Avq
2019
13:53
13
73
2108
Virtual karabakh

Ekspert: “Afrika baharı” ABŞ-ın xeyrinə olacaq - MÜSAHİBƏ

5 Avq, 2019
13:53
2108

Ekspert: “Afrika baharı” ABŞ-ın xeyrinə olacaq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ərəb baharı”nın Suriyada doğurduğu vətəndaş müharibəsinin davam etdiyi bir dövrdə Türkiyənin tanınmış politoloqu Engin Özer Oxu.Az-a müsahibəsində bildirib ki, Afrika qitəsini kütləvi xalq iğtişaşları, vətəndaş müharibələri və hərbi çevrilişlərlə müşayiət olunan yeni qlobal etiraz dalğası bürüyə bilər:

- Bu prosesləri 2010-cu ilin əvvəlində bütün ərəb dünyasını bürüyən “ərəb baharı”na oxşar olaraq “Afrika baharı” adlandıraq. Lakin məsələlərə sıra ilə toxunaq.

Çin hazırda ABŞ-ı bütün iqtisadi göstəricilər üzrə geridə qoymağa çalışır. Çin iqtisadiyyatı nominal ümumi daxili məhsula (ÜDM) görə ABŞ-dan sonra ikincidir, lakin Pekin alıcılıq qabiliyyəti paritetinə görə artıq bir müddətdir Vaşinqtonu qabaqlayır. Çin iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bu ölkədə ÜDM-in illik artımı 5%-dən aşağı olmamalıdır. Bunun üçün Çin iqtisadiyyatına daimi olaraq məhsulları üçün yeni satış bazarları və təbii resurslar əldə etmək lazımdır. Çin bu səbəbdən son 20-25 ildə Afrikaya böyük maliyyə vəsaitləri yatırır. Pekin tropik zonada yerləşmiş Afrika dövlətlərinin rəhbərliyinə iri məbləğdə kreditlər ayırır, infrastruktur layihələrinin, faydalı qazıntıların hasilatı proqramlarının həyata keçirilməsinə sərmayə qoyur.

Çin iqtisadiyyatının neft və qaza, son illərdə isə akkumulyator və elektromobillərin istehsalında istifadə olunan litiuma ehtiyacı var. Pekin artıq neft-qaz idxalından asılıdır. Anqola neft həcminə görə Çinin ikinci ən böyük tədarükçüsüdür. Pekin Anqola iqtisadiyyatına investisiya yatırır.

Bununla da Çin və bir çox Afrika ölkələrinin iqtisadiyyatı hazırda qarşılıqlı asılı vəziyyətə düşüb. Qeyd edilən tendensiya ABŞ, Fransa, İngiltərə kimi iri dövlətlərin ciddi narahatlığına səbəb olub. Bu, Rusiya üçün də sərfəli deyil. Afrika qitəsininin bir çox ölkəsində diktatura mövcuddur. Qitədə vaxtaşırı hərbi çevrilişlər baş verir. Belə şəraitdə Afrikaya investisiya yatırmaq istəyənlər az olur. Bu, Çin və Rusiyadan başqa heç kimə sərf etmir.

- ABŞ, Fransa və Rusiyanın Afrika qitəsi ilə əməkdaşlığı necə formalaşır?

- Kremlin Afrika üzrə xarici siyasətinin əsas istiqamətləri silah satışı, internet marketinq və atom texnologiyalarıdır. Rusiya hazırda Afrikada atom enerjisi proqramının inkişafında maraqlıdır. “Rosatom” bu sahədə Afrikanın bir sıra ölkələri ilə saziş imzalayıb. Rusiya hərbi məsələlər üzrə də Afrika dövlətləri ilə aktiv qarşılıqlı fəaliyyət göstərir.

Bundan başqa, ruslar Afrikada internet marketinqə fəal investisiya qoyur. Ucuz internet təqdim edən şirkətlər qurur, Afrika ölkələrinə təsir göstərmək üçün yerli KİV-lərlə sıx əməkdaşlıq edir. Moskvanın buradakı siyasəti Qərb əleyhinə meyilləri yüksəltməyi güdür. Kreml Avrasiya İqtisadi İttifaqına bənzər Afrika İttifaqı qurmağı planlaşdırır.

Çinlilər isə birbaşa hakimiyyətlərlə işləyirlər, iri korrupsiya sxemlərindən istifadə edirlər və ayrılan kreditlər vasitəsilə bir çox ölkələrdə idarəetməyə təsir edirlər. Bununla da Afrikada Moskva və Pekin arasında rəqabət yaranır. Amerikalılar Pekinin Afrika xammalı almasına və burada Çin məhsullarının satılmasına qarşı çıxırlar. Moskvanın Afrika ölkələrini Şərqə istiqamətləndirmək cəhdləri də ABŞ-ı qane etmir. Digər tərəfdən, Afrika bazarında Çin, Rusiya və Fransa kimi üç nüvə dövlətinin mövcudluğu onlar arasında rəqabət yaradır, bu da münaqişələrlə nəticələnə bilər.

- Tropik Afrika ölkələrində yeni xalq iğtişaşları və inqilablarının baş verə bilməsi üçün əsl səbəblər nə ola bilər? “Ərəb baharı”nın səbəbkarı sayılan ABŞ, yaxud Çin, Rusiya və Fransanın Afrika bazarındakı rəqabəti?

- “Ərəb baharı”nın nəticələri bir çox halda  “Afrika baharı”na bais ola bilər. Lakin bu proseslər bir-birindən çox fərqlənəcək. “Ərəb baharı” diktatorlara qarşı aparılırdı. Ərəb ölkələrində əhali demokratiya uğrunda mübarizə aparırdı. Sələfilər ölkə konstitusiyasını və vəziyyəti dəyişməyə çalışırdılar.

Tropik Afrika ölkələrində isə proseslərin dini tərkibi o qədər də böyük deyil. “Afrika baharı”nın səbəbləri fərqlidir. İlk növbədə bu, “ərəb baharı”nın təcrübəsidir. Tropik Afrikanın sakinləri yaxşı dərk edirlər ki, ölkələrinin nüfuzu və onlara tələbat artır. Rusiya, Çin və digər qabaqcıl dövlətlərin onlara qarşı artan marağı bundan xəbər verir. Buna görə də afrikalılar xalqın yaşayış şəraitini yaxşılaşdırmaq və özləri üçün daha çox imtiyazlar əldə etmək üçün bu rəqabətdən yararlanmaq istəyirlər.

Bu ölkələrdə son vaxtlar hakimiyyətlərə qarşı etirazlar fəallaşır, nümayişlər keçirilir. “Afrika baharı” nəticəsində baş verə biləcək dəyişikliklər ABŞ-ın xeyrinə olacaq. Lakin ABŞ iğtişaşlar təşkil etməyəcək, bununla belə, narazı insanları dəstəkləyə bilər. “Afrika baharı” regionun bir çox ölkəsində hakim rejimlərin dəyişməsinə gətirib çıxaracaq. Diktatorların getməsi Afrikada Çin və Rusiya ilə rəqabət aparmağa çalışmaq istəyən digər dövlətlərin buraya iqtisadi marağına səbəb ola bilər.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri