29 
Avq
2018
13:39
227
21
3786
Virtual karabakh

ABŞ Den Bilzeryanı cinayət məsuliyyətinə cəlb etməlidir - RƏY

29 Avq, 2018
13:39
3786

ABŞ Den Bilzeryanı cinayət məsuliyyətinə cəlb etməlidir - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da yaşayan və bir müddət öncə Yerevana səfər edən milyonçu, “poker kralı” Den Bilzeryanın Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon və onun arvadı ilə birlikdə qanunsuz şəkildə Qarabağa gəlməsi, orada silahdan istifadə edərək, atəş açması kimi təhlükəli bir məsələ heç cür diqqətdən kənarda qala bilməz.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, işğalçı, təcavüzkar Ermənistanın rəhbərliyi vaxtaşırı olaraq, müxtəlif yollarla xaricdə yaşayan bəzi tanınmışı insanların, o cümlədən, erməni əsilli tanınmışların qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil edir, onları müxtləlif təxribatlarda iştirakçıya, alətə çevirir.

Onun sözlərinə görə, Den Bilzeryanın səfəri qanunsuz olmaqla yanaşı, həm də səfər zamanı atdığı addımlar konkret hərbi cinayət əməlidir:

“Hesab edirəm ki, müvafiq qurumlarımız, artıq ilkin mövqeyini açıqlayan Xarici İşlər Nazirliyimiz bununla bağlı ABŞ tərəfinə müraciət etməlidir və çox güman ki, edəcək, onun öz vətəndaşının hərəkətlərinə cavab verməsini tələb etməlidir və belə də ediləcək.

Çünki istənilən ölkənin, o cümlədən münaqişənin həlli ilə məşğul olan üç həmsədr dövlətdən birinin - ABŞ-ın vətəndaşları beynəlxalq konvensiyalara, Azərbaycan qanunlarına hörmət etməli, heç bir təxribatçılıq əməllərinə yol verməməlidirlər.

Ümumiyyətlə, ermənilər, erməni lobbisi xaricdə yaşayan həmvətənlərinin beyinlərini o qədər zəhərləyiblər ki, onlar adi hüquq normalarına əməl etməyi belə bacarmır və ya açıq-aşkar itaətsizlik, sayğısızlıq nümayiş etdirirlər.

Odur ki, Den Bilzeryan da öz hərəkərlərinə, hərbi cinayət əməllərinə görə cavab verməli və vətəndaşı olduğu ölkə bu məsələdə ciddi mövqe nümayiş etdirməlidir. Azərbaycandan bu məsələdə kimsəyə güzəşt yoxdur və olmayacaq.

Eyni zamanda, koçaryanlar ailəsinin Qarabağa səfəri göstərir ki, bu, heç də təsadüfi deyil. Bu, hərbi cani, Ermənistanın sabiq prezidenti Koçaryanın birbaşa istəyi və revanş hazırlıqlarına başlaması ilə bağlıdır. Koçaryan siyasi məğlubiyyəti ilə barışmaq istəmir, yenidən hakimiyyətə can atır.

Ancaq o bilməlidir ki, artıq Sarkisyan-Koçaryan dönəmi geridə, keçmişdə qalıb. Həmçinin, Nikol Paşinyanın 100 günlük hakimiyyət dönəmi ilə bağlı Yerevanın mərkəzində keçirdiyi mitinqə 300 min insanın qatılması koçaryanlara, sarkisyanlara bir siqnal olmalıdır.

Düzdür, Paşinyan hələlik öz keçmiş həmkarlarının, Koçaryan və Sarkisyanın mövqelərini təkrarlayır, Qarabağ münaqişəsinin həllində konstruktivlik göstərmir, amma bununla belə, artıq Ermənistan siyasətində koçaryanlara yer yoxdur və onların Azərbaycana qarşı bu cür təxribat əməlləri mütləq cavabını alacaq”.

Milli Məclisin (MM) Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Məlahət İbrahimqızı hesab edir ki, Den Bilzeryanın səfəri və hərəkətləri açıq-aşkar təxribatçılıq, hərbi cinayətkarlıq əməlləri, bölgədə sülhün, təhlükəsizliyin təmin və əldə olunmasına ciddi təhdid elementləridir:

“Bu adam hələ də ABŞ vətəndaşıdır. Orada yaşayır və bilmədir ki, həm də ABŞ-ı təmsil edir, bu addımları ilə iki ölkə arasında münasibətlərə ciddi zərbə vurur. Bəlkə də, Ermənistan vətəndaşı olsaydı və belə bir addım atsaydı, ona ciddi fikir verməmək olardı, çünki onlardan nə desən, gözləmək olar, amma bu adam həm də ABŞ vətəndaşıdır.

Məsuliyyətsizliyinin, cinayətkar davranışlarının ABŞ-a, onun nüfuzunu ciddi zərbə olduğunu dərk etməlidir. Əgər dərk etmirsə, o zaman vətəndaş olduğu ölkə zəhmət çəkib onu başa salmalı, necə deyərlər, qulaqlarını burmalı, cinayət məsuliyyətinə cəlb etməlidir.

Biz də haqlı olaraq, ABŞ tərəfindən bunu gözləyirik və tələb edirik. ABŞ tərəfi erməni əsilli vətəndaşının bu qanunsuz əməllərinə mütləq izahat və cavab verməlidir”.

Millət vəkili Eldəniz Səlimov deyib ki, artıq ABŞ da daxil olmaqla, digər həmsədr ölkələr, Minsk Qrupunda təmsil olunan ölkələr illərdir davam edən öz yanlış siyasətlərinə, Qaabağ məsələsi ilə bağlı ikili standartlarına, ədalətsiz davranışlarına, Ermənistanın nazı ilə oynamalarına son verməlidirlər:

“Onlar bilməlidirlər ki, Ermənistana, ermənilərə görə Azərbaycan kimi vacib, əhəmiyyətli bir ölkəni, tərəfdaşı itirmək olmaz. Anlamalıdırlar ki, Den Bilzeryan kimilərinin açıq təxribatçılıq, cinayətkarlıq əməlləri qarşılıqlı münasibətlərdə, əlaqalərin gələcək inkişafında hansı ciddi əngəllər, manelər yarada bilər.

Artıq bu ölkələr, xüsusilə, həmsədr ölkələr öz davranışlarına, o cümlədən, Ermənistanın, ermənilərin əlində vasitə, oyuncaq olan vətəndaşlarının hərəkərlərinə çəki-düzən verməlidirlər. Bu cür davam edə bilməz. Azərbaycanın, Azərbaycan xalqının əsəbləri ilə oynamaq, onu tarıma çəkmək artıq yetər. Azərbaycan bunu haqq və qəbul etmir, etməyəcək də”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri