13 
Apr
2024
14:22
79
11
2654
Virtual karabakh

Tamilla Qurbanova: “Elə bilirəm, kuklalarım harasa gedib” - MÜSAHİBƏ + FOTO

13 Apr, 2024
14:22
2654

Tamilla Qurbanova: “Elə bilirəm, kuklalarım harasa gedib” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstənilən bir obrazı, yəni kuklanı sıfırdan yaratmaq bir az sehrbazlığa, möcüzəyə bənzəyir. Təsəvvür edin ki, sən olmayan yerdən nəsə yaradırsan və sonda həm özün, həm də başqaları ondan zövq alırlar. Mənim üçün onlar, sadəcə, kukla deyil, bir növ canlı varlıqlardır. Onların hər birinin öz aurası, xarakteri, hətta taleyi var”.

Bunu Oxu.Az-a müsahibəsində tanınmış portret kuklaları ustası, Rəssamlar İttifaqının üzvü Tamilla Qurbanova deyib. Onunla müsahibəni təqdim edirik:

- Tamilla xanım, əvvəlcə sizi tanıyaq...

- Mən rəssamam. Hazırda portret kuklaları hazırlamaqla məşğulam. Xalq artisti Əli Qurbanovun nəvəsiyəm. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltaraşlıq sinfini və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Qrafika və dizayn fakültəsini bitirmişəm. Bir neçə il İncəsənət Kollecində müəllim kimi işləmişəm.

O vaxt çoxları məni heykəltaraş kimi görürdülər. Ailə qurduqdan sonra on ildən çox yaradıcılıqla məşğul olmadım. Bu işi görə biləcəyimi də heç vaxt düşünməmişdim. Kukla hazırlamaq işinə isə çox gec başladım, haradasa 1992-93-cü illərdə.

- Necə oldu ki, belə bir qərar verdiniz?

- Özüm heykəltaraşlığı bitirmişəm, o da qadın üçün bir az çətin sahədir. Təsadüfən bilmişəm ki, belə bir maraqlı sənət var və mən onunla məşğul ola bilərəm. Əslində, bu kuklalar da heykəldir, amma kiçikölçülü.

Heykəldən fərqli olaraq, burada bir özəllik də var ki, parça ilə də hər şey etmək mümkündür. Bu, əsl qadın peşəsidir. (gülür) Ona görə bu sahə daha çox məni özünə cəlb etdi, nəinki heykəltaraşlıq.

- Tamilla xanım, hər hansı bir obrazı yaradacağınıza necə qərar verirsiniz?

- Bunu demək bir az çətindir. Çünki obraz yaradıcılıqdan doğur. Yaradıcılıq prosesi də elə bir şeydir ki, adam heç bilmir ki, nəyə nə vaxt qərar verir. (gülür) Onu deyə bilərəm ki, yaratdığım hər kuklanın öz tarixçəsi var. Məsələn, qarşımızdakı bu kukla evi qoruyan ruh, yəni “Damdabaca” adlanır.

Bu obraz mənim ağlıma haradasa bir dəqiqənin içində gəldi. Sanki mən bir anlıq onu gördüm və anındaca başladım o obrazı hazırlamağa. Gördüyünüz kimi, onun çox mülayim və mehriban sifəti var. Bu kuklanı təxminən 10 ildən çoxdur düzəltmişəm, amma satmıram. Çünki o, mənim talismanımdır, həmişə mənə uğur gətirir. Fərdi sərgilərimdə isə bir neçə dəfə onu göstərmişəm.

Qoca kloun kuklamın da öz tarixçəsi var.

Hamı bilir ki, klounlar hər kəsi güldürsələr də, necə ağır həyat yaşayırlar. Əhvalları olsa da, olmasa da, tək istədikləri camaatı güldürməkdir. Mən də klounun tamaşadan sonra necə yorğun vəziyyətdə olduğunu göstərmək istədiyim üçün ortaya belə bir obraz çıxdı. Bu, bir az dramatik obrazdır. Bilirsinizmi, məhz bu səbəbdən də o satılmır. Çünki insanlar qəmli obraz sevmirlər.

- İlk hazırladığınız kukla obrazı hansı olub?

- Mən yaradıcılığa parça kuklalardan başlamışam. Ona görə ilk işim “Sultan” olub. Hələ indiyə qədər də mənimlədir.

Portret kuklaları hazırlamağa 1993-cü ildən başlamışam. Həmin illər də çox çətin keçirdi. Hamı kimi mən də pul qazanmaq istəyirdim. Çalışırdım, elə bir işlə məşğul olum ki, şəhərdə o işi görən az olsun. O vaxt bu işlə məşğul olan ancaq Elmira Abbaslı (Azərbaycanda portret kukla sənətinin yaradıcılarından biri - red.) idi.

- Belə kuklaları, əsasən, kim alır?

- Daha çox imkanlı şəxslər. Məncə, bu, portret kuklalarının eksklüzivliyinə görədir. Onlar tək olur, özəl olur, prestijli və bahalı hesab olunur, bir növ elit təbəqə üçün nəzərdə tutulur. Düşünürəm ki, buna görə onlara, əsasən, VIP şəxslər, krallar, məşhur şəxslər həvəslə pul xərcləyirlər.

- İlk müştəriləriniz kimlər olub?

- Xaricilər. Onlar sevirlər əl işlərini. İlk vaxtlar, əsasən, parça kuklalar düzəltdiyim üçün yaxşı da satılırdı. Sonra başladım bir az da dərinə getməyə və daha çətin obrazlar yaratmağa. Bu dəfə heykəltaraş kimi bacarıqlarımı ortaya qoyub kuklalarımı həm də havada quruyan gildən hazırlamağa başladım.

- Demək, həm parçadan, həm gildən hazırlayırsınız kuklaları?

- Bəli, mən iki texnika ilə işləyirəm: birincisi parça kuklalardır. Bu kuklaları trikotaj ipəyindən hazırlayıram. Bütün dünyada bu texnologiya var, əslində, adına “heykəltaraşlıq tekstili” deyilir. Belə kuklalar həm çox canlı, həm də olduqca enerjili görünür.

İkinci isə havada quruyan gildən hazırladığım kuklalardır. Yəni əvvəlcə obrazı gildən heykəl formasında hazırlayıram, o quruyur. Sonra cilalayır, rəngləyirəm və müxtəlif parçalardan kostyum geyindirirəm. Demək istəyirəm ki, hər şeyi özüm edirəm. Amma olur ki, öz kompozisiyalarımda bəzək detallarından, “Svarovski” daşlarından, süni almazlardan və s. istifadə edirəm. Bəzən hətta zərgərlərə müraciət edirəm. Tez-tez qarışıq texnikalardan da istifadə etməyi, eksperimenti sevirəm.

-  Yəqin, bu qədər zəriflik tələb edən iş prosesi çox yorucu olur...

- Deməzdim. İş prosesində adamın başı o qədər qarışır ki, vaxtın necə keçdiyini hiss etmək olmur. İş ürəyincə alınanda isə heç bir yorğunluq hiss etmirsən (gülür).

- Tamilla xanım, kuklalarınızın gözləri diqqətimi çəkdi. Çox təbii görünür, sanki canlı kimi. Belə gözlər hazır satılır?

- Hazır gözlər satılır, əlbəttə, amma mən onlardan istifadə etmirəm. Çünki çox süni və ruhsuz görünür. Gözlər istənilən obrazda əsas element olduğu üçün onları da özüm düzəldirəm. Xüsusi yapışqan var, ondan istifadə edirəm və nəticədə gözəl effekt alınır. Ona görə kuklalarımın gözləri bu qədər canlı görünür.

- Övladınız da maraqlanırmı bu sahə ilə?

- Qətiyyən. (gülür) O, bizneslə məşğuldur.

- Nəslinizdə sizdən başqa heykəltaraş və yaxud rəssam varmı - atanız, yaxud ananız?

- Xeyr, yoxdur. (gülür) Anam kitabxanada, atam DTK-da (Dövlət Təhlükəsizlik Komitəsi (1954-91) - red.) işləyib.

- Bəs necə oldu ki, siz heykəltaraş olmaq istədiniz?

- Heç özüm də bilmirəm. Uşaqlıqdan rəsm çəkməyə həvəsim olub. Deyirlər, üç yaşımdan şəkil çəkməyə başlamışam.

Bir maraqlı tarixçəmi danışım sizə: atam məşhur rəssam Toğrul Nərimanbəyovla dostluq edirdi. Bir gün atam məni və çəkdiyim şəkilləri də götürüb apardı T.Nərimanbəyovun yanına. Toğrul müəllimin yoldaşı da tanınmış heykəltaraş Elmira xanım Hüseynova idi. Onlar mənim işlərimə baxdılar, sonra Elmira xanım mənə gil verdi və yan otaqda ondan ürəyimdən keçən nəsə bir şey düzəltməyimi istədi.

- Həmin vaxt neçə yaşınız olardı?

- Haradasa 14, ya 15... Hə, demək, keçdim həmin otağa, haradasa iki saat işlədim. Gildən yorğun balerina düzəltdim. Elmira xanım işi görən kimi atama tərəf çevrildi və dedi ki, Arif, sən bu uşağı mütləq heykəltaraşlığa qoy, onun istedadı var. Ondan sonra atam mənə müəllim tutdu və beləcə, mən üz tutdum heykəltaraşlığa.

- Maraqlıdır. Bəs kuklaları nəzərə almasaq, heç heykəl düzəltmisiniz?

- Xeyr, heç düzəltməmişəm.

- Səbəb?

- Çünki ailə qurandan sonra, haradasa on il müddətinə bu sahədən uzaqlaşmalı oldum. Yalnız 1990-cı illərdən başladım məşğul olmağa. Onda da bu sahəni seçdim.

- Tamilla xanım, aydın məsələdir ki, portret kuklalarının kütləvi sifarişçisi olmur. Maraqlıdır, belə kuklaları, adətən, kimlər sifariş verirlər?

- Dediyim kimi, mən parça kuklalardan başlamışam. Həm də portret kuklalar hazırlayıram. Ona görə sifarişçilər olur. Məktəblərdən də olur, fərdi də olur, mədəniyyət nümayəndələri arasından da olur.

- Bəs ilk portret kuklanız kimə həsr olunub?

- İlk portret kuklam Nəsibə xanım Zeynalovaya həsr olunub. Mənə o kuklanı, təxminən 20 il əvvəl şou-biznes nümayəndələrindən biri sifariş vermişdi. Nəsibə xanım özü də çox sevmişdi o kuklanı. Nəsibə xanım rəhmətə gedəndən sonra isə həmin kukla verilib Teatr Muzeyinə.

- Tamilla xanım, hazırladığınız kuklaların ömrü neçə il olur?

- Saxlamaqdan asılıdır. Yaxşı saxlanılsa, toz basmasa, düzgün qulluq edilsə, ən azı 20 il, 30 il. Onlara baxmaq lazımdır.

- Bir kuklanın hazırlanması sizdən nə qədər vaxt tələb edir?

- O baxır işə. Minimum iki həftədən iki-üç aya qədər. Baxır, obraz nədir, sən onu necə yaradacaqsan, sənə nələr lazımdır və s. Elə iş var ki, bir aya da bitirmək olar.

- Bəs bir portret kukla neçəyə başa gəlir?

- Burada da qiymət işə görə dəyişir. Ucuzdur, deməyəcəyəm. Çünki bunlar hamısı eksklüziv işlərdir. Ölçüsü kiçik olan parça kuklalar nisbətən ucuzdur, ona görə tez-tez onlardan hazırlayıram.

- Nisbətən ucuz, məsələn, neçəyə?

- Kiçikölçülü, yəni 40 sm-lik, “Sultan”cıqlar 300 manatdan başlayır, elə işlər var, 500 manata, eləsi var, min manat və baha ola bilər.

-  Kuklalar üçün materialları necə seçirsiniz bəs?

- Oy, onu soruşmayın. Çox uzun haqq-hesabdır. (gülür) Düşürəm bütün material dükanlarına. Bir-bir axtarıram, tapıram.

- Tamilla xanım, hansısa kukla obrazını əvvəlcə çəkirsiniz, sonra düzəltməyə başlayırsınız?

- Xeyr, adətən, çəkmirəm. Elə birbaşa işləyirəm. Yalnız bu üç fiqurlu kompozisiyanı çəkmişəm. (güzgünün qarşısındakı kompozisiyanı göstərir)

- Tamilla xanım, bu qədər əmək sərf edirsiniz, yaradırsınız. Maraqlıdır, hər hansı işinizi satandan sonra darıxırsınız o işiniz üçün?

- Bəli, darıxıram. Onları hazırlayanda hərəsinin öz yeri olur axı. Sonra birdən baxıram ki, yoxdur. Qəribə hiss keçirirəm, elə bilirəm ki, harasa gedib. Bilirsiniz, istənilən bir obrazı, yəni kuklanı sıfırdan yaratmaq bir az sehrbazlığa, möcüzəyə bənzəyir. Sən olmayan yerdən nəsə yaradırsan və sonda həm özün, həm də başqaları ondan zövq alırlar. Mənim üçün onlar, sadəcə, kukla deyil, bir növ canlı varlıqlardır. Onların hər birinin öz aurası, xarakteri, hətta taleyi var...

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri