26 
Fev
2019
12:12
236
34
1008
Virtual karabakh

Rafael Hüseynov: Bakıda soyqırımı muzeyinin yaradılması vacibdir

Koçaryanın, Sarqsyanın və digərlərinin ədalət məhkəməsi qarşısına çıxarılacağı gün uzaqda deyil.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, akademik Rafael Hüseynov deyib.

O qeyd edib ki, yaddaş təkcə bayramların millətin hafizəsində saxlanması deyil, yaddaş həm də millətin, insanın taleyindən keçən çətin günlərin, ağrı-acıların, faciələrin unudulmaması deməkdir:

“Odur ki, Xocalı faciəsi təkcə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına gətirilən müsibətlərlə bitmir. 1990-cı il yanvarın 20-də Bakıda törədilən faciə də Xocalı soyqırımını törədənlərin, Azərbaycana güc göstərmək istəyənlərin sifarişi ilə hazırlanmış ssenari idi. Xalqımızın azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün 20 Yanvar faciəsi törətdilər. Lakin 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdi”.

Millət vəkili Xocalı soyqırımı və bu qəddar aktın günahkarlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışaraq, bildirib ki, hələ Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra o zaman ölkəmizin AŞPA-dakı deputat qrupunun rəhbəri İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı barədə sənəd hazırlanıb, Avropanın bir çox nüfuzlu siyasətçilərinə imzalatdırılıb:

“Həmçinin, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, faciə haqqında daha çox insan məlumatlandırılır. Bu cür tədbirlər həm də ona görə vacibdir ki, gələcək nəsillər faciələrimizi unutmasın və belə hallar bir daha təkrarlanmasın”.

Akademik Xocalı faciəsi ilə bağlı sanballı əsərlərin, kinofilmlərin hazırlanmasını, Bakıda soyqırımı muzeyinin yaradılmasının vacibliyini vurğulayıb və əlavə edib ki, faciələrimizi olduğu kimi, bütün ağrı-acısı ilə dünya ictimaiyyətinə çatdırmaq bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

R.Hüseynov sonda bildirib ki, faciənin birbaşa təşkilatçısı və icraçısı olan Rorbert Koçaryanın, Serj Sarqsyanın və digərlərinin ədalət məhkəməsi qarşısına çıxarılacağı gün uzaqda deyil.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri