24 
Dek
2020
17:43
389
46
10442
Virtual karabakh

22 yaşlı Nigarın ürəklərə toxunan əl işləri: Şəhid torpağından boyunbağı, körpə kirpiyindən üzük... - MÜSAHİBƏ

24 Dek, 2020
17:43
10442

22 yaşlı Nigarın ürəklərə toxunan əl işləri: Şəhid torpağından boyunbağı, körpə kirpiyindən üzük... - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə paylaşılan aksesuarlar hər birimizin diqqətini çəkib. Müxtəlif boyunbağıları, açarlıqları və s. digərlərindən fərqləndirən cəhət isə əl işlərinin əksəriyyətində şəhidlərə aid əşyalardan istifadə olunmasıdır. 

Sözügedən aksessuarları hazırlayan isə 22 yaşlı Nigar İsmayılovadır. Qəhrəmanımız məktəb illərindən əl işlərinə böyük maraq göstərib. İncəsənətin bir çox növü ilə məşğul olan gənc Nigar həm də gözəl rəsmlər, fərqli tikişlərlə füsunkar əl işləri hazırlaya bilir. 

Oxu.Az-ın əməkdaşı gənc və istedadlı Nigar İsmayılova ilə həmsöhbət olub:

- Məktəb illərindən əl işləri ilə maraqlanırsız. Bu həvəs haradan yarandı?

- Uşaq vaxtlarımdan rəngli kağızlardan əl işləri hazırlayırdım. Daha sonra məktəbdə rəsm dərslərində çəkdiyim rəsmlər müəllimlərim tərəfindən bəyənilməyə başlandı. Bu məndə daha da həvəs yaradırdı. Üçüncü sinifdə oxuyan zaman çəkdiyim Mömünə Xatun türbəsinin rəsmi məktəbin rəsm otağında bu günə qədər də asılı vəziyyətdədir.

- Necə oldu belə aksesuarlar düzəltməyə qərar verdiniz? 

- Bu işə əslində hobbi olaraq başladım. Çox maraqla qarşılandığını gördüyümdə həvəsim daha da artdı. Demək olar ki, peşə kimi yanaşıram və hər birini böyük həvəslə hazırlayıram. Bu mənə terapiya kimi gəlir, sanki ruhum dincəlir. Əl işlərimi izləyən insanlardan gələn xoş sözlər də mənə motivasiya olur.

- Hazırladığınız aksesuarlarda istifadə etdiyiniz inqridientlər nələrdir? 

- Aksesuarların hazırlanmasında istifadə etdiyim məhsullardan ən önəmlisi maye halında olan epoksid qətranıdır. Onun ölkəmizdə satışının olub-olmadığını bilmirəm, mənə ölkə xaricindən, daha dəqiq desəm Rusiyadan gətirilir.

- Şəhidlərlə bağlı postlarınız olduqca təsirlidir və sosial şəbəkələrdə də çox paylaşıldı. Paylaşımlarınız müraciətlə başladı, yoxsa özünüz nümunə olaraq hazırladınız?

- Əslində sosial şəbəkələrdə mütəmadi hazırladığım əl işlərimi paylaşırdım. Amma ilk dəfə olaraq şəhid Veysəl Müsibovun həyat yoldaşına hazırladığım boyunbağı oldu. Aksesuar içərisində nişan üzüyü olan boyunbağı şəklində oldu. Bu paylaşım çox bəyənildi və paylaşıldı. Daha sonra şəhid ailələrindən bu kimi müraciətlər edənlər oldu. Mən şəhidlərimizin xatirəsinə hazırladığım aksesuarlara görə ailələrindən heç bir ödəniş almamışam, bunu vurğulamaq istəyirəm. O aksesuarları hazırlayarkən çox üzülürəm. 

- Bir aksesuarın (boyunbağı, təsbeh, açarlıq, üzük və s.) hazırlanmasına nə qədər zamanınız gedir?

- Aksesuarlara görə dəyişir. Boyunbağılar bir neçə saat, açarlıqlar da həmçinin. Amma təsbehlər 3-4 günə qədər vaxtımı alır. Saç tellərindən hazırlandığı üçün onları yerləşdirmək, səliqəli şəkildə olmasına diqqət etmək zaman alır. Onun üzərində daha çox çalışıram. Sifarişlər çox olanda paralel bir neçə aksesuar üzərində işləyirəm. Amma sırf bir işin üzərində çalışdığımda rahat 2 saat zamanımı alır. 

- Ən çox istifadə edilən aksesuarlardan biri də üzüklərdir. Bu şəkildə üzük hazırlanması mümkün olmur, yoxsa sifariş olmayıb?

- Sözün düzü, deməzdim ki, üzük hazırlamaq olmur. Əlbəttə, olur. Cəmi bir dəfə üzük sifarişi qəbul etmişəm. Bu günə qədər də o müştəri gözlərimin önündən getmir. Bir ata xərçəng xəstəliyindən əziyyət çəkən qızı üçün sifariş vermişdi. Qızı kimyəvi terapiya aldıqca tökülən kirpiklərini yığmışdı. Həmin kirpiklərdən üzük hazırlamağımı istədi. Bu üzüyü 12 yaşlı qızın kirpikləri ilə hazırladım. Təəssüf ki, balaca qız vəfat etdi...

- Ortalama zəhmətdən asılı olaraq, qiymətlər hansı aralıqda dəyişir?

- Mən bu işlə sırf gəlir məqsədi ilə məşğul olmuram. Sadəcə olaraq hobbidir. Odur ki, zəhmətdən asılı olmayaraq, məhsulların qiymətlərini hesablayıram. Polad seplə olanlar 20 manatdan başlayır. Yenə deyirəm, yekun qiymət aksesuarın hazırlanmasında istifadə olunan məhsulların qiymətinə görə dəyişir. 

Amma zövqə görə, qızıldan, gümüşdən hazırlanmasını istəyənlər olur. Sadə qızıldan hazırlanan aksesuarların qiyməti 450-500 manata qədər ola bilir. 

Bir xanım xərçəng xəstəliyindən dünyasını dəyişmiş anasının saç telindən brilyant qaşlı qızıl boyunbağı hazırlamağımı istəmişdi. Onun hazırlanmasında istifadə etdiyimiz məhsullar çox baha olmuşdu, təxminən 2 min manatdan yuxarı məbləğə başa gəldi.

- Bu günə qədər aldığınız sifarişlər arasında sizə ən çox təsir edəni hansı olub?

- Əl işlərim arasında məni ən çox üzən qazilərimizdən biri üçün hazırladığım boyunbağı oldu. Qazimiz Nəbi Şükürov Vətən müharibəsində döyüşən zaman baş nahiyəsindən yaralanıb. Onun baş nahiyəsindən dəyən gülləni mənə gətirmişdilər. O güllə ilə işləyən zaman çox qəribə hisslər keçirdim. 

Sözün həqiqi mənasında, şəhidlərimizin torpağından, əşyalarından, qazilərimizi yaralayan güllələrdən hazırladığım aksesuarları tamamlayana qədər çox üzülürəm. Bu cür sifarişlər isə həddən çox olur. Bunun çoxluğu belə məni incidir. Allah hər bir şəhid ailəsinə səbr versin. Şəhidlərin övladları üçün hazırladığım boyunbağıları göz yaşları içərisində hazırlamışam. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. 


Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri