14 
Noy
2017
18:10
63
78
4789
Virtual karabakh

Azərbaycandakı Nüvə Mərkəzindən - VİDEOREPORTAJ

14 Noy, 2017
18:10
4789

Azərbaycandakı Nüvə Mərkəzindən - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Nüvə Tədqiqatları Mərkəzi Bakı-Şamaxı yolunun 20-ci kilometrliyində yerləşir. Ətrafında heç bir yaşayış məntəqəsi, obyekt yoxdur. Şəhərdən kənar yerləşməsinin səbəbi isə gələcəkdə tədqiqat  nüvə reaktorunun işə salınması ilə bağlıdır. Amma bundan qorxmaq lazım deyil.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, tədqiqat nüvə reaktoru daimi olaraq suyun içərisində olur. Alimlərin bildirdiyinə  görə, belə olan halda hər hansı ciddi partlayışın baş verməsi, ətraf ərazilərə ziyan vurması mümkünsüzdür.

Nüvə mərkəzi dedikdə, beynimizdə ilk olaraq qorxu xofunun canlanmasının səbəbi isə dünyada bir neçə dövlətin nüvə silahına malik olması ilə bağlıdır. Bu silah  kütləvi qırğın, məhvetmə alətidir. Ancaq nəzərə almaq lazımdır ki, nüvə təkcə hərb sənayəsində inqilab deyil, həmçinin elmi texnologiyanın da pik nöqtəsidir.

Amma özünüzü Azərbaycandakı nüvə mərkəzində təsəvvür edin. Və həmin mərkəzin işıqla bağlı problemi var. Yəni gün ərzində işıq bir neçə dəfə sönüb-yanır. Təkcə bu faktor nüvə sahəsinə olan baxışın bariz təzahürüdür.

İnkişaf və tədqiqat baxımından yanaşdıqda, əlbəttə ki, bizim nüvə mərkəzini CERN-lə (Avropa Nüvə Tədqiqatları Mərkəzi) müqayisə etmək belə mümkün deyil. Çünki CERN həyatın özəyinin araşdırılmasında hazırkı zirvədir. Bu yaxınlarda CERN-nin apardığı son araşdırmada dünyada var olan hər maddənin antimaddəsinin də olduğu, buna görə də dünyanın, əslində, var olmamasının gərəkliliyi sübut olunub. Bu isə o deməkdir ki, dünya öz-özünü yoxetmə gücünə sahibdir. Bu günə kimi isə özünü hansı səbəbdən yox etməməsi hələlik sual altındadır.

Açıqlıq sahə olduğu üçün ərazidə küləyin gücü yüksəkdir. Ancaq işığın tez-tez sönməsinin səbəbi bir qədər uzaqlıqda yerləşən daş inşaat şirkətinin “Azərişığ”a borcunun olmasına görədir. Çünki mərkəzə verilən işıq da eyni xətt üzərindən çəkilib. Necə deyərlər, qurunun oduna yaş da yanıb.

İlk ağla gələn sual mərkəzdə hansı cihazların istehsal edilməsi ilə bağlıdır.

Milli Nüvə Mərkəzi dozimetr personal cihazı istehsal edib. Cihaz ionlaşdırıcı şüalanmanın gücünü təyin etməyə imkan verir. Tibb bacıları, rentgenoloq həkimlər, neft-qaz çıxarma mərkəzlərində radioaktiv mənbələrlə işləyənlər, reaktiv təyyarələrdə kabin heyəti, pilotlar, onkoloji mərkəzdə işləyən həkimlər, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidməti əməkdaşları bu cihazdan istifadə edir. Bir sözlə - bu cihaz xüsusi şüalanmaya məruz qalan insanlar üçün nəzərdə tutulub.

Mərkəz cihaza patent alma mərhələsindədir. Ona görə də satışı hələlik həyata keçirilmir.

Cihazın maya dəyəri  250-300 manat arasındadır. Bu tip analoji digər cihazların gömrükdə rəsmiləşdirilməsi 1200 avroya başa gəlir. Hətta Almaniya istehsalı olan cihazın qiyməti 2000 avrodur. Odur ki, Azərbaycandakı müvafiq qurumlar daha ucuz qiymətə bu cihazı əldə edə bilərlər.

Daha sonra mərkəzdə fotolentlər istehsal olunub. Fotolentlər tibbdə bədxassəli şişlərin ölçülərini işıq şüaları vasitəsilə kompüter tomoqrafiya cihazlarına qeyd edir.

Mərkəzin müasir laboratoriyası var. Şirkətlər istehsal etdikləri tikinti materiallarının, yəni, kafelin, metlaxın və.s şüalanma dərəcəsini müəyyənləşdirmək üçün bu laboratoriyaya müraciət edir.

Laboratoriya həmin məhsulları üyütdükdən sonra analiz edir. Bundan sonra tikintiyə yararlı olub olmaması müəyyənləşir və məhsulun üzərinə radiasiya təhlükəsizliyi holoqramı vurulur. 

Xüsusi qamma spektrometr cihazı isə müxtəlif bağlı konteynerlərdə, yük maşınlarında radioaktiv element vasitəsilə nüvə materialını identifikasiya etməyə imkan verir. Bu cihazdan Azərbaycanda yalnız Milli Nüvə Tədqiqatları mərkəzində var. Qiyməti 400 min manat civarındadır. Layihə Ukrayna Elm Texnika Fondu ilə birgə həyata keçirilir.  

İnşası başa çatmış Sterilizasiya Məqsədli Qamma Şüalanma Kompleksinin isə tam gücü ilə dekabr ayında işə başlaması gözlənilir. Avadanlığı mərkəzə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) verib, stansiyanı isə mərkəz tikib.

Qurğu şüalanan və şüalanmayan ərazidən ibarətdir. Ondan tibbdə bir dəfə istifadə olunan steril ləvazimatların steril edilməsi üçün geniş istifadə olunur. Həmçinin məlumdur ki, hazırda ölkəmizdə marketlərdə şüalanmış ədviyyatlar satılır. Bu yolla məhsulun daxilində olan mikroblar şüalanmaya məruz qalaraq məhv edilir.

“Radura” nişanı qidanın sterilizasiyasından sonra onun üzərinə vurulur. Qurğu tam gücü ilə işlədikdən sonra mərkəz də bəzi qidaların və ədviyyatların üzərinə həmin nişanı vura biləcək.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri