27 
Yan
2022
18:46
20
158
2434
Virtual karabakh

Azərbaycanda sosial media platformalarından necə gəlir əldə etmək olar?

27 Yan, 2022
18:46
2434

Azərbaycanda sosial media platformalarından necə gəlir əldə etmək olar?

Sosial şəbəkələrə aşırı maraq, bu media növlərindən ciddi şəkildə qazanc üçün istifadənin artımı istər-istəməz sual yaradır: Bu platformalarda qazanc nə qədərdir? Hər bir aktiv istifadəçi bunun müqabilində pul əldə edə bilirmi?

Reklamların gəlir gətirdiyini bilsək də, bunun necə hesablanmasından və gəlirin hansı formada istifadəçiyə çatmasından çoxları məlumatsızdır.

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda hər sosial media platformasında gəlir qazanmaq imkanı yoxdur.

“Report”a sosial media eksperti Vüsal Məmmədzadə bildirib ki, əsas məsələ kanalın auditoriyasının kəmiyyətidir. Abunəçilərin sayı artdıqca, qazanc da artır.

“Digər variantlar da var. Bəzi platformalar özü reklam təklif edir. Məsələn, deyir, mən sənə reklam tapıram, məhsulu kontentində reklam elə. Sən də qazan, mən də qazanım. “Youtube” belə platformalardandır”, - deyən V.Məmmədzadə iş prinsipini də izah edir.

Mütəxəssis bildirir ki, bu xidmət “Google AdSense” vasitəsilə təqdim olunur:

“Google” şirkəti tərəfindən konktent hazırlayanlara təklif olunur ki, kanalın uyğundursa, orada reklamları aktivləşdirə, müəyyən qazanc əldə edə bilərsən. Mövcüd qaydalara görə, “Google” şirkəti hər bir gəlirdən 60 % kontent hazırlayana, 40 % isə özünə götürür. Özünə götürdüyü hissəni isə belə əsaslandırır: Kaliforniya qanunlarına görə vergi ödənişləri və müəyyən xərclər nəzərdə tutulur”.

Digər platformalarda da belə funksiyalar olsa da, bəzi ölkələrdə bu şərtlər işləmir.

Azərbaycanda da hər platformadan gəlir qazanmaq imkanı yoxdur. Ancaq istənilən halda auditoriyası çox olan kanal özü hansısa bir şirkətlə anlaşaraq onu reklam edib, gəlir əldə edə bilər. Bu halda müqavilə bağlanaraq Azərbaycan Respublikasının qanunlarına uyğun vergi ödənilir.

V.Məmmədzadə deyir ki, əvvəl “YouTube” platformasında pul qazanmaq daha rahat idi. “Google” şirkəti kontent hazırlayanlara tələb qoymurdu. Yəni kanal açan kimi, onu “Google AdSense”a qoşub pul qazana bilərdin. Amma indi limit olaraq 4 000 saat baxış saatı və 1 000 abunə tələb olunur. Bu şərtlərə uyğun olan kanal “Google” şirkətinə müraciət edə bilər. Daha sonra şirkət tərəfindən kanala baxılır. Müəyyən olunur ki, kanal icmal qaydalarını pozmayıb, digər problemlər olmasa, o kanal aktivləşir. Aktivləşəndən sonra həmin an kanal öz videolarında görünən reklamlara görə pul alır.

“Azərbaycanın qanunvericiliyinə görə, bütün reklamlardan gəlir vergisi tutulduğu kimi, “Youtube”dan da tutulur. Kanal aktivləşəndən sonra müəyyən məbləğ kanalda olan hesabınıza gələcək. O hesabı çıxartmaq üçün ilk növbədə vergi qeydiyyatına düşmək, VÖEN açdırmaq lazımdır. Daha sonra istənilən banka müraciət edib hesab açırsız. Sonra həmin gəlir kartınıza köçür. Oradan reklamdan əldə olunan gəlirin vergisi çıxılır.

Bank hesabı açmadan, vergi qeydiyyatından keçmədən pul əldə etmək mümkün olmayacaq.

Düzdür, biz Kaliforniya qanunlarına görə, qeydiyyatdan keçəndən sonra onların da vergi qaydasını qəbul edirik. Amma Azərbaycan qanunvericiliyinə əsasən, burada da vergi ödəməliyik”.

Azərbaycanda “Youtube” platformasına reklam verənlər azdır. Ölkədə Azərbaycan kontenti olan kanallar üçün reklamdan gəlir qazanmaq çox çətindir. Mütəxəssislər bunun səbəbini rəqabətin çox zəif olmasında görürlər.

“Məsələn, Amerikada 100 bank reklam verir. Hər bank daha çox videolarda görünməsi üçün reklamın məbləğini artırmağa məcbur olur. Bu halda da kontentin sahibi də çox qazanır. Amma Azərbaycanda belə deyil. Reklam verən azdır deyə, məbləğ də çox az olur. Məsələn, hansısa bir bank çox aşağı məbləğdə reklam verirsə, rəqabət çox az olduğu üçün elə o bankın videoları da göstəriləcək.

Amma son vaxtlar Azərbaycanda reklam rəqabəti çox yaxşı artıb. Belə ki, əvvəl videoda 1 reklam açılırdısa, indi 2 reklamın açılmasının şahidi oluruq. Bu da reklamın artması deməkdir. “Google” şirkətinə çoxlu sayda reklam təqdim olunur, həmin reklamların kampaniyaları bitməyənə kimi məcbur olur ki, onları kontentlərə paylayanda bir videoya 2 reklam versin”, - V.Məmmədzadə deyir.

Ən çox gəlir gətirən mövzulara gəlincə, məlum oldu ki, bu, uşaqlar üçün nəzərdə tutulan kanallardır. Çünki orada çox vaxt reklam çarxına sona kimi baxılır. Belə ki, uşaq planşetdə, Smart TV-də videoya baxır və reklamı da axıra kimi izləyir. Adətən uşaq videolarının xronometrajı da böyük olur. Orada da bir neçə dəfə reklam görünür.


V. Məmmədzadə deyir ki, hazırda o hər ay “Google” şirkətindən 150 ABŞ dolları məbləğində qazanc əldə edir. Onun kanalında ayda ümumi olaraq 300-400 min baxış olur.

Tiktoker Tural Qəmbərov deyir ki, “TikTok”da qazanc “Youtube”dan fərqlidir. Tiktokerin sözlərinə görə, qazancdan 70 % tutulur, 30 % isə kontent sahibinə çatır. Bu 30 %-dən əvvəlcə “WebMoney” onlayn kredit kartı alınır.

Hesaba köçən məbləği əvvəlcə “WebMoney” onlayn kredit kartına, sonra isə Azərbaycanda açılan bank hesabına yönəlir. Hər tranzaskiyadan da komissiya haqqı tutulur və vergi ödənilir. Nəticədə də 30 %-dən daha da aşağı məbləğ alınır".

Amma tiktoker deyir ki, buna baxmayaraq, yenə də bu platforma sərfəlidir. O, bir aya 700 ABŞ dolları qazana bildiyini deyir.

“Tiktok”dan necə qazanmaq olar?

Əvvəlcə “TikTok” hesabı rəsmiləşdirmək lazımdır. Platformadan gəlir əldə etmək üçün ən yayılmış metod canlı yayımda qonaqlar tərəfindən verilən hədiyyələrdir.

Məsələn, kontent sahibi canlıya çıxır. Canlıda olan qonaqlar hədiyyə göndərir. Jetonlar atır. Onların da hərəsinin qiyməti olur. O hədiyyələr də balansa düşür. Düşən an məbləğin 30 %-i artıq Çin qanunlarına görə vergiyə çıxır.

Dövlət Vergi Xidmətindən “Report”a bildirilib ki, fiziki şəxslərin müxtəlif sosial şəbəkələrdən əldə etdikləri gəlirlər vergidən azad edilməyib və onlar vergi ödəyicisi kimi uçota alınmaqla əldə etdikləri gəlirlərdən illik əsasda 14 % dərəcə ilə vergini hesablamalı və dövlət büdcəsinə ödəməlidirlər. Bunun üçün fiziki şəxslər illik gəlir vergisi hesabatını növbəti ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir.

“Fiziki şəxslərin belə gəlirlərinin çevik vergilyə cəlb edilməsi, fiziki şəxslərin uçota alınmadan, hesabat təqdim etmədən əldə etdikləri gəlirlərdən verginin ödənilməsi üçün yeni sadə mexanizmlərin hazırlanması da nəzərdə tutulur və bu məqsədlə müxtəlif xarici təcrübələr nəzərdən keçirilir”, - Xidmətdən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri