Sen
2018
11:34
309
31
7297
Virtual karabakh

Ortaq kanal, dil, əlifba və universitet qaçılmazdır - ŞƏRH

8 Sen, 2018
11:34
7297

Ortaq kanal, dil, əlifba və universitet qaçılmazdır - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həm ortaq türk telakanalının, həm ortaq türk dilinin, həm də ortaq türk əlifbasının yaradılmasına, bu istiqamətdə əməli addımların atılmasına ciddi və zəruri ehtiyac var. Bunu bizdən tarix, reallıqlar, dünyada, ətrafımızda inkişaf edən çeşidli proseslər tələb və diktə edir. Bunlar bütün qardaş türk cümhuriyyətlərinin qarşısında duran ən önəmli və bir saylı məsələlərdəndir.

Bunu Oxu.Az-a açıqlamasında professor, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, sovet dövründə bu məsələlərin həlli məlum və bəlli səbəblərə görə mümkünsüz idi, buna heç cür razılıq və imkan verilə bilməzdi:

“Çünki sovetlərin türk toplumuna, türk millətinə, Türk dünyasına münasibəti aydın idi. Bu rejim, bu quruluş türk xalqalarının birliyindən daim ehtiyat edirdi və onların bir araya gəlməməsi, fikir, əqidə birliyinə nail ola bilməməsi üçün əlindən gələni edirdi. Düzdür, sovet dövründə beş müttəfiq türk respublikası eyni çətir altında bir araya gətirilmişdi, amma sovetlərin cızdığı xəttdən o yana keçməyə imkan verilmirdi.

Ancaq çox şükürlər olsun ki, indi bu beş türk respublikası artıq müstəqil cümhuriyyətdirlər, sovetlərin 1991-ci ilin avqustunda məlum çöküşü ilə bu xalqlar və respublikalar buxovdan, məngənədən xilas olaraq, müstəqil inkişaf, müstəqil dövlətçilik yoluna qədəm qoydular. Və ötən 27 il ərzində müstəqil dövlət və dövlətçilik yolunda böyük məsafə qət etdilər, böyük uğura, inkişafa nail oldular.

Bu gün bu beş qardaş ölkə arasında əsl dostıuq, qardaşlıq, strateji  müttəfiqlik münasibətləri var. Həmçinin, qardaş və dost Türkiyə ilə həm bizim ölkənin, həm Orta Asiyanın dörd türk cümhuriyyətinin gözəl münasibətləri mövcuddur.

Bu dövlətlər daim bir-birlərinə ən müxtəlif məsələlərdə dəstək verirlər, bu ölkələr müxtəlif beynəlxalq və regional qurumlarda ən yüksək səviyyədə əməkdaşlıq edirlər. Elə buna misal kimi TÜKSOY-u, TÜRKPA-nı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (TDƏŞ) göstərmək olar. Məsələn, bu günlərdə TDƏŞ-in Qırzğız Respublikasının Çolpan-Ata şəhərində çox yüksək səviyyəli VI Zirvə toplantısı keçirildi.

Orada çox önəmli müzakirələr aparıldı. Azərbaycan prezidenti İlham Əliyev çıxışında bu qurumun əhəmiyyətindən və gələcək əlaqələrin daha da inkişaf etdirilməsindən bəhs etdi. Çox sevindirici haldır ki, bu qurumun son toplantısında artıq Rusiya qardaş Tatarıstanın rəhbərliyi səviyyəsində təmsil olundu.

Həmçinin, Özbəkistanın və TDƏŞ-lə xeyli vaxtdır əməkdaşlıq edən Maacarıstanın dövlət liderləri də Zirvə tədbirinə qatıldılar və bu, onu göstərir ki, TDƏŞ artıq regional qurumdan nüfuzlu beynəlxalq təşkilata çevrilməyə doğru inamla addımlamaqdadır.

Hesab edirəm ki, TDƏŞ üzvü olan türk dövlətləri, ümumiyyətlə, cəmi müstəqil türk cümhuriyyətləri arasında münasibətlərin bu cür yüksək səviyyədə davam etməsinə töhfələr vermək üçün növbəti addımlar atılmalıdır. Artıq neçə illərdir ideyalar şəklində səsləndirilən bir sıra məsələlərlə - ortaq türk kanalı, ortaq türk dili və ortaq türk əlifbası ilə bağlı  önəmli qərarlar verilməlidir.

Bu gün Türk dünyasının, türk cümhuriyyətlərinin buna ehtiyacı var. İnanıram ki, məhz belə də olacaq, türk cümhuriyyətlərinin müdrik və uzaqgörən liderləri bu məsələni ideyadan reallığa çevirəcəklər. O günü səbirsizliklə gözləyirik”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sona Əliyeva da həmkarının fikirlərini dəstəkləyib.

O hesab edir ki, adıçəkilən məsələlərin tezliklə reallaşması türk cümhuriyyətlərinin tarixinə qızıl hərflərlə yazılacaq bir məsələ, bir mərhələ ola bilər:

“Belə düşünürəm ki, türk cümhuriyyətləri arasında inteqarasiyanı gücləndirmək üçün məhz bu məsələlər özlərinin reallıqda əksini tapmalıdır. Eyni zamanda, bir təhsil işçisi kimi, daha çox özümə yaxın olan bir məsələnin həllinin tezliklə mümkünləşməsini arzulayıram.

Bu da ondan ibarətdir ki, türk cümhuriyyətləri arasında vahid ali məktəb, vahid universitet təşkil edilsin. Bunun üçün hər cür potensial və imkan var. Həmin universitetin harada olacağının elə bir önəmi yoxdur, əsas odur ki, olsun. Əgər türk cümhuriyyətlərinin vahid universiteti olarsa, bu əlaqələrin, münasibətlərin inkişafına gözlədiyimizdən artıq töhfələr vermiş olacaq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri