qəbul olunmuş qaydalar çərçivəsindən çıxmır.

İohann Sebastian Baxın yaratdığı musiqi, tonallığı araşdırmağa başlamış və əsərlərində müxtəlif səsləri vəhdət halına gətirmiş Barokko epoxasının bəstəkarlarının tutduğu yolun kuliminasiyası sayılır. Onun prelüdiyaları və fuqaları janrı daxildən parçalayıb, Mosart və Bethoven klassik epoxasına daxil olmazdan əvvəl hər şeyi ön plana çıxarıb.

Renuar və Pizarro ətraf aləmi təsvir etmək bacarığına yeni baxış gətirdi, ancaq qavrama sərhədlərini genişləndirən məhz Mone oldu. Rəngli ləkələri həll olaraq yeni abstraksiya formasına çevrilənə qədər su zanbaqlarını çəkməyə davam etdi.

Riyaziyyat belə yaradıcılıqdan həzz alır. Müəyyən sadə qrupların təsnifatı tədqiqat yaradıcılığının hərəkətverici qüvvəsi sayılır. Simmetriyalar qrupunun sadə tərifindən başlayan (dörd aksioma) riyaziyyatçılar simmetriyanın bütün düşünülə bilən elementlərinin siyahısının hazırlanmasına 15 il vaxt sərf etdi. 

Bu istiqamətdə kuliminasiya isə Monstr simmetriya qrupunun ixtirası olub, onun simmetriyalarının sayı Yer planetində mövcud olan atomların simmetriyasından çoxdur. Bu riyazi yaradıcılıq forması müəyyən qaydalara əməl olunduğu hallarda mövcud sərhədlərin genişləndirilməsinə imkan verir. Bunu bir növ “naməlum sulara baş vuran”, bununla belə, bizim planetin hüdudlarında olan tədqiqatçı ilə müqayisə etmək olar.

Boden düşünür ki, insan yaradıcılığının 97 faizi məhz tədqiqatların payına düşür. Bu, daha çox hesablama (adi insan beyninin bacarmadığı yüksək hesablamalar) mexanizminə ideal şəkildə uyğun gələn yaradıcılıq tipidir. Bəs görəsən, bu, kifayət edirmi? Orijinal yaradıcılıq fəaliyyətləri barədə düşünəndə ilk növbədə təsəvvürümüzə tamamilə gözlənilməz şeyləri gətiririk.

İkinci yaradıcılıq tipi bir kombinasiyadan ibarətdir. Təsəvvür edin, sənətkar iki fərqli elementi götürüb, onları birləşdirməyin yolunu tapır.  Adətən, bir aləmə hökmranlıq edən qaydalar başqa aləmlər üçün maraqlı təməl rolunu oynayır.

Bizim kainatın mümkün formalarını təsvir edən Puankare fərziyyəsinin yekun isbatına səth formalarının anlaşılması üçün tam fərqli alətlərdən istifadə yolu ilə nail olunub. Bunda yaradıcı dahi Qriqori Perelmanın danılmaz əməyi var. O, mayenin səthdən hansı şəkildə axdığını başa düşüb və bunun sayəsində bütün mövcud səthlərin təsnifatını yaratmağı bacarıb.

Mənim tədqiqatımda sadə rəqəmlərin mümkün simmetriya tiplərində tətbiqi üçün ədədlər nəzəriyyəsinin alətlərindən istifadə olunur. Geometrik obyektlərin simmetriyası ilk baxışdan ədədlərə çox bənzəyir. Ancaq sadə ədədləri simmetrik obyektlərlə əvəzləməyə imkan vermiş dildən istifadə simmetriya nəzəriyyəsində inanılmaz nəticələrin çıxarılmasına şərait yaradıb.

İncəsənət də “çarpaz dölləndirmə”nin bu formasından az faydalanmayıb. Böyük bəstəkar Filip Qlass hind quru Ravi Şankarla əməkdaşlığı zamanı “özünə hopdurduğu” ideyalardan minimalist musiqinin əsasını qoyan additiv prosesin yaradılmasında istifadə etdi.

Memar Zaha Hadid fiqurlu binaların unikal üslubunu yaratmaq üçün öz yaradıcılığında rusiyalı rəssam Kazimi Maleviçin formalarına olan sevgisinə yer verdi.  

Kulinariya sahəsində də yaradıcı baş aşpazlar dünyanın fərqli bucaqlarından yerləşən ölkələrin mətbəxlərini birləşdirməyə başladı.

Bu növ yaradıcılığın süni intelekt dünyası üçün də ideal ola biləcəyinə dair maraqlı eyhamlar var. Blüz ifa edən alqoritmi götürün, onu Pyer Bulezin musiqisi ilə kombinasiya edin, nəticədə tam yeni bir musiqi aləmi yaratmağa imkan verən qəribə hibrid əldə etmiş olacaqsınız. Bunun kədərli kakofoniya (səslərin qulağa xoş gəlməyən birləşməsi - red.) olacağı da istisna deyil. Kodlaşdırıcı müəyyən maraqlı üsullarla bir-birinə alqoritm baxımından bağlı olan iki janrı tapıb, seçməlidir.

Marqaret Bodenin təbirincə, üçüncü yaradıcılıq forması transformasiyalı yaradıcılıqdır. Onu yaradıcılığın daha müəmmalı və əlçatmaz tipi adlandırmaq olar. İstənilən incəsənət növünün belə ötürücüləri (ötürücü qutu nəzərdə tutulur) var. Pikkasonu və onun kubizmini yada salın, ya Şönberq və onun atonallığını, ya da Coys və modernizmi. Belə anlar suyun birdən-birə maye halından bərk hala keçidini xatırladan faza dəyişikliklərinə  bənzəyir.

“Gənc Verterin iztirabları” əsərində baş qəhrəmanın simasında öz iztirab dolu iki illik daxili mübarizəsini təsvir edən Göte həmin personajın siması baş verən təsadüfi hadisə nəticəsində fikirləşdiyini yazır, həmin hadisənin bir növ xarici katalizator rolunu oynadığını qeyd edir:

“Həmin an Verteri necə yazacağımın şərti planını özlüyümdə hazırladım, hər tərəfdən daxil olan fikirlər axını donma həddinə çataraq ən xırda təsirdən belə buza çevrilən vazadakı su kimi  bərk forma almışdı”.

Bir çox hallarda transformasiya anları məhz mövcud oyun qaydalarından və ya əvvəlki nəsillərin öz işində rəhbər tutduğu tezis və fərziyyələrdən imtinadan asılı olur.  Ədədin kvadratı hər zaman müsbət olur. Bütün molekullar uzun cərgələrlə hərəkət edir, zəncirvari şəkildə yox. Musiqi müəyyən harmonik ardıcılıq çərçivəsində yazılmalıdır. İnsan simasında burnun sağında da, solunda da göz olur. İlk baxışdan elə gəlir ki, belə qəti tərəqqini proqramlaşdırmaq çətindir. Bununla belə, bu tip yaradıcılıq üçün müəyyən meta-qaydalar mövcuddur. Siz məhdudiyyətləri bir kənara atıb, nəticədə nəyin baş verəcəyinə baxırsınız. İncəsənət yaradıcı akt olaraq, düzgün seçim etməkdən, konkret olaraq hansı məhdudiyyətləri kənara atıb, hansı yeni məhuddiyyətlər tətbiq etməkdən ibarətdir.

Məndən riyaziyyatdakı keçid anını müəyyən etməyi xahiş etsəydilər, bunu XVI əsrin ortalarında mənfi bir ədədindən kvadrat kökünün çıxarılmasını göstərərdim. Çünki ona qədər əksər alimlər və riyaziyyatçıları belə bir ədədin mövcd olmadığını bildirirdilər. Onu xəyali ədəd adlandırırdılar (bu aşağılayıcı termini belə bir anlayışın mövcud olmadığını bildirmək üçün Rene Dekart icad edib). Bununla belə, onun yaradılması təməl riyazi bilgilərlə ziddiyyət təşkil etmirdi. Bu rəqəmi xaric etməyimiz yalnız bizim səhvimiz idi. Kompüter belə bir ədədin mövcud olmadığına (kvadratı mənfi alınan ədədin mövcudluğu) proqramlaşdırılıbsa, kompüter mənfi ədəddən kök kvadratının çıxarılması konspeksiyasını necə icad edə bilər axı?

Bəzən əsl yaradıcı akt bizlərdən sistemlərin hədlərini aşmağı və yeni reallıqlar yaratmağı tələb edir. Çətin alqoritm bunu edə bilər?

Musiqidə romantizm cərəyanının meydana gəlməsi elə qəbul olunmuş qaydaların pozulmasının bəhrəsi olub. Klassik bəstəkarların musiqisində olduğu kimi bir musiqi açarından qonşu musiqi açarına keçid əvəzinə, həmin vaxtın Şubert kimi “çoxbilmişləri” açarları fərqi üsullarlar dəyişməyi, bilərəkdən dinləyicinin gözləntilərini pozmağı qərara aldılar. Məsələn, Haydn və Mozart Şumanın qəsdən sona çatdırmadığı akkordları yarımçıq kompozisiya hesab edərdi. Şopen isə öz növbəsində, sıx xromatik qammalar bəstələyirdi, özünəməxsus vurğulu passajları və dinamik temp dəyişiklkləri ilə dinləyicinin ritmik gözləntilərinə meydan oxuyurdu. Musiqi cərəyanlarının bir-birini əvəz etməsi: orta əsrdən barokkoya, klassisizmdən romantizmə, impressionizmdən ekspressionizmə və onun hüdudlarından kənara – bütün bunlar elə qaydaların pozulması anlamına gəlir. Hər bir cərəyan öz sələfindən törəyib, sadəcə, müəyyən bədii və innovativ yanaşmadan istifadə olunub. O faktı da danmaz olmaq ki, tarixi kontekstdə vacib rol oynayıb. İncəsənət mütləq yox, nisbi fəaliyyətdir. Biz yalnız öz mədəniyyətimiz və oriyentirlərimiz çərçivəsində yaradıcı ola bilərik.

Bəs görəsən, kompüter belə keçid fazasına səbəb ola bilər, bizə yeni musiqi cərəyanı və ya riyazi nəzəriyyə gətirə bilər? Bu, bir qədər problematik görünür. Alqoritmlər qarşılıqlı əlaqədə olduğu verilənlər əsasında hərəkət etməyi öyrənir. Sizcə, bu, o anlama gəlmirmi ki, onlar hər zaman oxşar şeylər yaratmağa məhkum olacaq?

Pikasso dediyi kimi: “İncəsənətin yeganə düşməni sağlam düşüncədir”. İlk baxışdan bu, “maşın ruhu” ilə ziddiyyət təşkil edirmiş kimi görünür. Ancaq hər halda insan istəsə, sistemə qeyri-rasional davranışı proqramlaşdıra bilər. Onun sistemini kursu dəyişməyə təlimatlandıracaq meta-qaydalar yarada bilər. Maşınlar elə, doğrudan da, maariflənməyə meyillidir və yeni məlumatları tez götürür. Bunu təcrübə də göstərir.

Bir çox rəssamlar öz yaradıcılıqları barədə əsatirlər yaratmağ sevirlər, ilhamlanmalarında ali qüvvələrin müstəsna xidmətinin olduğunu bildirirlər. Qədim Yunansıtanda şairlərin muzalardan (yunan mifologiyasında incəsənət ilahəsi - red.) asılı vəziyyətdə olduğu ilə bağlı inanc geniş yayılmışdı. Guya bu pərilər onlara hər dəfə yeni ilham mənbəyi əta edir, bəzən isə həddindən artıq olanda, şair ilhamlanma prosesində ağlını itirir. Platonun fikrincə, “şair müqəddəsdir və ilham pərisi ona baş çəkməyənə qədər yazıb-yarada bilməz. Muza gələndə şairin şüuru artıq onu tərk edir, ona məxsus olmur... Heç bir incəsənət əsəri ilahi qüvvələrin müdaxiləsi olmadan yaradıla bilməz”. Dahi hind riyaziyyatçısı Ramanucan öz böyük ideyalarını məhz yuxuda ona baş çəkən ailəvi Namaqiri “ilahəsinin” adına yazıb. Görəsən, incəsənət dəlilik formasıdır, yoxsa Tanrının bəşx etdiyi vergi?

Mənim riyazi qəhrəmanlarımdan biri Karl Fridrix Qaussdur. Nəzəri istiqamətlərdə öndərlərdən olmasa belə. Qaussun elmə verdiyi ən böyük xeyri 1978-ci ildə çap etdirdiyi “Hesablayıcı tədqiqatlar” (Disquisitiones Arithmeticae) kitabı ilə faktiki olaraq müasir ədədlər nəzəriyyəsini yaratması olub.  

Ancaq insanlar kitabda yer alan ideyaları qələmə alan zaman nədən ilhamlandığını öyrənməyə çalışanda çaşqın vəziyyətə düşüb. Elə fikir formalaşır ki, sanki Qauss ideyaları sehirbazın papaqdan dovşan çıxardığı kimi çıxararaq, hər vəchlə bu sehrin sirrini açmaqdan qaçınır. Etirazlara cavab olaraq Qauss memarın görülən işin yekunlaşmasından sonra tikinti sahəsində taxtapuşları saxlamadığını” dilə gətirib. Qauss da Ramanucan kimi, öz tapıntısını, əslində, İlahi vergi ilə əlaqələndirib. “Keçmiş bilgiləri ilə ona uğur qazandırmış ideyaları arasında olan bağın mənşəyini müəyyən edə bilmədiyini” dilə gətirib.

Sənətkarın onun ideyalarının haradan qaynaqlandırdığını aydın şəkildə izah edə bilməməsində qəbahət yoxdur və bu, o demək deyil ki, o, heç bir qaydaya əməl etməyib. İncəsənət – bir çox məntiq qapılarının şüurlu təcəssümüdür. Heç şübhəsiz, Qaussun fikirlərini bir-birinə bağlayan məntiqi bağ olub. O, sadəcə, necə fikirləşdiyini, buna necə nail olduğunu düzgün şəkildə ifadə edə bilməyib. Ya da ola bilsin, incəsənət dahisi imicini qorumaq üçün onu sirr saxlamağa çalışıb. İngilis şair Semüel Kolricin narkotik vasitələrin təsiri altında yazdığı “Kubla xan” peomasının tam həcmdə ona yuxuda təqdim olunduğunu bildirir və hazırlıq işləri aparması, faciəvi günə (Porlokdan gözlənilməz qonağın gəlişi ilə ilham pərisinin ondan uzaqlaşdığı gün) qədər öz ideyaları üzərində sərasər iş apardığı ilə bağlı deyilənləri rədd edir. Heç şübhəsiz, maraqlı hekayə alınır.

Hətta mənim incəsənət və yaradıcılıq haqqında hekayəm də ilham mənbəyindən qaynaqlanır, uzun illər apardığım hazırlıq işlərindən yox.

Bizim yaradıcı dühaları ideallaşdırma kimi çox pis vərdişimiz var. Sözün düzü, yalquzaq rəssam – sadəcə, mifdir.

Əksər hallarda hər şeyi dəyişəcək addım kimi görünən hər hansı bir cəhd, əslində, davamlı inkişaf və artımın nəticəsidir. Britaniyalı bəstəkar Brayan İno fərdi dahi əvəzinə, scenius, yəni kollektiv dahi ifadəsindən istifadə edir və bədii intelektin meydana gəlməsində cəmiyyətə xüsusi qiymət verir. Amerikalı yazıçı Coys Kerol Outs onunla razılaşır:

“Yaradıcılıq işi də elmi iş kimi kollektiv səyin nəticəsi – insanın öz fikrini çoxlarının səsi ilə ifadə etmək, sintez etmək, tədqiq etmək və təhlil etmək cəhdi kimi qəbul olunmalıdır.

İncəsənətin stimullaşdırılması üçün nə tələb olunur? Onu maşına proqramlaşdırmaq mümkündürmü? Yaradıcı olmaq üçün əməl etməli olduğumuz hər hansı qayda var? Başqa sözlə desək, incəsənətə təcrübə yolu ilə yiyələnmək olar? Çoxu deyə bilər ki, nəyisə öyrətmək və ya proqramlaşdırmaq insanlara əvvəl mövcud olmuş şeyləri təqlid etməyin yollarını göstərməyə bənzəyir və təqlid və göstərilənləri təkrarlamanın incəsənətlə heç bir əlaqəsi yoxdur. Bununla belə, oxuyaraq öz bacarıqlarını mükəmməlləşdirmiş çoxsaylı tarixi (incəsənət) şəxsiyyətlər var. Əgər onların yaradıcılığını araşdırıb, onları təqlid edə bilsək, biz də onlar kimi dahi hesab olunacağıq, yoxsa yox?

Bütün bu sualları hər semestr özümə verirəm. Doktorluq dərəcəsi əldə etməkdən ötrü riyaziyyat sahəsinin doktorantları yeni riyazi konstruksiya yaratmalıdırlar. Onlar özlərinə qədər heç kimin etmədiyi bir şey etməlidirlər. Mənim missiyam onlara bunun yolunu öyrətməkdir. Əlbəttə ki, hansısa səviyyədə onlar elə buna hazırlaşırdılar. Problemlərin həlli fərdi yaradıcılıq tələb edir; cavab artıq məlum olsa belə.

Belə hazırlıq “naməlum sulara” baş vurmaq üçün mütləq başlanğıc nöqtəsi ola bilər. Beyninizi məşq etdirməklə siz öz yaradıcılığınızın inkişafı üçün əlverişli şərait yaratmağa çalışırsınız.

Bununla belə, bu tullanış yüz faizli zəmanətdən çox uzaqdır. Mən küçədən keçən birini tutub onu yaradıcı riyaziyyatçıya çevirə bilmərəm. Ola bilsin, bu, sərasər on il ərzində aparılan intensiv hazırlıq kursundan sonra mümkün olar. Ancaq riyazi yaradıcılıq səviyyəsinə çatmaq çox az adama nəsib olur. Bəzi insanlar incəsənətin bir sahəsində zirvələrə yüksəlir, başqa sahələrdə isə hər hansı əlamətdar nəticə əldə edə bilmir. Quruluşca, demək olar ki, eyni olan beyin bir nəfəri şahmat üzrə dünya çempionu edir, digərinə ədəbiyyat üzrə Nobel mükafatı qazandırır. Beyinin iş mexanizmini bu baxımdan aydınlaşdırmaq çətindir.

Marqaret Boden etiraf edir ki, yaradıcılıq təkcə Şekspir və ya Eynşteynlə kifayətlənmir. O, psixoloji yaradıcılığı tarixi yaradıcılıqdan ayırır. Məhz təkrarlanan fərdi xarakterli incəsənətin sayəsində hər bir şəxs başqalarının yeni və qiymətli hesab edəcəyi bir əsər yaradacağına ümid edir. Ancaq tarixyaradıcılıq nadir olsa da, meydana gələn psixoloji yaradıcılıqdan qaynaqlanır.

Mənim yaradıcılığı üzə çıxarmaq üçün reseptim Marqaret Bodenin üç yaradıcılıq prinsipinə əsaslanır. Tələbələr arasında da yaradıcılıq baxımından istedadı olanları beləcə seçirəm. Tədqiqat ən aşkar yoldur. Əvvəl indi olduğumuz səviyyəyə necə gəlib çatdığımızı dərk edin, sonra isə sərhədi bir qədər də önə çəkməyə cəhd edin. Ancaq belə yaradıcılıq bu günə qədər yaratdıqlarıımızın dəryasına baş vurmağımızı tələb edir. Məhz bu dərin, keçirilmiş təcrübə dəryasından yeni, indəyə kimi heç kimin görüb, eşitmədiyi şeyləri hasil etmək olar. İncəsənətdə “böyük partlayışlar” heç də tez-tez baş vermir. Bu, tədricən baş verir. Van Qoqun yazdığı kimi: “Böyük işlər hər hansı təkanın sayəsində görülmür, xırda detalların vahid şəklə gətirilməsi hesabına baş verir”.

Fikrimcə, Marqaret Bodenin ikinci strategiyası, yəni kombinasiyalı yaradıcılıq – yeni ideyaların stimullaşdırılması üçün ən güclü silahlardandır.

Tələbələrimi tez-tez seminarlarda iştirak etməyə, problemlə əlaqəsi olmayan mövzularda məqalələr oxumağa çağırıram. Riyazi kainatın parçalanmış sahələrindən olan düşüncələr araşdırılan problemlə rezoans yarada və yeni ideyaların törəməsinə vəsilə ola bilər.  Biz öz bunkerlərimizdən çıxıb, öz ideya və problemlərimizi nə qədər çox bölüşsək, o qədər çox yaradıcı olarıq. Burada “asan qənimətə” – faktiki olaraq üzdə olan çoxsaylı ideyalara rast gəlmək olar.

İlk baxışdan trasformasiyalı yaradıcılığı strategiya şəklinə salmaq olmur. Ancaq yenə də məqsəd status-kvonu yoxlayıb, bəzi məhdudiyyətləri uzaqlaşdırmaqdan ibarət olmalıdır. Hər hansı predmetin stukturunun ayrılmaz hissəsi kimi qəbul etdiyiniz təməl qaydalardan birini dəyişəcəyiniz təqdirdə nələrin baş verəcəyini təsəvvürünüzə gətirin. Belə anlar olduqca təhlükəlidir, çünki siz sistemi çökdürə bilərsiniz. Ancaq bu, məni o fikrə gətirir ki, səhvə yol vermədən yaradıcılığın inkişafına nail olmaq olmaz.  

Siz hələlik uğursuzluğa düçar olmağa hazır deyilsiniz, riskə getməyəcəksiniz. Ancaq bilməlisiniz ki, məhz riskə getməklə nəsə yeni bir şey ortalığa çıxarmaq olar. Ona görə də həm təhsil sistemimiz, həm də biznes mühit, yəni uğursuzluğa nifrət edən bu iki sahə – yaradıcılığın inkişafı üçün əlverişsiz mühit sayılır. Ona görə də mən tələbələrimin həm uğurlarını, həm də uğursuzluqlarını bayram edirəm. Əlbəttə, uğursuzluqlar doktor disertasiyalarının tezislərinə düşməyəcək. Bununla belə, biz öz səhvlərimiz və uğursuzluqlarımızdan çox nəticələr çıxara bilərik. Öz tələbələrimlə görüşlərimdə onlara Semüel Bekketin “bir daha məğlub ol, amma da daha yaxşı məğlub ol” fikrini aşılayıram.

Bu strategiyaları kod şəklində maşınlara yeritmək olar?

Keçmişdə kodlaşmaya “yuxarıdan aşağı” prinsipli yanaşma olub, kodun çıxışında az perspektivlər olub. Kodlaşdırıcılar alqoritmlərinin hasil etdiyi şeylərə təəcüblənməyib. Orada eksperiment və ya uğursuzluğa yer olmayıb. Ancaq bu yaxınlarda hər şey dəyişib. Belə ki, kod üzərində qurulmuş alqoritm, öz səhvlərindən nəticə çıxararaq, yeni, tam fərqli hərəkət edib və beləcə, öz yaradıcılarını şoka salıb. Bu alqoritm oyunda qalib gəlib. Halbuki çoxları bunun mümkünsüz olduğunu hesab edirdi. Söhbət yaradıcı yanaşma tələb edən oyundan gedir.

Bu nailiyət haqqında xəbər bu yaxınlarda mənim riyazi karyeramda ekzistensial böhranın səbəbkarı olub.

Bu redaktə olunmuş fraqment Markus düs Sutuanın martın 7-də çap olunmuş “İncəsənət kodu” adlı yeni kitabından götürülüb. Yazı “Wired” nəşrində dərc olunub.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri