16 
Okt
2018
00:42
652
104
21937
Virtual karabakh

İlham Əliyevin cənub bölgəsinə səfəri - YENİLƏNİB + FOTO

16 Okt, 2018
00:42
21937

İlham Əliyevin cənub bölgəsinə səfəri - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Oxu.Az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verib.

Dövlət başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basıb.

Bildirilib ki, layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 su sayğacı quraşdırılıb. Suyun optimal idarə olunması məqsədilə şəbəkə üzərində 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb. Astara şəhərində kanalizasiya şəbəkəsinin yaradılması üçün uzunluğu 70,5 kilometr olan kanalizasiya şəbəkəsi, 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası da layihələndirilib. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib:

“Mən sizi salamlayıram. Bu gün Astara şəhərində çox gözəl, əlamətdar bir gündür. Biz Astara şəhərinə rəsmi olaraq içməli suyun verilməsini qeyd edirik. Mənə verilən məlumata görə, artıq iki aya yaxındır ki, evlərə təmiz içməli su verilir. Bu, çox gözəl hadisədir. Mən də bu gün gəlmişəm ki, bu gözəl hadisəni sizinlə birlikdə rəsmi qaydada qeyd edim.

İçməli su insan sağlamlığı üçün əsas şərtdir. Bunu hər kəs bilir. Astara şəhərində də bu problem öz həllini tapıb. Beləliklə, şəhər sakinlərinə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Növbəti mərhələdə artıq bir çox kəndlərə də suyun verilməsi nəzərdə tutulur. Əlbəttə, növbəti illərdə bu məqsədlə əlavə vəsait ayrılacaq ki, bu problem öz həllini tapsın. İçməli su layihələrinin icrası böyük maliyyə vəsaiti, çox böyük investisiyalar tələb edir. Biz bunu edirik ki, insanlar çox təmiz, keyfiyyətli su ilə təmin olunsunlar. Çünki bir daha demək istəyirəm ki, sağlamlıq üçün, normal həyat tərzi üçün içməli su əsas şərtdir.

Bir çox rayonlarımızda içməli su layihələri icra edilir. Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulubdur ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq.

Digər layihələrə gəldikdə, Astara rayonunda infrastrukturun yaradılması sürətlə gedir, qazlaşdırma 83 faizdir, kənd yollarının tikintisi geniş vüsət alıb. Mənə verilən məlumata görə, Astara rayonunun kənd yollarının 92 faizi yenidən qurulub. Bu, çox gözəl göstəricidir. Gələn ilin Dövlət İnvestisiya Proqramında yeni, növbəti layihə nəzərdə tutulur. Beləliklə, hesab edirəm ki, bütün kəndlərin yolları çox gözəl səviyyəyə çatdırılacaqdır.

Eyni zamanda, keçən ay Bakı-Astara avtomobil yolunun açılışı olmuşdur. Bu, ən yüksək səviyyəli, çox rahat, təhlükəsiz yoldur. Bilirsiniz ki, yolun yeni istiqaməti müəyyən edilib, yeni tras çəkilib və yolun uzunluğu 40 kilometr qısalıb. Bu yol heç bir şəhərə girmədən düz Astaraya qədər gəlir. Beləliklə, yolboyu yaşayış məntəqələrinin rahatlığı təmin edilir. Əvvəllər bütün yolboyu yerləşən şəhərlərə yük maşınları girirdi və insanları narahat edirdi. İndi bütün yolboyu şəhərlərimiz - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan bu problemdən azad olunub.

Bir qalıb ki, Astara şəhərinin problemi də həll olunsun, biz bunu da edəcəyik. Çünki bir hissə qalıb. Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər. Biz bu layihə üzərində işləyirik, müəyyən işlər görülüb, torpaq ayrılıb, hətta torpağın birinci layları da hamarlanıb. Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq. Hesab edirəm ki, gələn ilin ortalarına qədər mövcud Bakı-Astara trasından Azərbaycan-İran sərhədinə qədər yeni tras çəkiləcək və heç bir tranzit yük maşını Astara şəhərinə girməyəcək. Biz bunu da edəcəyik ki, Astara sakinləri bu problemlərdən azad olsunlar.

Digər layihələrə gəldikdə, bildiyiniz kimi, 2005-ci ildə Astara şəhərində modul tipli elektrik stansiyası tikilmişdir. Bu stansiya həm rayona, həm də bütün bölgəyə xidmət edir. Beləliklə, elektrik enerjisi ilə təchizat məsələləri də həll olunub. Bu gün içməli su layihəsi, - qazlaşdırmanı dedim, - kənd yolları çəkilir. Yəni, Astarada əsas infrastruktur məsələləri demək olar ki, öz həllini tapmaqdadır.

Sosial infrastruktura gəldikdə, rayonda son illərdə 35 məktəb, Olimpiya İdman Kompleksi tikilib, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir edilib, digər sosial obyektlər yaradılır. Astara rayonunun çox böyük turizm potensialı var. Bakı-Astara yolu istifadəyə veriləndən sonra əlbəttə ki, turistlərin sayı da artmalıdır və artacaq. Xarici turistlər Astaraya üz tuturlar. Burada turizm infrastrukturu, eyni zamanda, istirahət zonaları, o cümlədən bulvar kompleksi yaradılır. Astara sakinləri üçün bulvar kompleksinin yaradılmasına əlavə vəsait ayrılmışdır ki, bu istirahət zonası daha da böyük ərazini əhatə etsin.

Bilirsiniz ki, keçən il Lənkəranda bu zonanın inkişafına təkan verəcək çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirilmişdir. Müşavirədən sonra dövlət proqramları qəbul edilmişdir və bu sahədə də irəliləyiş var. Ona görə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Turizm infrastrukturunun yaradılması öz həllini tapır. Yeni iş yerlərinin yaradılması prosesi də gedir. Çünki kənd təsərrüfatına verilən böyük dəstək, əlbəttə ki, məşğulluğu artırır, insanlar daha da yaxşı imkanlar əldə edirlər, öz rifah halını yaxşılaşdırırlar və bu gözəl diyarda işlər daha da yaxşı gedəcək.

Artıq qeyd etdiyim kimi, gələcəkdə Bakı-Astara avtomobil yolunun İran sərhədinə çatdırılması layihəsi icra olunacaq. Eyni zamanda, burada kommunal evlərdə yaşayan insanlar üçün 48 mənzildən ibarət yeni yaşayış binası tikiləcək. Gələn ilin investisiya proqramında yeni kənd yollarının layihəsi nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələlər həll ediləndən sonra biz əsas infrastruktur layihələrini yerinə yetirmiş oluruq. Gələcəkdə, sadəcə olaraq, bu imkanlardan istifadə edilməlidir ki, rayonun potensialı daha da böyüsün. Sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, burada yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Ənənəvi kənd təsərrüfatı sahələri daha da sürətlə inkişaf etməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür, dövlət tərəfindən kifayət qədər böyük diqqət göstərilir.

Astara rayonunda və qonşu rayonlarda son illər ərzində görülmüş işlər çox böyük maliyyə vəsaiti tələb edən işlərdir. Həm elektrik, həm qaz, həm də yol təsərrüfatlarının, Lənkəran beynəlxalq aeroportunun yaradılması, su layihələrinin icrası, magistral yolların çəkilişi, kənd təsərrüfatına verilən dəstək böyük maliyyə vəsaiti tələb edir. Biz bunu da edirik və etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bunu tələb edir. Bu proqramı da biz qəbul etmişik və bu ilin sonunda üçüncü Dövlət Proqramı başa çatır. Demək olar ki, biz proqramı artıqlaması ilə icra etmişik, o cümlədən proqramda Astara rayonuna aid olan bütün məsələlər artıqlaması ilə öz həllini tapıbdır.

Deyə bilərəm ki, sonuncu böyük layihə, bax, bu gün rəsmi qaydada istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm”.

23.59

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verib ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.
Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub.

Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksesuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçəcək və onların əksəriyyətini yerli kadrlar təşkil edəcək. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluq göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunacaqlar. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlət başçısı və xanımı oteldəki nömrələrdə yaradılan şəraitlə tanış olublar.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər.

Dövlət başçısı görüşdə çıxış edib:

“Sizi ürəkdən salamlayıram, Lənkəran rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Lənkərana Prezident kimi 10-cu səfərimdir. Hər səfərdə yeni obyektlərin açılışında iştirak edirəm və şadam ki, Lənkəranda yeni gözəl obyektlərin sayı çoxalır. Bu gün Lənkəranda yaradılan İstisu sanatoriyasının fəaliyyəti ilə tanış oluram. Tanışlıq çox gözəl təəssürat bağışlayır, çox gözəl istirahət zonasıdır, gözəl oteldir. 

Siz bilirsiniz ki, bu yerdə sovet vaxtında sanatoriya olub. O sanatoriyanın görüntüləri bu stenddə göstərilir, tamamilə yararsız vəziyyətə düşmüşdü və əlbəttə ki, müasir tələblərə cavab vermirdi. Şadam ki, yeni tikilən otel, istirahət müalicə mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Burada 182 otaqda qonaqlar, yerli sakinlər dincələcəklər, müalicə alacaqlar, öz sağlamlıqlarını bərpa edəcəklər. Bu gözəl turizm obyektinin açılışı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün regionlar sürətlə inkişaf edir və bölgələrdə dünya səviyyəli çox gözəl obyektlər, o cümlədən turizm obyektləri yaradılır.

Lənkəran rayonunda turizmin inkişafı sürətlə gedir. Keçən il mən burada olarkən dəniz sahilində yerləşən otelin açılışında iştirak etmişəm. Mənə indi məlumat verildi ki, o otel 100 faiz işləyir, yəni, otaqların yüz faizi qonaqlar tərəfindən götürülüb, istifadə olunur. Hazırda Bakı-Astara yolunun çəkilişindən sonra Lənkərana gələn turistlərin sayı daha da artır və artacaqdır. Bu gün biz yeni gözəl otelin açılışını qeyd edirik.

Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir.

Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur. İlk növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə hələ 10 il bundan əvvəl əsaslı şəkildə təmir olunub, demək olar ki, yenidən qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq reyslər təşkil edilir. İndi mənə məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət göstərir. Bu, həm rayon sakinlərinin, həm cənub zonasında yaşayan vətəndaşların rahatlığını, həm də turistlərin gəlişini təmin edir.

Dəmir yolu nəqliyyatı Azərbaycanda yenilənir, yeni xətlər çəkilir. O cümlədən təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən keçəcək. Yəqin eşitmisiniz, mən çıxışlarımın birində demişəm ki, Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək, sahilboyu ilə gedən dəmir yolu xətti köçürüləcək ki, həm daha da rahat olsun, həm sürət artsın, eyni zamanda, biz sahil zonasını turizm infrastrukturuna cəlb edək.

Avtomobil yolları çəkilir. Mən keçən ay Bakı-Astara avtomobil yolunun açılışını etdim, gözəl tədbir keçirildi. Bildiyiniz kimi, indi yolun məsafəsi təxminən 40 kilometr qısalıb və bu gün dünya miqyasında ən gözəl yollardan biridir. Mən Bakıdan Astaraya qədər indi o yol ilə gəlmişəm, adam zövq alır, gözəl, hamar, mənzərəli bir yoldur, sağ-sol meşələr, dağlar. Beləliklə, Bakıdan Lənkərana, Astaraya gəlmək üçün insanlar daha rahat yoldan istifadə edəcəklər.

Bizim tarixi abidələrimiz turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə gələn turistlər xalqımızın qonaqpərvərliyi sayəsində özlərini evlərindəki kimi hiss edirlər. Ölkəmizin ümumi inkişafı əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi. Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar.

Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir. Əlbəttə ki, belə gözəl istirahət mərkəzlərinin, otellərin tikintisi turistləri daha da cəlb edəcək. Biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar.
O cümlədən ölkəmizdə müalicəvi turizm inkişaf edir və İstisu Sağlamlıq Mərkəzinin yaradılması bu istiqamətdə önəmli addımdır. Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik.

Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı, o da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə olunur. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək.

Yəni, müalicəvi turizm istiqamətində işlər gedir, idman turizmi inkişaf etdirilir. Şahdağ artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək mərkəzidir. Beləliklə, turizm Azərbaycanda inkişaf edəcək, turizm sahəsində 10 minlərlə iş yeri yaradılır. İndi mənə verilən məlumata görə, təkcə bu sanatoriyada ən yaxşı mövsümdə 250-yə qədər yeni iş yeri açılacaq və burada yerli vətəndaşlar işlə təmin olunacaqlar. Ölkə iqtisadiyyatına daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran rayonunda belə gözəl turizm mərkəzi yaradılır. Bu, Lənkəranın iqtisadi potensialına növbəti bir töhfədir.

Bütövlükdə son illərdə Lənkəran rayonunda çox böyük işlər görülüb. İlk növbədə, biz infrastruktur layihələrinə böyük diqqət göstərmişik. Mənim yadımdadır, ilk dəfə prezident kimi mən Lənkərana gələndə Lənkəran şəhərində demək olar ki, təbii qaz yox idi. Bu gün nəinki Lənkəran şəhərində, Lənkəran rayonunda qazlaşdırmanın səviyyəsi 95 faizdir. Yəni, demək olar ki, biz bu problemi həll etmişik. Elektrik enerjisi ilə həmişə problemlər var idi. 2005-ci ildə Astarada tikilmiş modul tipli elektrik stansiyasının fəaliyyəti nəticəsində bu problem də indi öz həllini tapır. Eyni zamanda, Astarada 80, Lerikdə 16 meqavat gücündə elektrik stansiyalarının tikintisi başa çatıb. Bunlar bütün bölgəyə xidmət göstərən elektrik stansiyalarıdır.

Beş il bundan əvvəl Lənkəranın içməli su problemi həll olundu. Yadımdadır, o günü də biz birlikdə qeyd etmişdik. Kənd yollarının 75 faizi yenidən quruldu və bu proses davam etdirilir, gələn il əlavə vəsait ayrılacaq. Yəni, infrastrukturla bağlı olan bütün məsələlər həll olunur, görülən işlər göz qabağındadır, 40-dan çox məktəb tikilib və ya təmir edilib. Müasir Olimpiya İdman Kompleksi tikilib, biz bu gün onun açılışını qeyd edəcəyik. 2003-cü ildə birinci Olimpiya kompleksi yaradılmışdır. Ancaq əfsuslar olsun ki, o vaxt keyfiyyət o qədər də yaxşı deyildi və o, sıradan çıxdı. Göstəriş verdim ki, Lənkəran şəhərində mütləq ən gözəl Olimpiya mərkəzi yaradılsın, biz bu gün onun açılışını qeyd edəcəyik. 

Lənkəran aeroportunu qeyd etdim, müalicə-diaqnostika mərkəzi tikilmişdir, mərkəzi şəhər xəstəxanası əsaslı bərpa edilmişdir. Bu gün “Azərxalça” İstehsalat Birliyinin filialının açılışını qeyd edəcəyik. Orada da 100-dən çox insan işlə təmin ediləcək. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, Lənkəran rayonunun inkişafı daha da sürətlə getsin. Əlbəttə ki, növbəti illərdə görüləcək işlər haqqında da biz indidən düşünürük. Gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul ediləcək. Qalan bütün məsələlər o proqramda öz əksini tapacaq.

Bilirəm ki, binaların dam örtükləri ilə bağlı problemlər var, biz onları həll edəcəyik. Proqramımızda hələ kənd yollarının çəkilişi, məktəblərin tikintisi var. Biz bütün bunları həll edəcəyik ki, Lənkəran rayonunda bir dənə də olsun problem qalmasın. Sizi bir daha salamlayıram, təbrik edirəm və yeni uğurlar arzulayıram”.

23.57

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edib:

“Bu gün yenidən Lerik rayonundayam, çox şadam ki, sizinlə görüşürəm. Bu, mənim Prezident kimi Lerik rayonuna dördüncü səfərimdir. Əvvəlki illərdə Lerik rayonunun inkişafı ilə bağlı bir çox önəmli qərarlar verildi. Bu qərarların icrası nəticəsində rayonun inkişafı sürətlə getməyə başladı. Əlbəttə, ilk növbədə, biz Lənkəran-Lerik yolunun çəkilişi ilə məşğul olduq. 2005-ci ildə müvafiq göstəriş verilmişdi və yol çəkildi. Əvvəllər də yol olub, amma çox bərbad vəziyyətdə idi və yolun çəkilişindən sonra Lerikdə inkişaf daha da sürətlə getməyə başladı. 

Bu ilin yayında mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb və Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrıldı və yol yenidən çəkilməyə başlanmışdır. Qalan vəsait də Dövlət İnvestisiya Proqramından ayrılacaq ki, Lənkəran-Lerik yolu ən yüksək standartlara cavab versin. Deyə bilərəm ki, yol bu gün də yaxşı vəziyyətdədir, ancaq daha yaxşı vəziyyətdə olacaq.

Bildiyiniz kimi, sovet vaxtında Lerikdə qazlaşdırma aparılmamışdı. Lerik şəhərinin təbii qazla təmin edilməsi üçün müvafiq göstəriş verildi və qaz xətti çəkildi. Bu gün mənə verilən məlumata görə, Lerik rayonunda qazlaşdırma 36 faiz səviyyəsindədir. Rayonun relyefini, dağlarını nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir. İmkan daxilində Lerik rayonunun qazlaşdırılması ilə bağlı əlavə addımlar atılacaqdır.

Bu gün Lerikdə 16 meqavat gücündə yeni elektrik stansiyasının açılışı nəzərdə tutulur. Beləliklə, bu enerji ümumi sistemə verilərkən nəinki Lerik rayonunun tələbatını, eyni zamanda, bütün cənub zonasının enerji təsərrüfatının dayanıqlığını təmin edəcək. Əlbəttə ki, biz, ilk növbədə, Lerik rayonunu etibarlı enerji mənbəyi ilə təmin edəcəyik.

Bu gün biz artıq Lerik şəhərinin içməli su ilə təminatını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Artıq bu layihə icra edildi. Onun icrası üçün çox böyük vəsait ayrıldı və biz buna nail ola bilmişik. İçməli su insan sağlamlığı üçün əsas şərtdir və bundan sonra vətəndaşlar təmiz, ən yüksək standartlara cavab verən içməli su ilə təmin olunacaqlar.

Lerik uzunömürlülər diyarıdır, burada insanlar çox sağlamdırlar. Dünya miqyasında Lerik haqqında kifayət qədər məlumat var. Lerikdə Uzunömürlülər Muzeyi də var. Mən səfərlərimin birində muzeylə tanış olmuşam. Ancaq içməli su layihəsi icra olunandan sonra insanların sağlamlığı daha da yaxşı olacaq.

Bu əsas infrastruktur məsələlərinin həlli göstərir ki, Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir. Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.

Biz, eyni zamanda, Lerik rayonunda sosial məsələlərin həlli ilə ciddi məşğul olmuşuq. Rayonda 50-dən çox məktəb təmir olunub və ya yenidən tikilib. Mədəniyyət Mərkəzi yaradılıb, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib. Yəni, sosial infrastruktur, elektrik xətləri, qazlaşdırma, su xətləri, yollar – bütün bunlar reallıqdır. Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb. 

Kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir. Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə, - o da təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi, - gələn ilin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik.

Bütün bunları biz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həll etmişik. Bildiyiniz kimi, bu il üçüncü Dövlət Proqramının icrası başa çatır. Proqram artıqlaması ilə icra edilib, biz bunu Lerik rayonunun timsalında görürük. Növbəti illər üçün yeni proqram hazırlanır və indi bölgələrdən təkliflər daxil olur. Mən Lerik ictimaiyyətindən də xahiş edirəm ki, onlar da təklifləri göndərsinlər. Hökumətdə bu proqrama baxılacaq, iqtisadi və sosial məsələlərin həlli növbəti illərdə təmin ediləcək”.

19.02

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə mühüm yer tutur. Respublikamızın bütün bölgələrində yeni körpələr evi-uşaq bağçalarının inşası, onların müasir avadanlıqla təchiz edilməsi bunun əyani təsdiqidir.

Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən böyük dəstək verilir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəyə xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələri bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı uşaqların təlim-tərbiyəsinin, onların bilikli və savadlı yetişməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bir daha sübut edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bağçalardan biri də Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasıdır.

Bu cür gözəl və hərtərəfli şəraiti olan körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bir daha sübut edir ki, dövlətimizlə bərabər, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşır, onların sağlam və xoşbəxt böyüməsi üçün əlindən gələni əsirgəmir. Müasir görkəmi ilə seçilən belə müəssisələr həm də yerləşdiyi ərazinin gözəlliyini daha da artırır.

Bildirildi ki, bu uşaq müəssisənin inşasına 2015-ci ilin mayında başlanılıb. İnşaat işləri 2018-ci ilin mayında yekunlaşıb. İkimərtəbəli binada qrup, yataq, yemək otaqları və xidməti otaqlar var. Burada, eyni zamanda, musiqi və gimnastika, həmçinin kompüter otağı da balacaların ixtiyarına verilib. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.

Otaqların hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənməsi üçün meydança yaradılıb.

Müəssisədə 22 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Bütün bunlar bir daha da göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Ümumilikdə, ölkədə son illərdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların xoşbəxt böyümələri naminə olduqca mühüm layihələr icra edilib. Bunların arasında mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, yeni-yeni bu cür müasir müəssisələrin yaradılması vacib əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verildi ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bu muzeyin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin avqustunda başa çatdırılıb.

Bildirildi ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Bölgələrdə Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir.

Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir.

Bununla yanaşı, bu işlər həm də Azərbaycan dövlətinin müstəqilliyini əks etdirən və hər bir vətəndaş üçün müqəddəs olan üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiramın təcəssümüdür. İndi Azərbaycan bayrağı ən nüfuzlu beynəlxalq təşkilatlar və mötəbər məclislərdə qürurla dalğalanır, dövlətimizi şərəflə təmsil edir.

19:01

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

Oxu.Az-ın məlumatına görə, “Azərenerji” QSC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Bölgələrdə bu cür elektrik stansiyalarının yaradılması həm enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına təkan verməklə əlavə iş yerlərinin açılmasına səbəb olur. Bu baxımdan Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyası da əhəmiyyəti ilə seçilir.

Bildirildi ki, ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na əsasən Lerikin elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması çərçivəsində rayonda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilib.

Elektrik stansiyası Lerik şəhər mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir. Burada hər birinin gücü 3,3 MVt olan beş mühərrik-generator, həmçinin 35 kV və 10 kV-luq yarımstansiyalar quraşdırılıb. Bundan başqa, gücü 25 MVA olan 35/10 kV-luq blok transformatoru, hər birinin gücü 10 MVA olan 35/10 kV-luq iki güc transformatoru və hər birinin gücü 630 kVA olan 10/0,4 kV-luq iki ədəd xüsusi sərfiyyat transformatoru da layihənin komponentləri sırasındadır.

Burada gücü 500 kVA olan dizel generatoru, rele mühafizəsi və avtomatika sistemləri, həcmi 20 kubmetr olan qəza yağ tutumu sistemi quraşdırılıb. Eyni zamanda, həcmi 250 kubmetr olan yanğınsöndürmə sisteminin yerüstü ehtiyat su çəni qoyulub, diametri 200 millimetr olan 6 kilometrlik qaz xətti, uzunluğu 25 kilometr ikidövrəli 35 KV gərginlikli elektrik verilişi, uzunluğu 16 kilometr olan 10 KV gərginlikli 8 elektrik verilişi xətləri xətti çəkilib.

Dövlətimizin başçısı elektrik stansiyasını işə salıb.

Bu layihə bölgənin enerji təminatı baxımından əhəmiyyəti ilə seçilir. Belə ki, regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıracaq stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Müqayisə üçün deyək ki, bu, Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə tələbatından 40 faiz çoxdur.

Bununla yanaşı, regionun ucqar nöqtələrində gərginlik səviyyəsinin normadan aşağı düşməsi hallarının qarşısı alınacaq. Stansiyanın faydalı iş əmsalı 45 faiz təşkil edir. Burada əsas yanacaq kimi qazdan istifadə olunur.

17:38

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə haqqında məlumat verdi.

Bildirilib ki, bu layihə çərçivəsində Lerik şəhərində içməli su şəbəkəsinin və sutəmizləyici qurğunun, çirkab suların şəhər ərazisindən kənarlaşdırılması üçün kanalizasiya şəbəkəsinin və çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2011-ci ildən başlanılıb. Lerik şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Zuvandçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Sugötürücü qurğudan suyun öz axımı ilə şəhər ərazisindəki sutəmizləyici qurğuya ötürülməsi üçün 17,49 kilometrlik magistral xətt çəkilib. 

Yay aylarında Zuvandçay çayında suyun azalması nəzərə alınaraq, əlavə olaraq Nisliçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Nisliçay çayından götürülən sular nasos stansiyası vasitəsi ilə uzunluğu 90 poqonmetr olan təzyiqli boru vasitəsilə Zuvandçay çayından Lerik şəhərindəki təmizləyici qurğuya çəkilən magistral su xəttinə ötürüləcək. Sugötürücü qurğulardan qəbul edilərək magistral su xətti ilə saniyədə ötürülən 20,2 litr suyun təmizlənməsi üçün şəhər ərazisində gündəlik gücü 2,6 min kubmetr olan içməli sutəmizləyici qurğu kompleksi inşa edilib. Lerik şəhəri ərazisində içməli suyun yığılması və paylanması məqsədilə tutumu 1500 kubmetr olan 4 su anbarı tikilib. Şəhərin yüksəklikdə yerləşən hissəsindəki evlərə içməli suyun nəqli üçün tutumu 500 kubmetr olan anbarda məhsuldarlığı saniyədə 1,54 litr olan iki nasos quraşdırılıb. Su anbarlarından Lerik şəhər əhalisinə içməli suyun verilməsi üçün uzunluğu 55 min 55 poqonmetr olan içməli su şəbəkəsi tikilib, 1821 ev su sayğacı ilə təmin edilərək bu şəbəkələrə qoşulub.

Diqqətə çatdırılıb ki, çirkab suların şəhər ərazisindən toplanaraq təmizləyici qurğuya ötürülməsi üçün uzunluğu 1579 poqonmetr olan kanalizasiya kollektor xətti, uzunluğu 1409 poqonmetr olan təzyiqli çirkab su xətti, eləcə də uzunluğu 41 min 289 poqonmetr olan çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 1296 baxış quyusu və gündəlik gücü 1530 kubmetr olan təmizləyici qurğu inşa edilib.

Məlumat verildi ki, Lerik şəhərinin ilk su təchizatı sistemi 1968-ci ildə yaradılıb. Şəhərin yalnız 50 faizi mərkəzləşdirilmiş qaydada fasiləli rejimlə içməli su ilə təmin edilirdi. Ümumiyyətlə Lerikdə kanalizasiya şəbəkəsi olmayıb. Bu cür layihələrin icrası ölkəmizdə sosial siyasətin uğurla həyata keçirildiyinin əyani göstəricisidir. Bu işlər bir daha sübut edir ki, vətəndaşların sosial məsələlərinin həlli Azərbaycanda aparılan dövlət siyasətinin mərkəzində dayanır və bu istiqamətdə icra olunan layihələr davamlıdır.

Prezident İlham Əliyev Lerik şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

17:42

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Piran-Hamarat-Vijaker avtomobil yolunda aparılan yenidənqurma işləri ilə bağlı məlumat verib.

Bu avtomobil yolunun tikintisinə Prezident İlham Əliyevin bu il avqustun 18-də imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrılıb. Yol 9100 nəfərin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 26 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İki zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Layihənin icrası çərçivəsində suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Bir sözlə, yol müasir səviyyədə, texnoloji ardıcıllığa uyğun və bütün tələblərə cavab verməklə yenidən qurulub.

Dövlətimizin başçısına Lerik rayonunun Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi barədə də məlumat verilib.

Otuz min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncamla Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat, 2014-cü ildə imzalanan Sərəncamla isə əlavə olaraq 7 milyon manat ayrılıb. 2016-cı ildə imzalanan digər Sərəncama əsasən isə yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,6 milyon manat vəsait ayrılıb və yolun tikintisi başa çatdırılıb.

Qeyd edildi ki, ümumi uzunluğu 36 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəyə aiddir və ikizolaqlıdır. Yolun inşası zamanı müxtəlif diametrli suötürücü borular tikilib, iki körpü keçidi inşa olunub. Bu yolun tikilməsi bölgədə sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Həmçinin sözügedən avtomobil yolunun tikintisi yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzləri və yerli tarixi mədəniyyət abidələri ilə də tanış olmalarına şərait yaradacaq.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

16:18

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonuna səfərə gəlib.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevə son dövrlərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib.

16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.

Oxu.Az xəbər verir ki, bu rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.

Məlumat verilib ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir. 

Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.

Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzib.

Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı inşaat işlərinə Prezident İlham Əliyevin 2017-ci ilin iyunun 8-də imzaladığı Sərəncama əsasən başlanılıb. Tikinti işləri 2018-ci ilin avqust ayında başa çatdırılıb. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Ərazidə 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb. 

Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan “Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.

Belə layihələrin icrası Astaranın abadlaşdırılması, gözəlləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin davamlı olduğunu və bu işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirildiyini bir daha sübut edir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda və yüksək zövqlə yaradılan bu istirahət məkanı Astaranın gəzməli-görməli yerlərinə daha bir ünvanı da əlavə edir.

16:02

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Oxu.Az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verib.

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. 

Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq. Astara, Lənkəran şəhərləri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. 2013-cü ildən etibarən bu mənbə hesabına Lənkəran şəhəri və 5 kənd, 2017-ci ildən isə magistral kəmər boyunca yerləşən 15 kənd keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur.

Sutəmizləyici qurğuda suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Emal prosesindən keçən suyun anbarlara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 750 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. 

On min kubmetr tutumu olan su anbarı Lənkəran şəhəri və ətraf kəndlər, hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənir. Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 millimetr olan polietilen borularla 29,2 kilometr uzunluğunda magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.

Diqqətə çatdırılıb ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Astara müştəri xidmətləri sahəsi üçün müasir tipli inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada işçi otaqları, IT otağı, iclas zalı zəruri avadanlıqla təchiz edilib. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Dövlətimizin başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basıb.

Bildirilib ki, layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 su sayğacı quraşdırılıb. Suyun optimal idarə olunması məqsədilə şəbəkə üzərində 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb.

Astara şəhərində kanalizasiya şəbəkəsinin yaradılması üçün uzunluğu 70,5 kilometr olan kanalizasiya şəbəkəsi, 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası da layihələndirilib. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.

Qeyd edildi ki, layihənin icrasına qədər Astara şəhərində 1980-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhərə içməli su Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən drenaj quyularından verilirdi. Şəhərdə mövcud olmuş 41 kilometr uzunluğunda paylayıcı şəbəkə istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” ASC şəhərin 15 min sakininin 30 faizinə xidmət göstərirdi və içməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.

Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 11-də isə su şəbəkəsinin inşası yekunlaşıb. Bu ilin sonuna qədər daha 3 şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

15:21

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Astara rayonuna səfərə gedib.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.

14:38

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asflat qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. 

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.

Məlumat verildi ki, yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib.

Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “7 nömrəli Yol İstismarı” MMC tərəfindən yüksək keyfiyyətlə aparılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Bildirilib ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir.

Dövlətimizin başçısının Sərəncamı ilə bu yolun tikintisinə 3,4 milyon manat vəsait ayrılıb. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Dağlıq ərazidə yerləşən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının, habelə turizmin inkişafında mühüm rol oynayacaq. Yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verən yolun tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “49 nömrəli Yol İstismarı” MMC tərəfindən həyata keçirilib.

Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlanıb.

Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq.

Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonda xatirə şəkli çəkdirilib.

14:29

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsiblər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verib.

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb.

“Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyrici-boyaq” fabrikinin, Horadiz, Şəmkir, Quba və Xaçmazda regional yun və boyaq tədarükü məntəqələrinin inşası davam etdirilir.

Artıq prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.

Dövlətimizin başçısı Lənkəranda xalça emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə sərəncam da imzalayıb.

2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Bildirilib ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. 

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək.

Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olunub ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət ediblər.

Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

12:07

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Oxu.Az xəbər verir ki, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. 

Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə hotel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verdi ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cu ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.

Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir.

Hotel binasının interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunub. Hotelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçəcək və onların əksəriyyətini yerli kadrlar təşkil edəcək. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluq göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunacaqlar. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı və xanımı hoteldəki nömrələrdə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.

Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev istisu vannaları ilə tanış olub.

Hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən yeddi quyu və beş bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq quruplaşdırılıb.

Termal su yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular üstünlük təşkil edərək karbon və azot qazlı sular qrupuna daxildir. Bundan əlavə, termal suyun tərkibində sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular və mineral sular qrupuna aid edilir.

Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına səbəb olacaq.

Burada 46 avtomobil yerlik qapalı, 80 avtomobil yerlik açıq avtodayanacaq da yaradılıb. Ölkə vətəndaşlarının və xarici qonaqların xidmətinə verilən bu müasir kompleks respublikamızın turizm infrastrukturuna, xüsusilə də müalicəvi turizmin inkişafına mühüm töhfə verəcək.

Beləliklə, Lənkəran İstisu və Sağlamlıq Mərkəzi ölkəmizin turizm və müalicəvi turizm sektorunda özünəməxsus yer tutacaq. 

Bütün bunlar bir daha sübut edir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən kompleks işlər nəticəsində ölkənin iqtisadi qüdrəti yüksəlib, işgüzar fəallıq artıb, bölgələrdə sahibkarlıq fəaliyyəti daha da genişlənib.

Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizin turizm potensialının inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətlərində çoxsaylı tədbirlər davam etdirilir və daha da genişləndirilir.

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

11:24

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gediblər.

Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri