11 
Fev
2014
16:10
183
23
12449
Virtual karabakh

Eduard Məmmədov: İnsan gücünə inanmalıdır – MÜSAHİBƏ + FOTOSESSİYA

11 Fev, 2014
16:10
12449

Eduard Məmmədov: İnsan gücünə inanmalıdır – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“15-ci saniyədə erməninin müəllimi dedi ki, dur ayağa, biabır eləmə bizi”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı 17 qat dünya çempionu, 6 dəfə Avropa çempionu, Asiya və  Evro Asiya çempionu, 2 qat interkontinental kəmərinin sahibi, DİN-in əməkdaşı Eduard Məmmədovdur.

- Eduard Məmmədov, sənin adını eşidəndə, düzünü desəm maraqlı gəldi. Məmmədov, amma Eduard. Özün haqqında danış bizə, səni tanıyaq, sonra adını kim qoyub bizə deyərsən.

- Düzdü, adım həmişə hamıya maraqlı olub. Uşaqlıqdan adıma görə fərqlənirdim. Hər kəsin də yaddaşında yaxşı qalırdı. Adımı anam qoyub. Anam uşaqlıqdan mənə deyirdi ki, sən məşhur biri olacaqsan, səni hamı tanıyacaq, qoy adın da fərqlənsin. Amma anam mənim idmançı yox, diplomat, həkim, professor olmağımı istəyirdi. İdmançı olmağımı istəmirdi, çünki deyirdi ki, idmançının günü məşqdə keçir, çox əziyyət çəkir. Həqiqətən elədir, çox əziyyət çəkməlisən.

Mənim isə həvəsim idmana idi. Atam rəhmətə getdiyindən anam böyüdüb məni. Evdə qayda-qanun var idi. Yayda 9-da evdə olmalıydım. Qışda da hava qaralan kimi evdə olmalıydım. Düzdü, sonradan böyüdükcə başa düşdüm ki, bunlar mənim yaxşılığım üçündür. Mən Yasamalda böyümüşəm. Mənim yaşadığım yer kriminal zona sayılırdı. Ona görə anamın diqqəti həmişə mənim üzərimdə olurdu.

Uşaqlıqda əsəbi və zəif idim. Ona görə anam istəmirdi ki, idmanda qalım, davam edim. Amma idmanla məşğul olduqca onların heç biri qalmadı. Həyətdə həmişə uşaqlar mənlə zarafat edirdilər. “Ay neynirsən idmanı, dünya çempionu olmayacaqsan ki?! Boş-boş gedirsən idmana, ay karateist oğlan” - deyə, gülürdülər mənə. Amma indi o sözü deyənlərin çoxu heç də yaxşı yerdə deyillər.

Özəlliklə peşəkar idmanla məşğul olursansa bəhanə axtarmamalısan və əngəllərə hazır olmalısan. Mən ilk dəfə üzgüçülüyə getmişəm. Üzməyi sevirəm. Sonra karate ilə məşğul olmuşam, sonra bir şeyi dərk etdim ki, mən cəldəm və mənə, məhz kikboksinq lazımdır. 1993-cü ildə Çingiz Eyvazovla  tanış oldum. Mənə “gəl məşqlərə, səni çempion edəcəm deyirdi”. Mən də gülürdüm. Elə o vaxtdan indiyənə kimi mənim müəllimim Əməkdar məşqçi Çingiz Eyvazovdur. Mənim uğurlarımda onun böyük əziyyəti olub.

O vaxtlar döyüş filmləri də təzə çıxmışdı. Hər dəfə məşqə getməmişdən qabaq baxırdım və nələrisə öyrənirdim, öz üzərimdə işləyirdim. Çünki uşaqlığım əziyyətlə keçib. Məşqə getməyə yolpulum olmurdu, amma mən piyada nə qədər yol gedirdim. Deməyim odur ki, heç nəyi bəhanə etmədən çalışmışam, əziyyət çəkmişəm. Kikboksinq mənim həyatımın bir hissəsidir.Vaxt var idi hamı mənə hazırlaşırdı. Yəni, hamı deyirdi güclüdü, güclü rəqibdi hazırlaşaq, amma mən heç kəsə hazırlaşmıram. Çünki bu dəqiqə dünyada ən titullu kikboksinqçi mənəm.

- Çox yarışlarda olmusan və qalibiyyətin çoxdu. Sənə baxanda deməzsən ki, bu qədər güclüsən? Arıq və zəif görsənirsən qıraqdan. Üstəlik də kobud, sərt görsənirsən.

- Mən həmişə formadayam. Yeməyimə, məşqlərimə vaxtlı-vaxtında fikir verirəm. Çoxu bədənin şişirdir, çoxu əzələyə işləyir. Böyük əzələ olanda əksinə döyüşmək çətin olur. Amma əsas odur ki, hər kəsin öz çəkisi var. Mənim neçə ildir ki, çəkim 63 kilodur. Sürətdə üstünəm, cəldəm idmanda da əsas budur. Deməli, bir dəfə belə bir şey olmuşdu. Tələbələrimdən biri əsgərliyə getmişdi. Boyu balaca, arıq idi. Orda hamıya sual veriblər ki, burda kimsə idmançı var? Tələbəm də cavab verib ki, bəli var, mən məşğulam. Başqa bir oğlanın isə bədəni böyük, bundan çox böyük imiş və hamı gülüb ki, təbii ki, bu boyda oğlan arıq olanı döyər. Komandir deyib ki, döyüşün, baxaq və tələbəm necə vurubsa oğlan yıxılıb. Hamı görüb ki, bədən ilə deyil. O boyda olmaqla deyil, gərək gücün olsun. Mənim üçün ilk olaraq məşqimdi. Bu mənim peşəmdi, sənətimdi. Dostlar harasa çağırır, deyirəm məşqdən sonra, toya çağırırlar deyirəm 9-dan sonra gələ bilərəm. İşimə məsuliyyətli yanaşıram həmişə.

- İlk yarışını səhv etmirəmsə 1995-ci ildə keçirmisən. Elə həmin ildə də Kikboksinq Federasiyası yaranmışdı və ilk dəfə azərbaycan çempionatı keçirilirdi. Neçə yaşın vardı? Nə bilirdin ki, qalib gələcəksən? Çünki özünə bir əminlik var sanki səndə?

- Bəli, Kikboksinq Federasiyasının yaranan, inkişaf edən bir dövrü idi. Federasiyanın prezidenti Adil Əliyevin federasiyanın yaranmasında, inkişafında çox köməyi olub. Bugünkü gündə də nəticələr göz qabağındadı. Federasiyanın prezidenti Adil Əliyev, vitse-prezidenti isə Güloğlan Cabbarovdu. Yığma komandanın komanda rəisi isə Sadıq Bağırovdu. Bu insanların federasiyanın inkişafında böyük rolları olub. Adil müəllimə bir idmançı kimi bizə hər zaman dəstək olduğuna görə təşəkkür edirəm.

Və keçək 1995-ci ildə mənim ilk yarışıma. 16 yaşım vardı. 1 gündə 3 döyüş keçirdim və qalib  gəldim. Azərbaycan çempionu oldum. 15 dəfə Azərbaycan çempionu olmuşam və məqsədim o idi ki, öz yerimdə, öz ölkəmdə göstərim ki, mən nəsə bacarıram, sonra isə başqa yerdə, kənarda döyüşüm. Əslində qalib gələcəyimə həmişə inanıram. İnsan gücünə inanmalıdır. Bizə əvvəllər zəif idmançı kimi baxırdılarsa, indi bizdən çəkinirlər. Deyirlər bircə əvvəldən döyüşə azərbaycanlı idmançıyla çıxmayaq. Elə olmayıb ki, mən hansısa döyüşdən nəticəsiz qayıdım. 2-ci, 3-cü yerə çıxdığım döyüşlər isə ya hansısa zədə, ya da hakim səhvləri olub. 17 dəfə  dünya çempionu olmuşam, 6 dəfə isə Avropa çempionu. Asiya və Evro Asiya çempionu olmuşam. Peşəkarlar arasında İnter kondinental kəmərin sahibiyəm. Baxmayaraq ki, bu qədər titullarım var, həmişə bir məqsədim olub ki, yaxşı döyüşüm, yaxşı nəticə verim.

- 2000-ci ildə Yunanıstanda keçirilən yarışda dünya çempionu oldun. Ən əsası isə erməni ilə döyüşürdün. Sonra 2003-cü ildə demək olar ki, rinqdə uduzmayan erməni idmançısı Zurab Farayana qalib gəldin. Bu haqda bizə ətraflı məlumat verməni istəyərdim.

- Həmişə erməniylə döyüşümüz hamıya maraqlı olub və hamı bizdən, məhz onlarla döyüş zamanı qələbə gözləyib. 2000-ci ildə erməni ilə döyüşürdüm. Deməli, bunu nakauta saldım, 15-ci saniyədə erməninin müəllimi qayıdıb dedi ki, dur ayağa, biabır eləmə bizi. Erməni isə deyirdi ki, dura bilmirəm. Qışqırdı ki, dur dedim sənə. Döyüşçü müəlliminə qayıdıb dedi ki, belə istəyirsənsə gəl özün döyüş (gülür). Həmin vaxt bayrağımızı açdım və fəxrlə qələbəmi qeyd elədim.

Zurab Farayanı udandan sonra hamı gördü ki, azərbaycanlı idmançı hamıdan güclüdür.

Bu idmançıyla çox görüşüm olub – 2007, 2009, 2011-ci illərdə.

2003-cü ildə Əməkdar idman ustası, 2013-cü ildə Əməkdar məşqçi adını qazanmışam. 36 yaşım var və uğurlarım, əziyyətim yerdə qalmayıb. Əziyyətinin bəhrəsini görmək insanı sevindirir, ruhlandırır.

2007-ci ildə cənab prezidentin əmri ilə “Vətən uğrunda” medalı ilə təltif olundum. Bu gün də cənab prezidentin idmançılara göstərdiyi qayğı, diqqət göz önündədir.

4-cü kursda oxuyanda Daxili İşlər Nazirliyində işə başladım. Polis Akademiyasında İdarəetmə və İxtisasartırma İnstitutunu bitirmişəm.

- Fikir vermişəm, həmişə yarışa gülə-gülə çıxırsan. Bu, psixoloji təzyiqdi? Adətən idmançılar sifətlərini elə tərzdə sərt edirlər ki, adam baxanda qorxur.

- Düzdü, gülə-gülə çıxıram. Aqressivliyə ehtiyac yoxdu və gülməklə demək istəyirəm ki, onsuz səndə heç nə alınmayacaq. Amma erməni idmançının üzünə gülə bilmirəm, ona nifrət hiss ilə baxaraq qalib gələcəyimi hiss etdirirəm.

- 1995-ci ildəki gənclərlə indiki gənclərin arasında ən çox fərq nədədir? Təbii ki, idmandakı gənclərdən söhbət gedir.

- Çox fərqlər var. Biz o vaxtı hansısa döyüş kinolarına baxıb gəlmişik idmana və çox şeylər öyrənmişik. İndiki gənclər də baxsınlar. Bizim o qədər güclü idmançılarımız var ki, onlardan öyrənsinlər. Məsələn, Ehram Məcidov, Rafael Ağayev, Kamil Şərifov, Pərviz Abdullayev, Elnur Məmmədli – bu idmançılarımızdan öyrənsinlər . O vaxtı biz idmana gələndə düşünmürdük ki, biz bir döyüşü udaq və bizə nəsə verilsin və ya hansısa məqsədləri güdək. Biz peşəkar idmana gəlmişik, necə əziyyətlərə dözmüşük.

Amma indiki gənclər idmana gəlir və düşünür ki, nəsə nəticə versin, hamı bunu tanısın. Amma belə olmaz. Gənclərə, yeniyetmələrə başa salmaq lazımdır ki, idmanı səbəb axtarmadan sevsinlər.

- Həm müəllim, həm tələbə olmaq çətin deyil ki? Üstəlik də sistem işçisisən?

- Həm müəllim, həm tələbə olmaq məsuliyyət tələb edir. Mən həmişə tələbələrimə ilk olaraq öyrədirəm ki, vətənpərvər olmaq lazımdı, vətəni sevmək lazımdı, təkcə dildə yox ürəkdən. Onlara başa salıram ki, sən bu gün vətən üçün nə edə bilərsən? Siz idmanla məşğulsuz, sizin işiniz, borcunuz vətənin adını ucaltmaqdır, bayrağımızı kənarda qaldırmaqdır. Bəli, həm də DİN-in əməkdaşıyam.

Onu da qeyd edim ki, bizim yarışlara göstərdiyi diqqətə görə “Neftçi” klubunun direktoru  Sadıq Sadıqova təşəkkür edirəm. Hər hansı yarışlara getməyimizə heç bir problem olmayıb, hansı uşaq nəticə verir, onu yüksək səviyyədə qiymətləndirir.

İdmandan əlavə olaraq elmə də üstünlük verirəm. Tələbələrimə yaxşı oxumağı, savadlı insan olmağı tövsiyə edirəm.

- Deyirlər Edaurd bütün günü özünü reklam edir. Nə vaxt baxırsan şou-biznesdədi. Bu sözü sadə vətəndaşlardan tutmuş, məşhurlar da deyir. Səncə belədi? Bəlkə sosial şəbəkədə aktivliyinə görə deyirlər?

- Bilirsən necədi, insan dostluq etməyi bacarmalıdı. Dostluq baxmır sən jurnalistsən, idmançısan ya müğənnisən. Dostluq sözü dostluq etməyi bacaran insanlara aiddir. Mən bu gün idmançı, müğənni, aparıcı və sadə vətəndaşla da dostam. Bunu bacarmaq lazımdır. Mən dostluq etməyi bacarıram.

- İdmançının nə qədər çox uğuru olarsa, o qədər də sadə olmalıdı söyləmisən. Eduard üçün sadəlik anlayışı nədir?

- Sadə insanam. Kimsə deyə bilməz ki, Eduard özündən razıdı. Mənlə tanış olan adamlar bilir ki, mən necə bir adamam. Mən xoşbəxt idmançıyam, çünki harasa gedəndə mənə yaxınlaşıblar ki, sizi çox sevirik, yaxşı idmançısız. Bu, məni ruhlandırır.

Dəfələrlə mənə başqa ölkə adından çıxış etməyi təklif ediblər, amma mənim bir əqidəm var. Bir bayraq altında döyüşməyi seçmişəm. Mən öz dövlətimi, ölkəmi sevirəm.

Nərmin Kazımova
Foto: Ratmir Şərifov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri